Azərbaycanlıların Suriyaya getməsinə səbəb olan sirli məktub – Şok
Bizi izləyin

Nida.az

Azərbaycanlıların Suriyaya getməsinə səbəb olan sirli məktub – Şok

Suriyada döyüşən “Əl-Ənsar“ qruplaşmasının üzvü Akbar Şam orada döyüşən azərbaycanlılarla bağlı təşkilata yaxın saytlarda maraqlı bir məqalə dərc etdirib.

Publika.az xəbər verir ki, A.Şam Suriya cihadına qoşulan Zeyd (Zayda) adlı bir şəxsin məktubundan danışır.

Yazıdan məlum olur ki, bir çox gəncin Suriya cihadına qoşulmasına səbəb məhz bu məktubdur. Məktub audio formasında yayılıb. Burada Çeçenistandan olan Zeydin Suriyaya gəlişi öz əksini tapır.

A.Şam yazır: “Yer kürəsinin hər yerindən, müxtəlif xalqlardan, müxtəlif irqlərdən olan insanlar Şamda cihada gəlir. Bu mücahidlərdən bəzilərinin həyatı diqqət çəkir və bir növ öyüd-nəsihət yükü daşıyır. Mən Azərbaycan torpaqlarından olan gənc bir qardaşdan Zeydin tarixçəsini öyrəndim. Biz çay süfrəsinə oturduq və söhbətə başladıq. Mənim gənc azəri qardaşımın necə cihada qoşulması ilə maraqlanıram. Demək olar ki, hər yerdə cihada qarşı bürokratik əngəllər mövcuddur. O, əvvəlcə cihad haqqında fikirlərinin qarışıq olduğunu inkar etmir. Lakin Məhəmməd Arqu, Səid Buryat və digərlərinin mühazirələrini dinlədikdən sonra haqq yoluna çıxır və cihada könül verir.

Mənim gənc həmsöhbətim əlavə edir ki, Şam torpaqlarına cihad etmək üçün hicrətimə (ərəbcə köçmək- red) birbaşa səbəb Zeydin məktubu oldu. Bu məktubu dinlədikdən sonra az qala kiminsə məni itələdiyini hiss etdim. Sanki içimdən kimsə “get cihad elə, nə qədər oturmaq və gözləmək olar” deyirdi. Bu çox sirli məktub idi, çox təsirli idi.

Zeydin hansı məktubundan danışdığını soruşuram.

– Bu, audio yazıdır. Gənclər arasında məşhurdur. Zeyd çeçen dilində bu məktubu qardaşlara ünvanlayıb. O, təkcə qardaşlara göndərmişdi, amma necə oldusa, internetə də sızdı. Hansı ki, biz onu gizli saxlamağa çalışırıq və yalnız qardaşlar arasında yayırıq.

Gənc qardaşım telefonundakı audio məktubu tərcümə etdi, onu dinlədim və çox təsirləndim”.

Daha sonra cihadçı Zeydin hekayəsindən bəhs edir. Məktubun qısa məzmunu belədir: Zeyd Çeçenistanda təqib olunur və gizli yolla sərhədi keçmək istəsə də, bu baş tutmur. Daha sonra o, adını çəkmədiyi Rusiyanın başqa bir şəhərinə yola düşür. Çox çətinlikdən keçən Zeyd şəhərə çatanda qalmağa yeri olmur və soyuq onu dondurur. Məcbur olub ticarət mərkəzlərinin birinə girir. Amma “axşam bura bağlanacaq, o zaman nə edəcəm” deyə düşünür, daim Allahdan ona kömək etməsini xahiş edir. Axşam ticarət mərkəzindən çıxmağa məcbur olan Zeyd qalın qarla örtülmüş küçədə bir nəfərlə rastlaşır. O, həmin adamın “qardaş” olduğunu anlayır. Həmin adam ona kömək edir və getmək istədiyi yerə yola salır.

Daha sonra üç qardaşla qarşılaşır. (Amma heç bir ad çəkilmir-red). Onlar onu doğma insan kimi qulluq edirlər. Beləliklə, onu sərhəddən keçirib Suriyaya yola salırlar. Təyyarə ilə Suriyaya gələn Zeydi orada qarşılayırlar və bir müddət dincəldikdən sonra cihadçıların sırasına qoşulur.

“İndi mənim ən böyük arzum sizin də buraya gəlməyinizdir. Cihaddan başqa yol yoxdur. Allah sizə səbir verəcək”, - deyən Zeyd digər müsəlmanları da heç nədən çəkinmədən Suriyaya, cihada dəvət edir.

Akbar Şam isə bildirir ki, onun gənc dostu azəri qardaşın Zeydlə qarşılaşması maraqlı olub.

“Suriyaya gəlib, əvvəlcə Lazkiyəyə düşdüm. Orada Qafqazdan olan çoxlu mücahid var idi. Bir dəfə oturub müxtəlif mövzularda söhbət edirdik. Mən onlara Zeydin məktubundan danışdım. Onlar mənə qulaq asır və gülümsəyirdilər. Qəribə idi. Sonra mənə bir mücahidi göstərirlər və “sənin Zeydin budur, səninlə qarşı-qarşıya oturub” deyirlər. Hansı ki, mən və Azərbaycandan olan bir çox qardaş Zeydin məktubunu dinlədikdən sonra cihada qoşulmuşduq”, - Azərbaycandan olan mücahid bildirir

Qeyd edək ki, adıçəkilən Zeyd bir neçə ay öncə döyüşlərdə öldürülüb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm