• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan AŞPA-ya etiraz etdi: “Bu, Ermənistanın maraqlarına xidmət edir”

  • Nida.az
  • 25 Avqust 2014 12:15
  • 465 Baxış
Azərbaycan AŞPA-ya etiraz etdi: “Bu, Ermənistanın maraqlarına xidmət edir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın iyun sessiyasında baş verən ikili standartlarla bağlı bu qurumun prezidenti Ann Brössora və büro üzvlərinə, Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda və AŞPA-nın Baş Katibi Voytsex Savitskiyə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə E.Süleymanov 14 üzv dövləti təmsil edən 58 parlamentarinin imzaladığı və Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinə Sədarət Komitəsi katibliyinin son dəqiqə prosedura etiraz bildirməsinə sərt reaksiya verib.

E.Süleymanov müraciətdə qeyd edib ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, qaydalara tam müvafiq idi. V.Savitskinin sanksiyalar tələb etməyən qətnamə layihəsini müvafiq şəkildə yenidən yazmağı təklif etdiyini bildirən E.Süleymanov bildirib ki, o tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq olub.

E.Süleymanov müraciətdə onu da qeyd edib ki, onun qətnamə layihəsindən bir neçə saat sonra irəli sürülmüş “Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir: “Çünki burada Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır. Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan Dağlıq Qarabağ ətrafındakı yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər”.

AŞPA-dakı həmkarlarına müraciət edən E.Süleymanov bildirib ki, Azərbaycanın işğal olunan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirmiş, 1 milyon mülki əhalini qaçqın və məcburi köçkünə çevirmiş Ermənistana qarşı beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın sanksiyalar tətbiq etməməsi, əksinə, onu öz çətiri altına alaraq sanksiyalardan sığortalaması işğalçı dövlət olan Ermənistanı Azərbaycana qarşı yeni cinayətlər törətməyə həvəsləndirir.

E.Süleymanov müraciətdə ümidvar olduğunu bildirib ki, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqlar.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR