Elçibəyin ölümündə sirr pərdəsi – ŞOK DETALLAR
Bizi izləyin

Nida.az

Elçibəyin ölümündə sirr pərdəsi – ŞOK DETALLAR

Mərhum sabiq prezident Əbülfəz Elçibəy ölümündən sonra arxasında bir sıra sirlər də qoyub getdi. Bu sirlərin ən maraqlısı isə, onun ölümündə zəhərlənmə faktının olub-olmamasıdır.

Bununla bağlı müxtəlif yanaşmalar olsa da, Elçibəyin ölümündə sui-qəsd nəzəriyyəsinin müəyyən izləri də görünməkdədir. Çünki mərhum xəstələndiyi vaxt yaxın ətrafına “deyəsən, məni zəhərləyiblər” sözlərini də deyib və onun xəstəliyinin sürətlə artması sui-qəsdin ola biləcəyi ehtimalını yaradır.

Ümumiyyətlə, sui-qəsd nəzəriyyəsi kontekstində bir sıra liderlərin ölümünə və ya buna məruz qalmasına nəzər salsaq, belə bir faktın olması ehtimalı daha da güclənir. Elə Elçibəylə yaxın münasibətlərdə olduğu deyilən Türkiyənin 8-ci prezidenti Turqut Özal da eyni taleyi yaşayıb. Ona qarşı əvvəlcə 1988-ci ildə sui-qəsd cəhdi edilsə də, T.Özal bu cəhddən yayına bilib. Lakin onun ölümü bir sıra müəmmalara yol açdı. Belə ki, rəsmi məlumatlara görə, Özalın ölümü ürək çatışmazlığından olsa da, yaxınları onun ölərkən ağzından köpük gəldiyini deyirlər. Tibbə görə, ürəktutmasından yaranan ölüm zamanı belə bir köpüklənmə halı yaşanmamalıdır. Deməli, T.Özal da zəhərlənib.

Özalın sui-qəsd nəticəsində dünyasını dəyişdiyini Türkiyənin ədliyyə naziri Sadullah Ergin də deyir. Onun sözlərinə görə, Kənan Evrənin istefasından sonra Turqut Özalın dövlət başçısı seçilməsi bir sıra qaranlıq qüvvələri rahatsız edirmiş. Türkiyənin polis əks-kəşfiyyatı idarəsinin keçmiş rəisi Bülənt Orakoğlu isə, hətta Özala qarşı sui-qəsd edənin yüksək rütbəli dövlət məmuru olduğunu və adını belə bildiyini dilə gətirmişdi. Özalın oğlu Əhməd Özal da atasının öldürüldüyü qənaətindədir.

Qeyd edək ki, T.Özalın müəmmalı ölümü əvvəlcə şayiələr şəklində gəzdiyi halda sonradan rəsmi dairələr də bununla bağlı araşdırmalar aparmağı qərara alıb. Bu isə mərhumun qəbrinin açılmasına qədər gətirib çıxarıb.

Bundan başqa, bir sıra Latın Amerikası liderlərinə qarşı da sui-qəsd nəzəriyyəsindən kifayət qədər istifadə olunub və bu gün də olunur. O cümlədən, Yasir Ərafat, Bülənd Ecevit, Eduard Səid kimi tanınmış şəxslər də bu cür tale ilə üz-üzə gəliblər. Bu baxımdan Ə.Elçibəyin də zəhərlənməsi ehtimalı güclənir.

Sui-qəsd nəzəriyyəsinin araşdırmaçılarından hesab olunan yazar Həmid Herisçi Publika.az-a Elçibəyin ölümündəki sirli məqamları şərh edib.

Onun sözlərinə görə, Elçibəyin zəhərlənməsi bir növ T.Özalın zəhərlənmə işinə qarışıb: “Özalın da zəhərlənərək öldürüldyü olayları artıq qaldırılıb. Türkiyədə bu hadisələr Özalın qəbrinin açılması ilə müşahidə olundu. Hesab edirəm ki, Elçibəyin də qəbri açıla, cəsəd yenidən tibbi ekspertizadan keçirilə bilər”.

Yazar Elçibəyin də zəhərləndiyinə inanır. O hesab edir ki, böyük siyasi xadimləri - adının qarşısında böyük sözü olanları zəhərləyiblər: “Hətta bir məqam da var. Azərbaycanın bütün siyasi rəhbərləri qoluna iynə vurularaq siyasətdən evakuasiya olunub. Misal üçün, Vəzirovun qoluna iynə vurulub, o da halsızlaşdı, ardınca Moskvaya apardılar. Məncə, Mütəllibovun da başına bu hadisələr gəlib”.

Onun sözlərinə görə, belə iynədən sonra əvvəlcə heç bir zəhərlənmə olmur və bu iynə bir müddət sakitləşdirici missiyasını davam etdirir, lakin sonradan öz təsirini başqa istiqamətdə göstərməyə başlayır.

“Elçibəyi o adamlar aradan götürə bilərdi ki, onun özü həmin adamlarla əməkdaşlıqda olub”

H.Herisçi maraqlı bir fakt da açıqlayıb: “Elçibəyin hansı yolla zəhərləndiyini dəqiq demək olmasa da, o dövrdə - mərhumun xəstə olduğu ilə bağlı söhbətlər yayılanda mənə məşhur bir xarici qonaq dedi ki, Elçibəy zəhərlənib və tezliklə öləcək. Lakin həmin adamın kimliyi ilə bağlı məlumat verə bilmərəm”.

H.Herisçi sabiq prezidentlə bağlı digər bir maraqlı məlumat da deyib. O qeyd edib ki, bu yaxınlarda ona sızan informasiyaya görə, 1990-cı il 20 Yanvar faciəsindən sonra Elçibəy əvvəlcə Bakıda çox məşhur SSRİ xalq deputatının hoteldəki nömrəsində qalıb: “Bu adam Oljas Süleymanovdur ki, 20 Yanvar hadisələrini öyrənmək üçün Bakıya gəlmişdi. Əbülfəz Elçibəy də onun hoteldəki otağında qalıb. Sonra isə Lahıca gedib. Bu da maraqlı faktlardır və nə üçünsə indi açılır”.

Lakin burada maraqlı sual da ortaya çıxır: Ə.Elçibəy doğrudan da zəhərlənərək dünyasını dəyişibsə, bu, kimə lazım idi?

H.Herisçinin sözlərinə görə, Elçibəyi o adamlar aradan götürə bilərdi ki, özü həmin adamlarla əməkdaşlıq edib: “O, bir antisovet dissident kimi antisovet qüvvələrlə əlaqədə olub. Bu da Qərb dünyası və Türkiyədir. Onun Marqaret Tetçerə böyük məhəbbəti var idi. Nümayişlərdə də deyirdi ki, ən böyük siyasi fəallıq bir şotlandiyalılardadır, bir də azərbaycanlılarda. Elçibəy bir növ BP-nin Azərbaycana gəlişinin reklamını həyata keçirirdi. Bildiyimiz kimi, BP-nin də Şotlandiya ilə bağlılığı var. Yəni o, Qərb dünyası ilə bağlı adam idi. Onu da qeyd edim ki, Elçibəy kimi adamlar təmənnasız adamlardır. Əməkdaşlıq edirlər, lakin bunun əsasında maddiyyat deyil, ideologiya dayanır. Mən Elçibəyin fikirlərinin tərəfdarı deyiləm. O, mənim rəhmətlik atam Qafar kişinin tələbəsi də sayıla bilər. Mən onu uşaqlıqdan görmüşəm və o vaxtdan da ona münasibətim tənqidi olub. Lakin bununla bərabər, deməliyəm ki, Elçibəy maddi xeyrini güdən insan deyil. O, maddipərəst deyildi. Görünür, nələrsə olub və köhnə sifarişçiləri onu aradan götürüblər”.

H.Herisçiyə görə, onu heç vaxt Rusiya və İran aradan götürməzdi: “Bu, yalançı xətlərdir. Onu özünə fikrən yaxın adamlar aradan götürüb. Çünki o mətbəxi bilirdi. Bu da, məncə, Qərb dünyasıdır”.

Sui-qəsd törədilən bir sıra liderləri xatırladan H.Herisçi bildirib ki, Panama diktatoru Tixilyo, İraq prezidenti Səddam Hüseyn ABŞ-ın ən yaxın adamları olub: “Slobadon Miloşeviç də Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyirdi. Bu insanları ABŞ-ın özü öldürüb. ABŞ həmişə nəzarətdən çıxmış əməkdaşlarını qətlə yetirir. Uqo Çavesin məşhur bir çıxışı var. O deyir ki, Latın Amerikasında olan siyasi xadimlərin xərçəng xəstəliyinə mübtəla olmağı MKİ-nin bir nəqşəsidir. Onun özünün də xərçəngə tutulduğunu deyirlər”.

“Qurbanı həmişə yaxın ətrafı, qohumları, yaxın silahdaşları zəhərləyə bilər”

Yazar 2007-ci ildə İranda Ayətullah Meşkinin ölməyini də zəhərlənmə ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, Meşkinini zəhərləməklə İranda iki qüvvəni üz-üzə qoydular: “Meşkini İranın molla məclisinin böyüyü idi. O, vilayəti fəqihini - İranın ali dini liderini təyin edirdi. Onu aradan götürməklə də daxildə qarşıdurma yaratdılar. Yəni, ABŞ həmişə mizanlar, tərəzilər qurar. Əks qütbləri döyüşdürər, bununla da ölkədəki vəziyyətə nəzarət edər. Əsl siyasətçi iki zidd qüvvəni biri-birinə qarşı çıxarır və onları idarə edir. Elçibəyin özü də Qərbə bağlı adam idi. Məncə o, bir sıra ciddi məsələləri bilirdi. Eyni zamanda, Qərbin Azərbaycandakı siyasətində olan qara nöqtələr haqqında da məlumatlı idi və görünür, nəzarətdən çıxmışdı”.

H.Herisçi bildirib ki, bu fikirləri konspiroloji (sui-qəsd nəzəriyyəsi-red) nəzəriyyə əsasında bildirir. Onun sözlərinə görə, bunun özü də bir elm sahəsidir və bu nəzəriyyənin estetikası çərçivəsində danışır.
Yazar onu da qeyd edib ki, sui-qəsd nəzəriyyəsi əsasında istifadə edilən iynələr, dərmanlar müxtəlif cür olur: “Mənim məlumatıma görə, Elçibəydə xərçəng xəstəliyini sürətləndirən bir əməliyyat keçirilib. İnsanı həmişə düşmənləri deyil, ən yaxın adamları zəhərləyir. Yenə deyirəm, düşmən heç vaxt insanı zəhərləyə bilməz, qurbanı həmişə yaxın ətrafı, qohumları, yaxın silahdaşları zəhərləyə bilər”.

Onun sözlərinə görə, öldürən, amma heç bir iz qoymayan silahlar yalnız Qərbdə - ABŞ və İngiltərədə var: “Xərçəng xəstəliyini şüalanma vasitəsilə müalicə edirlər. Bunu 2006-cı ildə İngiltərədə ABŞ məşhur Rusiya agenti Litvinenkoya qarşı da həyata keçirdi. Şüalanma izi varsa, bu, birbaşa Londona gedir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm