Azay Quliyev: “Bunu siyasiləşdirib Azərbaycana qarşı istifadə edirlər”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “Bunu siyasiləşdirib Azərbaycana qarşı istifadə edirlər”

“Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin subyektiv xarakterli bəyanatları Azərbaycan ictimaiyyətində təəssüf və narazılıq yaratdı. Əminliklə deyə bilərik ki, onlar bu bəyanatı verərkən məsələni araşdırmayıblar və qeyri-dəqiq, qərəzli mənbələrə söykəniblər”.

Publika.az xəbər verir ki, bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.


Onun sözlərinə görə, bu təşkilatlar özlərinin dəstəklədikləri hər hansı bir QHT-nin qərəzli, reallığı əks etdirməyən məlumatları əsasında hərəkət ediblər: “Təəssüflər olsun ki, onlar özlərinin ruporu kimi çıxış edən QHT-lərin qeyri-qanuni əməllərinə qarşı hüquqi tədbirlər görülən zaman bu cür bəyanatlar verirlər. Digər tərəfdən, bu cür nüfuzlu təşkilatların nümayəndələri nəzərə almalıdırlar ki, hər hansı bir ölkənin hüquq mühafizə orqanları konkret ittihamlarla çıxış edir, qanunazidd hallara yol vermiş şəxsləri hüquqi məsuliyyətə cəlb edirlərsə, bu ittihamın bütün aspektləri araşdırılmadan, məhkəmənin müvafiq qərar olmadan onlar prosesə bu cür hüquqi və siyasi qiymət verməməlidirlər. Bu, ən azından, qeyri-peşəkar yanaşmadır. Onlar hüququn aliliyi prinsipindən danışırlar, amma çoxsaylı qanun pozuntularına yol vermiş, adı cinayət əməllərində keçən şəxsləri müdafiə edirlər. Əlbəttə, bu cür hallar yolverilməzdir. Çünki bu, ilk növbədə, qanunun aliliyi prinsipinin heçə sayılmasıdır. Beynəlxalq təşkilatlar qeyri-peşəkar mövqe sərgiləyərək bu cür qərəzli yanaşmalara yol verməməlidirlər. Şübhəsiz, bəzi dairələrin məqsədi hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana qarşı istifadə etməkdir”.

A.Quliyev qeyd edib ki, bu gün Qərb ölkələrində, Avropa məkanında qanun pozuntularına, insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur.

“Amma bəhs etdiyimiz qurumların nümayəndələri, eləcə də insan hüquqları, demokratiya kimi dəyərləri əsas götürdüklərini iddia edən hüquq-müdafiə təşkilatları bu faktlara dair hər hansı bir bəyanatla çıxış etmir, susqunluq nümayiş etdirirlər. Digər bir nümunəni nəzərinizə çatdırım: sözügedən təşkilatlar nədənsə Tiflis şəhər məhkəməsinin qiyabi olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində həbs hökmü çıxarması məsələsinə qətiyyən toxunmurlar. Nəticə etibarilə, ikili standartlara söykənən bu cür selektiv yanaşmalar Azərbaycan cəmiyyətində haqlı narazılıq yaratmaqla yanaşı, adı çəkilən təşkilatların imicinə ciddi şəkildə mənfi təsir göstərir”, - deyə şura sədri bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm