Rəhim Qazıyev deputatı debata çağırdı
Bizi izləyin

Nida.az

Rəhim Qazıyev deputatı debata çağırdı

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Milli Məclisin deputatı Tahir Rzayevin onun barəsində söylədiyi fikirlərə cavab verib.

Publika.az-a açıqlamasında sabiq nazir qeyd edib ki, T.Rzayevin fikirlərində səhvə yol verib:

“Onun bəhs etdiyi hadisə 1989-cu il noyabrın 19-da olub. Həmin tarixdə Ağcabədi rayonunda qarşıdurma baş verib. Belə ki, həmin vaxtı Ağcabədinin Afşar camaatı o vaxt rayonun birinci katibi olan Aydın Alıyevin qaynının törətdiyi qanunsuzluqlara görə ayağa qalxmışdı. Həmin vaxt rayon camaatı Aydın Alıyevi qovub rayondan çıxartmışdı. Həmin vaxt Xalq Cəbhəsi Partiyasına zəng olundu ki, Ağcabədidə qarşıdurma yaranıb. Ağcabədidə nümayəndəliyimiz olmadığı üçün Bakıdan rayonlara, o cümlədən də Ağcabədiyə tez-tez nümayəndələr göndərilirdi. Leyla Yunus ilə Zərdüşt Əlizadə də rayona Xalq Cəbhəsinin nümayəndəsi kimi getmişdilər. Onlar Bakıya gələndən təxminən 10 gün sonra - 1989-cu il noyabrın 19-dan 20-ə keçən gecə maşınla Ağcabədiyə yola düşdüm. Mənimlə bir yerdə Əfqanıstanda döyüşlərdə iştirak etmiş Əyyam adlı şəxs də getmişdi. Biz Ağcabədiyə çatanda qarşıdurma yaranmışdı, rayon blokada vəziyyətində idi və Aydın Alıyev isə qaçmışdı. Həmin vaxt rayonda vəzifədə olan çox az adam qalmışdı. Onlardan biri də çox mərd və ismətli xanım deputat idi. Həmin vaxtı Ağcabədi rayon partiya komitəsi qarşısında da çadır qurulmuşdu. Partiya komitəsinin binası qarşısında kim Aydın Alıyev haqqında müsbət söz deyirdisə, insanlar etirazlar edib səs-küy salırdı. Ancaq kim ki, Aydın Alıyevi söyürdü, o zaman hamı əl çalırdı. Rayonda bütün bu qarşıdurmanı isə o vaxtı Əhməd Qasımov təşkil etmişdi. Yəni, burada hakimiyyət uğrunda böyük mübarizə gedirdi. Mən də vəziyyəti yerində öyrəndim və camaatı sakitləşdirdim. Hətta təklif etdim ki, hələlik Aydın Əliyevin vəzifəsini haqqında danışdığım xanım deputat icra etsin. Həmin dövrdə Bakıdan Nizamin Abdullayevi rayon partiya komitəsinin konfransını keçirmək üçün Ağcabədiyə göndərmişdilər. Orada olan bəzi adamlar bu kişini qızışdırdı ki, konfrans açıq havada keçirilsin. Mən isə buna etirazımı bildirdim və dedim ki, 18-20 kilometr uzaqda olan ermənilər burada təxribat törədə bilərlər. Ona görə də camaatı razı saldım ki, konfrans zalından çıxışların səsi bayıra ötürülsün və əhali nümayəndəni bu cür seçsin. Bununla da həmin konfrans keçirildi. İndi isə prosesdən xəbərsiz olan adamlar ağıllarına gələni danışırlar”.

R.Qazıyev millət vəkilini debata çağırıb: “Mən o vaxtı Tahir Rzayevi tanımırdım. Əgər Tahir Rzayev dediklərinin arxasında dayanırsa, onu debata çağırıram”.

Xatırladaq ki, T.Rzayev publika.az-a açıqlamasında R.Qazıyevin qoşunları ilə əhali arasında 1989-cu ildə toqquşma olduğunu bildirib: “Mən Leyla Yunusu 1989-cu ildən tanıyıram. Həmin vaxt Ağcabədidə katib işləyirdim. 1989-cu ilin sonları idi. Leyla Yunus və Zərdüşt Əlizadə Ağcabədiyə gələrək ermənilərlə mübarizə aparmaqdan danışmaq əvəzinə, insanları hakimiyyətlə mübarizəyə səsləyən bəyanatlar verirdilər. Bunun nəticəsində isə bir neçə gündən sonra Ağcabədi sakinləri ayağa qalxdı və Rəhim Qazıyevin qoşunları ilə əhali arasında toqquşma oldu. Bunun nəticəsində isə nə qədər insan öldürüldü. Əslində, həmin dövr çox həssas dövr idi və Leyla Yunus da gəlib insanlara sülhdən, ermənilərə qarşı birgə mübarizədən danışmalı idi. O, isə bunların heç birini etmədi. Əksinə, yerli əhalinin o dövrdəki hakimiyyətin üzərinə qaldırdı və rayonda hərc-mərclik baş qaldırdı. Yalnız bir neçə il sonra ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi bu hərc-mərcliyin qarşısı ağıllı yollarla alındı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm