Azərbaycanda vəhhabiliyi kim yayır? - “Darul-Bir” təkzib edir, amma...
Bizi izləyin

Nida.az

Azərbaycanda vəhhabiliyi kim yayır? - “Darul-Bir” təkzib edir, amma...

Vəhhabilərlə bağlantısı olduğu deyilən “Darul-Bir” Xeyriyyə Cəmiyyəti iddiaları təkzib edib.

Publika.az-a cəmiyyətdən daxil olan bəyanatda deyilir ki, bu cür informasiyalar həqiqətə uyğun deyil.

“Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərən təşkilatımız ölkəmizin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bizim fəaliyyətimiz daim şəffaf olmuşdur və bu müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanımızın ən ağır günlərində – 1994-cü ildə dövlət qeydiyyatına alınan təşkilatımız erməni təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak edib. Təşkilatımız bu vaxta qədər heç bir dini-milli-siyasi fəaliyyətlə məşğul olmayıbdır. Humanitar təşkilat olduğumuz üçün vergidən azad olan “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı bir üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq”, - bəyanatda deyilir.

Bəyanatda sonra xatırlanır ki, “Darul-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əmək və sosial məsələlər nazirliyinin 23/79 saylı sərəncamı ilə təsis edilib: “Darul-Bir” adı ilə qeydiyyatdan keçən cəmiyyət xeyriyyəçilik fəaliyyəti həyata keçirir. BƏƏ-nin vitse-prezidenti, eyni zamanda, baş nazir və Dubay şəhərinin meri olan Şeyx Muhəmməd ibn Raşid Al Məktum tərəfindən təsdiq edilmiş idarə heyəti sözügedən cəmiyyətə rəhbərlik edir. “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan nümayəndəliyi 1994-cü ildə Bakıda açılıb. Əsas fəaliyyəti ata qayğısından məhrum olmuş uşaqlarla bağlıdır. Valideyn himayəsinə son dərəcə ehtiyacı olan, lakin bundan sonrakı həyatlarını atasız yaşamağa məhkum olmuş körpələrə bu acını mümkün qədər unutdurmaq, maddi dəstək olmaqla onların məişət problemlərini qismən də olsa həll etmək cəmiyyətin ali məqsədidir. Cəmiyyət yetim uşaqların himayəyə götürülməsi layihəsi çərçivəsində sayı getdikcə artmaqda olan bu uşaqları müəyyən məbləğdə aylıq maddi yardımla təmin edir. 2007-ci ildən etibarən “Darul-Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbaycan Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir. Sözügedən layihədən hazırda Azərbaycanın müxtəlif bölgələrinə mənsub, əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla onlarla aztəminatlı azərbaycanlı ailəsi yararlanıb”.

Lakin şərqşünas politoloq Zərdüşt Əlizadə hesab edir ki, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Misir kimi ərəb ölkələri Azərbaycanda dini müstəvidə iş aparır: “Bunlar hamısı sünni məzhəbinə aid olan qüvvələrdir. İran da bəllidir ki, şiələrlə işləyir. Onlarında da insanları, institutları, qurumları var”.
Onun sözlərinə görə, adətən, dini müstəvidə işləyən institutlar, təşkilatlar sosial vəziyyəti yaxşı olmayan insanlara yardımlar edir, xeyriyyə aksiyaları həyata keçirdirlər. Beləliklə də, onların ələ alınması prosesi baş tutur.

Rusiyanın nüfuzlu “Nezavismaya Qazeta” nəşri bir müddət öncə bu problemlə bağlı belə yazmışdı: “Azərbaycanda vəhhabiliyə sponsorluqda xüsusi fəallığı Səudiyyə Ərəbistanından olan qruplar göstərir. Bu məsələdə seçilən vasitə də diqqətçəkəndir. Belə ki, bu istiqamətdə iş əsasən qaçqınlar və əhalinin kasıb təbəqəsi arasında xeyriyyəçilik adı altında aparılır. Onlar yerli gənclərə öz ölkələrinə pulsuz təhsil almağı təklif edirlər. Orda təhsil alan gənclər vətənə qayıtdıqdan sonra Azərbaycan üçün qeyri-ənənəvi olan baxışları yaymağa başlayır. Təsir şəbəkələrinin qeyri-məhdud maliyyə dəstəyi Azərbaycanda radikal islam axınının geniş yayılmasına imkan yaradır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm