Başqanlığa namizəd: “Müsavatın diktaturaya keçməsinə yol verməyəcəyik”
Bizi izləyin

Nida.az

Başqanlığa namizəd: “Müsavatın diktaturaya keçməsinə yol verməyəcəyik”

“Başqanlığa namizədlərdən kimin güclü olduğunu indidən demək tezdir. Hər şeyi qurultay göstərəcək”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat başqanının müşaviri, partiya başqanlığına iddialı Səxavət Əlisoy namizədlər arasında rəqabətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavatda ləyaqətçilik təməl prinsipdir: “Mübarizə də ləyaqətlə aparılmalıdır. Kim ləyaqətsiz mübarizə aparsa, bu, gec-tez bəlli olacaq. Amma inanmıram ki, hansısa müsavatçı ləyaqətsizliyə yol versin. Qurultayın vaxtı bəllidir. Mən öz namizədliyimi vermək fikrimdə qalıram. Digər namizədlər də var. Kimin güclü olduğunu qurultay göstərəcək”.

S. Əlisoy İsa Qəmbərin başqan qalması üçün partiya nizamnaməsində dəyişikliyinə getmək ehtimalını da dəyərləndirib. “Müsavat demokratiyadan diktaturaya keçməyəcək. İsa Qəmbərin özü dəfələrlə bəyan edib ki, başqanlıqdan gedəcək. Çünki nizamnamə buna yol vermir. Nizamnamənin müəllifi sonuncu qurultayda İsa bəyin özü olub. Ancaq qurultayda kimlərsə qalxıb İsa bəyin getməsinin əleyhinə çıxsa, bunu normal qarşılayarıq. Qalıb-qalmamaq təklifini çoxları verə bilər, arqumentlər gətirə bilərlər. Lakin son söz İsa Qəmbərindir. İsa bəy də son sözünü deyib. Müsavat demokratiyanın inkişafı üçün lazımlı addımlar atan partiyadır və hesab edirəm ki, partiya demokratiyadan diktaturaya keçməyəcək. Buna imkan vermərik. Partiya üzvləri də bu tezisi əsas götürərək nizamnamə dəyişikliyini dəstəkləməyəcəklər”, - deyə başqanlığa iddialı deyib.

Partiya daxilində qalmaqalın yarandığına dair yayılan xəbərlərə toxunan S.Əlisoy bunu uydurma adlandırıb. Bildirib ki, Arif Hacılı və Qubad İbadoğlu Azərbaycan siyasətində kifayət qədər tanınmış simalardır: “Onların belə bir şey etməsi qeyri-mümkündür. Bu cür xəbərlər yalnız kimlər tərəfindənsə məqsədli şəkildə uydurulur. Müsavat qeyri-ciddi insanların toplandığı partiya deyil. Hesab edirəm ki, bu xəbərlər partiyanı gözdən salmağa hesablanıb”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm