“Torpaqların işğalında Rəhim Qazıyevin əli olub” – İddia
Bizi izləyin

Nida.az

“Torpaqların işğalında Rəhim Qazıyevin əli olub” – İddia

Milli Məclisin Ağcabədidən seçilmiş deputatı Tahir Rzayev sabiq müdafiə naziri Rəhim Qazıyevin onun haqqında söylədiyi təhqiramiz fikirlərə cavab verib.

Deputat T.Rzayev Publika.az-a açıqlamasında deyib:

“1989-cu ilin oktyabr-noyabr aylarında Rəhim Qazıyev Ağcabədiyə gəldi və rayonda silahlı çevriliş oldu. Çevrilişi də bilavasitə Rəhim Qazıyev təşkil etmişdi. Çünki həmin vaxtı Rəhim Qazıyev Xalq Hərəkatının fəalı kimi bir neçə cinayətkar və kriminal şəxsləri, qoçuları da ətrafına toplayıb rayona gətirmişdi. Məqsəd isə Ağcabədidə qarşıdurma yaratmaq idi. Ümumiyyətlə, o vaxt rayonda qarşıdurma yaradan adamlara rəhbərliyi Rəhim Qazıyev edirdi. Hətta Rəhim Qazıyev orada təlimatlar verirdi ki, filan sözləri danışsınlar və sairə. Onların istədiklərini danışmayan insanları döydürürdü. Rəhim Qazıyev aylarla rayonda bu cür təxribatlarda yaxından iştirak edib və bunu hamı yaxşı bilir.

Rəhim Qazıyev indi mənim üzərimə gəlib deyir ki, guya mənim o vaxt heç bir vəzifəm olmayıb. Bəli, Rəhim Qazıyev rayona öz qoçuları ilə gəlib böyük təxribatlar yaradırdı, insanları döydürürdü. Onun Bakıdan, Ağdamdan, Bərdədən və digər rayonlardan topladığı və özlərini qoçu kimi aparan adamları var idi. Rəhim Qazıyev də bu adamlarla rayonlara gəlib orada hakimiyyətsizlik yaradırdı.

Torpaqlarımızın da işğal olunmasında Rəhim Qazıyevin bilavasitə əli olub. Çünki bu adamlar Ağdam, Ağcabədi, Bərdə və digər qonşu rayonlarda təxribatlar yaradırdılar, insanların başlarını qatırdılar. O vaxtı müharibə gedə-gedə bu adamlar hərbi texnika və silahları gətirib Ağcabədidə stadionda gizlətmişdilər və orduya vermirdilər. Onda orduya silah lazım idi, ancaq bunlar həmin silahları rayonda saxlamışdılar. Cəbhəçilər bir-birinə qarşı vuruşurdu. Bunlar isə deyirdi ki, rayonda qarşıdurma var və sairə.Rayon partiya komitəsinin iclasında bir gün boyunca silahlı atışma oldu, nə qədər adam yaralandı. Rayon binasındakı o güllə izləri bu günə kimi qalırdı. Bütün bunların hamısını Rəhim Qazıyev təşkil edirdi. Hətta bu qarşıdurma nəticəsində bir neçə nəfər adam öldürüldü və onların cinayətlərinin üstü açılmadı. O vaxt hərc-mərclik idi, ona görə də onların üstü açılmadı.

Rəhim Qazıyev özü kimi avantürist və təxribatçı adamları, qoçuları, heç bir hörməti olmayan adamları başına yığıb Xalq Cəbhəsinin fəalı kimi rayonlara gəlib təxribatlar törədirdi. Bütün bunların hamısı faktdır, hər kəs də bilir.

O, deyir ki, guya mən Milli Məclisə deputat təyin olunmuşam və sairə. Mən ona demək istəyirəm ki, təyin olunanla olunmayan adamın əqidəsi hər kəsə yaxşı məlumdur. Axı sən kimsən, ay Rəhim Qazıyev? Sənin bu ölkədə xalqın başına nə oyunlar gətirməyin hamıya məlumdur. Elə Leyla Yunus da sənin tayındır, sənin yolunu gedir. O vaxt da Leyla Yunus ilə Rəhim Qazıyev ən yaxın dostlar idi. İşləri-gücləri də təxribat yaratmaq idi. Leyla Yunus bunun eyiblərini örtməklə məşğul olub. İndi də Rəhim Qazıyev Leyla Yunusun eyiblərini örtməklə məşğuldur”.

T.Rzayev Rəhim Qazıyevin onu debata çağırmasına da toxunub:

“O, məni debata çağırır. Ancaq mən onunla debata getmək fikrində deyiləm. Çünki o adam həyasız və ləyaqəti gözləməyən adamdır. Azərbaycan xalqı onun kim olduğunu gözəl bilir. Onunla üz-üzə oturub danışmaq mənim səviyyəmə uyğun olmaz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm