Emin hardadır? – 40 il sonrakı əməliyyat, yaxud film kimi iddialar
Bizi izləyin

Nida.az

Emin hardadır? – 40 il sonrakı əməliyyat, yaxud film kimi iddialar

Bir neçə gündür yoxa çıxan Reportyorların Azadlıq Təşkilatının sədri Emin Hüseynovla bağlı ilginc iddia ortaya çıxıb.

Publika.az xəbər verir ki, iddialara görə, E.Hüseynov ABŞ-ın Azərbaycandakı səfirinin xidməti maşını ilə Gürcüstana aparılıb, oradan da Osloya yola salınıb.

“Yeni Müsavat” qəzetinin bununla bağlı hazırladığı materialda NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədovun 10 avqust tarixli statusuna istinad olunur. F.Məmmədov məlum statusunda CİA-nın tarixi “ARQO” əməliyyatına toxunaraq yazır: “Dəyərli dostlar. Yəqin ki, “ARQO” filminə baxmısınız. Həmin filmdə İran İslam İnqilabından sonra Amerika diplomatlarının İrandan necə çıxarılmaları əks olunub. Bu hadisələr reallıqda baş verib və daha sonra film kimi çəkilib. Bu demək olar ki, CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) ən uğurlu əməliyyatlarından biridir. Hətta film Oskar mükafatı alıb. 10 ildən sonra Azərbaycanla bağlı belə bir film çəkilsə, heç də təəccüblənməyin”.


İnstitut rəhbərinin burada nəyi nəzərdə tutduğunu dəqiq deyə bilmərik, lakin qəzet bu statusla E.Hüseynovun yoxa çıxması ilə paralellik aparıb.


Qeyd edək ki, məşhur “ARQO” filimdə İranda saxlanılan 6 amerikalı diplomatın xilasından bəhs edilir. İddialara görə, İran İnqilabından sonra həbs olunan diplomatları xilas etmək üçün CİA “ARQO”nun ssenarisini yazır. Ssenariyə görə, filmin çəkilişlərinin bir hissəsi İranda aparılmalı idi. Beləliklə, film çəkilişləri zamanı CİA agentləri diplomatları xilas edir.


Bu iddiaların nə qədər doğru olduğu şübhəlidir. Lakin müəyyən qədər əsas verə bilər. Hansı ki, Leyla Yunusun gecə ilə ölkəni tərk etməsi ssenarisi keçmiş tarix deyil. Bir neçə ay öncə baş vermiş bu hadisədə maraqlı detallar ortaya çıxdı. Belə ki, L.Yunus prokurorluqda şahid qismində dindiriləcəyini bilməsinə baxmayaraq, gecə ilə həyat yoldaşı Arif Yunusla birgə Fransa səfirliyinə gəlir. İki saat ərzində onlar üçün Fransada yaşamaq üçün 5 illik viza təmin olunur və hava limanına aparılır. Yolçuluq Parisə olsa da uçuş bileti Dohaya alınır. Film kimi qaçışın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır.

Bu kontekstdən çıxış etdikdə, Bakıda E.Hüseynovun qaçırılması üçün “ARQO” əməliyyatı inandırıcı görünür. Lakin eyni ssenarinin Leyla Yunusla bağlı alınmaması bəzi açıq suallar buraxır. Hər-halda L.Yunus Qərb üçün E.Hüseynovdan daha lazımlı adam idi.


E.Hüseynovun yoxa çıxmasında bəzi qaranlıq məqamlar var. Belə ki, onun səfirliyin köməyi ilə sərhədi keçməsi inandırıcı deyil. Hər-halda Amerika 40 il sonra “növbəti ARQO”nu həyata keçirmək istəməz. Çünki söhbət amerikalı diplomat, yaxud vətəndaşdan deyil, azərbaycanlı QHT rəhbərindən gedir. Halbuki Qərb adətən belə insanlardan müəyyən dövr üçün istifadə edir, istifadə müddəti başa çatdıqda sonra isə onlar daha lazım olmur.


Digər tərəfdən, burada diqqət çəkən xüsusi bir məqam var. E.Hüseynovun ailəsi, yaxınları, dostları onun harada olduğunu bilmədiklərini açıqlayırlar. Lakin buna rəğmən onun axtarışı ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat verməyiblər. Deməli, onlar E.Hüseynovun harada olduğundan xəbərdardırlar. Əks təqdirdə, indiyə qədər hökumət əleyhinə geniş kampaniyalara başlayardılar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm