“CXP sədri Azərbaycana səfər edəcək” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“CXP sədri Azərbaycana səfər edəcək” - MÜSAHİBƏ

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) sabiq sədr müavini, Xarici İşlər Nazirliyinin (XİN) icra aparatının keçmiş rəhbəri Onur Öymənin Publika.az-a müsahibəsi:

- Ötən gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri arasında görüş keçirilib. Bu, Ukrayna və Cənubi Qafqazda baş verən son hadisələr fonunda yeni hərbi ittifaqın yaradılmasının başlanğıcı sayıla bilərmi?

- Hazırda dünyada bir çox ölkələr ərazi bütövlüyünün pozulması problemi ilə üz-üzədir. Bunlar arasında Türkiyənin qonşusu olan Azərbaycan və Gürcüstan da var. Hesab edirəm ki, ötən gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu cür görüşlərin böyük faydası var. Ancaq beynəlxalq birliyi hərəkətə gətirmək üçün daha çox iş görmək lazımdır. Yəni, beynəlxalq birliyin diqqətini cəlb etmək üçün BMT Təhlükəsizlik Şurası, NATO, ATƏT və digər qurumlarda bu məsələlər gündəmə gətirilməlidir. Bu təşkilatların nümayəndələrini dəvət edərək onlara real vəziyyəti göstərmək lazımdır. Əgər bunları etməsək, o zaman öz aramızda bu cür görüşlərin keçirilməsi istədiyimiz nəticəni verməyəcək. Bundan əlavə, dünya birliyi ərazi bütövlüyünün pozulması faktlarına susur. Bu gün Azərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Beynəlxalq birlik buna göz yummamalıdır. Regionun işğala məruz qalan digər ölkəsi Gürcüstandır. Gürcüstan ərazilərinin bir hissəsi də Rusiyanın dəstəyi ilə öz müstəqilliyini elan edib. Bu gün eyni aqibəti Ukrayna yaşayır. Bu gün Suriya və Liviyada da dövlətlər öz tarixi torpaqlarını qoruya bilmirlər. Bu ölkələri müharibə alovu bürüyüb. Fikrimcə, işğala məruz qalan hər bir dövlət beynəlxalq birliyi ədalətin qorunmasına səsləməlidir.

Azərbaycan və Türkiyə olmaqla, hər kəs mütəmadi olaraq ərazi bütövlüyünün pozulması məsələsini gündəmə gətirməlidir. Bu baxımdan da bölgədə hərbi əməkdaşlığı gücləndirmək vacibdir. Azərbaycan, Türkiyə, Gürcüstan və digər dövlətlər hərbi əməkdaşlığı daha da genişləndirməlidir. Çünki Ermənistan öz istəyi ilə işğal etdiyi torpaqları azad etmək istəmir.

- Mətbuatda yayılan məlumatlara görə, sentyabrda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması nəzərdə tutulur. Baş nazir Rəcəb tayyib Ərdoğanın da Ermənistana səfər edəcəyi barədə məlumatlar yayılıb. Bu cür məlumatlara nə qədər inanmaq olar?

- Mən bunların reallaşacağına o qədər də inanmıram. Çünki baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya səfərləri zamanı bəyan etmişdi ki, Dağlıq Qarabağ məsələsi həll olunmadan Ermənistan-Türkiyə sərhədləri açılmayacaq. Ərdoğan verdiyi bəyanatın əksinə hər hansı bir addım atacağı inandırıcı deyil. Doğrudur, Qərb dövlətləri çalışacaq ki, Ərdoğan bunları etsin. Ancaq onun bunu edəcəyinə inanmıram. Əks halda, Ərdoğan hərəkətləri Türkiyədə böyük etirazlarla qarşılana bilər. Digər tərəfdən isə, bildiyim qədər, Türkiyə prezidenti kimi Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcək. Bunun özü də çox şeyi ifadə edir.

- Sizin təmsil olunduğunuz CXP sədrliyinə də yeni seçkilər keçiriləcək. Partiyanın yeni sədrinin Azərbaycana səfəri gözlənilirmi?

- Bu yaxınlarda CXP-nin növbəti qurultayı keçiriləcək. Qurultayda bir neçə namizəd partiya sədrliyi uğrunda mübarizə aparacaq. Düşünürəm ki, qurultaydan sonra seçiləcək yeni sədr Azərbaycana mütləq səfər edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm