“Maliyyə müharibəsi” başlayır: Vəsaitlər bölünəcəkmi, yoxsa?
Bizi izləyin

Nida.az

“Maliyyə müharibəsi” başlayır: Vəsaitlər bölünəcəkmi, yoxsa?

QHT rəhbərlərinin həbsi ilə bağlı müxalifət iki hissəyə parçalanıb. Əvvəlcə Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə KXCP sədri Mirmahmud Mirəlioğlu dövriyyəyə girdi. Milli Şurada “KXCP böhranı” fonunda bu, diqqətçəkən idi.

İlkin versiyalara görə, Müsavat başqanı Milli Şura, dolayısı ilə AXCP-yə qarşı revanş götürmüşdü. Hədəf 2015-ci il parlament seçkiləri idi və müxalifət daxilində yeni birliyin ilk işartıları görünürdü. Klassiklər Müsavatın “kuruq”una daxil olur, beləliklə də AXCP Milli Şurada tək qalır. KXCP-nin qərargahında təşkil olunan tədbirə dəvət alan Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin gəlməməsi də ehtimalları artırırdı. Lakin sonrakı proseslərdə ortada təkcə siyasi maraqlar deyil, həm də maliyyə məsələlərinin olduğu da aydınlaşdı.


On dörd siyasi partiyanı bir yerə toplamağı bacaran İsa Qəmbər Müdafiə Komitəsinin yaradılması təklifini də reallaşdıra bildi. Mirmahmud Mirəlioğlu komitənin sədri, Hacıbaba Əzimovla Pənah Hüseyn isə işçi qrupunun üzvləri oldu. Beləliklə, İsa Qəmbərin Milli Şura revanşı uğurla başladı. Buna qədər Əli Kərimli susurdu. Bu susqunluğun arxasında nəyin dayandığı isə bəlli deyildi.


ADP sədri Sərdar Cəlaloğlunun Publika.az-a açıqlaması bir sıra ehtimalların ortaya çıxmasına səbəb oldu.
Əli Kərimli İntiqam Əliyev və digərlərinin həbsindən pul qazanmaq istəyir. Onun davranışı “keçi can hayında, qəssab piy axtarır” məsələsinə bənzəyir. Bəzi siyasi liderlər insanların başına gələn faciələrdən divident qazanmaq istəyirlər. Əli Kərimli hesab edir ki, Azərbaycanda kimsə həbs olunursa, müdafiəni yalnız o edə bilər. Məqsəd də budur ki, əgər onlara görə “sağ ol” deyiləcəksə, xaricdən yardımlar ayrılacaqsa, ona desinlər, yardımları da o alsın. Necə ki bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni, məqsəd müdafiə etmək yox, müdafiə adı altında divident qazanmaqdır. Ona görə də başqalarının müdafiəsinə belə qısqanclıqla yanaşırlar”- deyə Cəlaloğlu olduqca maraqlı iddia ilə çıxış etmişdi.


Bu çıxışdan sonra ona qarşı cəbhəçilərin hücumu başlandı. İlk baxışdan, ADP sədrinin sözlərini müxalifətdaxili ittiham hesab etmək olardı. Lakin Əli Kərimlinin ayrılıqda Müdafiə Komitəsi yaratması ortada maliyyə məsələsinin olduğu fikrini təsdiqlədi. Belə ki, Milli Şura Ziyalılar Birliyinin ofisində toplandı və Müdafiə Komitəsinin yaradıldığını elan etdi. Ən maraqlısı isə həbsdə olan Arif Yunusun Amerikada yaşayan qardaşı Ramiz Yunus tərəfindən edilən müraciətdir. O, müraciətində Milli Şuraya, xüsusilə Cəmil Həsənlidən yaxınlarının müdafiə edilməsi məsələsində onlara kömək etməyi xahiş edir. Bu müraciətə əsasən Cəmil Həsənli və Vidadi Mirkamal yaradılan komitənin sədrləri seçildi.

Buradan ortaya çıxan əsas ehtimallar isə aşağıdakılardır:


1. Yunuslar daha çox AXCP-yə yaxındır və buna görə də İsa Qəmbərin müdafiəsini istəmirlər.

2. Milli Şuraya müdafiə təklifinin birbaşa Amerikadan edilməsi diqqətçəkəndir. Hansı ki, həbslərlə bağlı ABŞ-ın mövqeyi sərtdir və güman ki, bu məsələdə hökumətə təzyiq üçün maliyyə axını işə düşəcək.

3. Qərbin yeni Azərbaycan ssenarisində Ramiz Yunus da var. Onun Amerikada müəyyən dairələrlə yaxınlığı məlum məsələdir və proseslər onun əli ilə başladılır.

4. Ayrılacaq maliyyə Yunusların istəyi ilə Milli Şuranın yaratdığı komitəyə veriləcək və burada tərəflərin hər birinin öz payı olacaq.

5. Sərdar Cəlaloğlunun dedikləri həqiqətdir. “Əli Kərimli həbslərdən pul qazanmaq istəyir”.

Nəticə olaraq, müxalifət düşərgəsində yeni qarşıdurmaların başlandığını demək olar. İki Müdafiə Komitəsinin eyni istiqamətdə çalışması ortadakı maraqların bölünməsi uğrunda yeni mübarizəyə səbəb olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm