“Elçibəyə şəxsi nifrəti var idi”- Zərdüşt Əlizadəyə sərt sözlər
Bizi izləyin

Nida.az

“Elçibəyə şəxsi nifrəti var idi”- Zərdüşt Əlizadəyə sərt sözlər

“Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə münasibəti ictimai nifrət yox, şəxsi nifrətdən qaynaqlanır”.

Publika.az-a açıqlamasında bu sözləri eks-prezident Əbülfəz Elçibəyin keçmiş müşaviri, millət vəkili Fazil Mustafa politoloq Z.Əlizadənin Elçibəy barədə dediklərinə münasibət bildirərkən deyib.


F.Mustafa hesab edir ki, nəyisə tənqid etmək, qəbul etməmək olar, amma tarixi təhlil edəndə obyektiv yanaşmaq lazımdır: “Misal üçün, onun dediyi "sırınmaq" sözü ziyalı sözü deyil. Bunu ziyalı sözlə əvəz edə bilərdi. Bu baxımdan, tarixə daha ədalətli yanaşmalıyıq. Heydər Əliyev gələndən sonra AXC hakimiyyətdən getdi. Biz Heydər Əliyevə AXC-nin məğlubiyyəti fonunda qiymət versək, burada uduzmağın hirsi hər şeyin üstünə keçəcək və qərəzli olacaq. O cümlədən, Ayaz Mütəllibov prizmasından baxanda da bu cürdür. Ona görə də hadisələrin fövqündə dayanaraq qiymət vermək lazımdır”.

Qeyd edək ki, Z. Əlizadə 1937.az saytına müsahibəsində Əbülfəz Elçibəyin orta əsr feodallarına, bolşeviklərə xas istbdad rejimi qurduğunu deyib.

“Bir şəxsin bütünü yaratdılar. Xalq Cəbhəsinin nizamnaməsində yazılmışdı. “Sədrin yalnız təmsilçilik hüququ var, başqa heç bir səlahiyyəti yoxdur”. Əbülfəz Əliyev sədr kimi xalqa sırınandan sonra o başladı səlahiyyət uğrunda vuruşmağa. Özünün rəhbərlik etdiyi qurumun nizamnaməsini “zibil” adlandırdı və elə hey səlahiyyətlər tələb etməyə başladı. O, Kommunist Partiyasındakı istibdad mərkəzçiliyini Xalq Cəbhəsinə tətbiq etməyə başladı. Buna baxmayaraq, Azərbaycanda çox adam onu bütləşdirdi”, - deyə politoloq bildirib.

F.Mustafa isə hesab edir ki, liderin xarizmasına görə sözünün keçərli olması təsdiq olunmuş kriteriyadır. Onun sözlərinə görə, AXC haqqında danışarkən ifadələrdə diqqətli olmaq lazımdır: “Tarixçi insan o dövrü şərh edərkən ifadələrini də doğru seçməlidir. İfadəni yanlış seçəndə yanaşma qərəzli olur. Təbii ki, o dövrdə müəyyən məqamlarda dözümsüzlük olurdu. Bu da hər kəsin hər şeyə görə hakimiyyətin üzərinə gəlməsindən doğurdu. Digər tərəfdən, ona sitayiş edənlər də var idi, ağılla qəbul edənlər də. Bu da AXC-nin yekdil, monolit təşkilat olmamasından irəli gəlirdi. Orada insanlar vahid proqram əsasında birləşməmişdi. Xalq hərəkatı Qarabağ müharibəsi fonunda yaranmışdı və auditoriya müharibə ab-havasına köklənmişdi. Həmçinin, Azərbaycan cəmiyyətinin təşkilatlanması başqa ölkələrdəki kimi deyildi. Belə vəziyyətdə liderin xarizmatik gücə çevrilməsi, bəzən ona bağlılığın güclü olması qaçılmaz idi. Məsələyə bu kontekstdən yanaşılması daha doğru olardı. AXC-də müəyyən uğursuzluqların olması da həmin dövrün ab-havasından irəli gəlirdi”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm