“Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi deyildi” – Sensasion açıqlama
Bizi izləyin

Nida.az

“Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi deyildi” – Sensasion açıqlama

“Kimsə düşünməsin ki, Azərbaycan Gömrük İttifaqına qoşularsa, o zaman Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcək. Bu inandırıcı deyil və Rusiyanın şərtlərini heç bir halda qəbul etmək olmaz”.

Publika.az-a açıqlamasında bu sözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu regionda baş verən son prosesləri dəyərləndirərkən deyib.

“Çünki müstəqil Azərbaycan dövlətinin sərhədlərini hər hansı bir ittifaqın ixtiyarına vermək, faktiki olaraq ölkənin suverenliyinin itirilməsi anlamına gəlir. Rusiya Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycanı zorla Gömrük İttifaqına qoşmaq istəyir. Avropa Birliyi ilə Rusiyanın layihəsi olan Gömrük İttifaqını eyniləşdirmək olmaz. Çünki Avropa Birliyində kollegiyalıq mövcuddur və bu təşkilata üzv olan dövlətlərin hər birinin mövqeyi bərabər səviyyədə nəzərə alınır”, - politoloq bildirib.

Avqustun 10-da Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə də toxunan Ə.Oruclu hesab edir ki, sözügedən görüşün əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi olmayıb: “Həmin ərəfədə cəbhə xəttində Azərbaycan ordusunun bir neçə hərbçisinin həlak olması Rusiyanın Azərbaycana sərt mesajı idi. Ermənistan o qədər güclü dövlətdir ki, təkbaşına Azərbaycana qarşı hərbi əməliyyatlar keçirməyə cəhd etsin? Halbuki, ermənilərin özləri də qətiyyən müharibə istəmir. Cəbhədə baş verənlər ona görə lazım idi ki, Soçi görüşü baş tutsun. Soçi görüşünün təşkilində isə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi deyildi. Burada əsas məqsəd Azərbaycanın Gömrük İttifaqına qoşulmasına nail olmaqdır. Rusiya bunun üçün növbəti dəfə Ermənistandan təzyiq aləti kimi Azərbaycana qarşı istifadə etdi”.

Ə.Oruclu qeyd edir ki, Ermənistandan Azərbaycana qarşı istifadə olunması yeni taktika deyil: “Nəhayət, anlamaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil. Bu, Azərbaycan-Rusiya münasibətlərinin predimentidir. Rusiya isə heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana güzəştə getməyəcək. Rusiya bu məsələdə güzəştə gedərsə, istifadə etdiyi “Ermənistan” adlı təzyiq alətini itirəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm