Asəf Quliyev: “Buna səbəb siyasi əxlaqsızlıqdır”
Bizi izləyin

Nida.az

Asəf Quliyev: “Buna səbəb siyasi əxlaqsızlıqdır”

“Xalq arzusu” hərəkatının təsisçisi, AXCP sədrinin sabiq müavini Asəf Quliyevin Publika.az-a müsahibəsində hərəkatın fəaliyyəti, müxalifətin birlik problemi və digər məsələlərlə bağlı sualları cavablandırıb.


Hərəkatın fəaliyyəti nə yerdədir?

– Ayın 16-da hərəkatın Gəncə şəhər şöbəsi təsis olunub. Digər rayonlarda da şöbələrin yaradılmasına hazırlaşırıq. Havaların isti olması ilə bağlı işlər ləng gedir. Qurultaya hazırlıq məsələləri müzakirə olunur. Çalışacağıq ki, yaxın müddətdə qurultayı keçirək.


Qarşıdan gələn seçkilərdə hansısa müxalifət birliyində təmsil olunmağı düşünürsünüzmü?

– İyirmi ildir ki, müxalifətdə birlik məsələlərini, partiyalararası münasibətləri görürük. Nəticəsi də ortadadır. Buna görə də hər hansı partiya ilə əməkdaşlığa getmək, yaxud hansısa birlikdə təmsil olunmaq fikrimiz yoxdur. Biz çalışacağıq ki, müstəqil addım ataq. Qarşımızda duran məqsədimiz cəmiyyətdə milli ideologiyanın gücləndirilməsidir. Müxalifətdə heç bir təşkilat bunu aparmır. Bunun cəmiyyətdə qəbul olunması, xüsusilə gənclər arasında təbliği üzərində işləyəcəyik. Əsas prinsipimiz o deyil ki, seçkidə iştirak edək. Seçki bizim üçün önəmli deyil. Önəmli olan cəmiyyətdə milli ideologiyaya söykənən təşkilatı formalaşdırılmaq, həm əməli, həm də sözü ilə cəmiyyətdə inam yaratmaq, insanları öz ətrafına birləşdirməkdir.


Müxalifətin birlik problemindən danışdınız. Sizcə, birliyin olmamasında əsas səbəb nədir?

– Bunun bir neçə dərin səbəbi var. Bunlar geniş müzakirə mövzusudur. Qısa olaraq onu deyə bilərəm ki, 1990-cı illərdə AXCP və Müsavat arasında baş verən ziddiyyətlər bu gün də davam edir. Bu ziddiyyətlərə digər partiyalar da qoşulur və bütün proseslər birləşmək yox, partiya maraqları üzərində aparılır. Buna görə də heç bir birlik alınmır. Digər tərəfdən, Azərbaycanda partiya sistemi ilə birliyə nail olmaq mümkün deyil. Bizə yeni təşkilat forması lazımdır. Burada kiminsə sədrliyi, diktatorluğu yox, ümumi, kollegial idarəetmə olmalıdır. Yalnız bununla hansısa nəticələrə çatmaq olar.


Belə çıxır ki, müxalifətdəki birlik probleminin günahkarları AXCP və Müsavatdır?

– Konkret belə deməzdim. Onları buna görə birbaşa ittiham etmək olmaz. Amma ortada bir reallıq da var. Bu gün müxalifətdə iki aparıcı partiya - AXCP və Müsavat var. Baş verən proseslərin hamısının onlarla bağlılığı görünür. Tutaq ki, heç bir partiyaya daxil olmayan, yaxud Müsavat və digərinin üzvünə cəmiyyət cəbhəçi kimi baxır. Ona görə də AXCP ilə Müsavatın birliyin alınmamasında günahkar kimi görünməsi təbii haldır. Bunun dərin kökləri var. Məsələ onda deyil ki, AXCP və Müsavatın adını çəkiriksə, onlara qarşıyıq. Lakin bu gün iki partiya üzərində öhdəlik var. Doğrudan da, güclüdürlərsə, üzərlərinə böyük yük düşür. Onların vəzifəsi cəmiyyətdə birləşdirici rol oyanıb, müxalifəti öz ətrafında bilrəşdirməkdir. Amma bunu onlar edə bilmədi. Düşünmürəm ki, bundan sonra hansısa birliyi yarada bilsinlər. Çünki 2013-cü il seçkiləri son hədd idi. Seçkidən sonra da kəskin qarşıdurma oldu. Bundan sonra iki partiyanın bir araya gəlməsi cəmiyyətdə mənfi reaksiya yaradacaq. Qəribə bir situasiya yaranıb. Azərbaycanda nə qədər hadisə baş verir, lakin müxalifət görünmür, müxalifət ortada yoxdur. Bəyanatlarla, sosial şəbəkələrlə, mətbuatla fikir bildirilir, amma aktiv siyasət yoxdur. Müxalifət kəskin şəkildə sözünü deyə bilmir.

Xüsusi bir nüans da var. Misal üçün, siyasətdə maraqlar birləşməyə imkan vermir. Amma mənəvi məsələlər var ki, müxalifət orada da bir araya gəlmək istəmir. Avqustun 22-də eks-prezident, mərhum Əbülfəz Elçibəyin anım günündə bu bir daha özünü göstərdi...

– Bizdə ən pisi odur ki, siyasi əxlaq yoxdur. Müxalifət bir-birinə qarşı əxlaqa sığmayan ittihamlar irəli sürür. Kaset şantajları edilir və müxtəlif hadisələr baş verir. Müxalifət partiyasının digər siyasi partiya üzvlərinə qarşı bu cür ittihamları siyasi əxlaqın olmamasından irəli gəlir. Bu da istər-istəməz kütləvi tədbirlərə də öz təsirini göstərir. Hamısı deyir ki, Elçibəyin tərəfdarıyıq, onun davamçısıyıq. Amma onu birgə ziyarət etmirlər. Amma Elçibəyi sevdiklərini deyirlər. Bu da bir siyasi əxlaqsızlıqdır. Hər şeydə ayrı olmaq olar. Amma bəzi məsələlər var ki, xüsusilə milli, dövlətçilik məsələlərində şəxsi məsələləri bir kənara qoymaq lazımdır. Təəssüf ki, bizdə bu yoxdur.

Siz kaset şantajlarının olduğunu vurğuladınız. Bu günlərdə Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan siyasətinə ilk kaset şantajını indiki müxalifət liderlərindən biri gətirib. O, ad çəkmədi, amma Sərdar Cəlaloğlu bizə açıqlamasında bu şantajın İbrahim İbrahimliyə qarşı olduğunu açıqladı. Siz AXC dönəmində aktiv fəaliyyətdə olmuşunuz. Bu barədə nə deyə bilərsiniz?

– Bu haqda dəqiq informasiyam yoxdur. Mən də ağızdan-ağıza eşitmişəm. Ona görə də siyasi əxlaqdan danışarkən buna münasibət bildirməyin özümün siyasi əxlaqsızlığı olar. Buna ancaq İbrahim bəy aydınlıq gətirə bilər, çünki onun adı hallanır. İbrahim bəy də nəyinsə xatirinə heç nəyi gizlətməməlidir. Əgər doğrudanda belə şey olubsa, o, açıqlamalı, bunu edənlər də üzr istəməlidir. Misal üçün, ABŞ-ın dövlət rəhbərlərini dinlədiyi xəbərləri yayıldı, yaxud Almaniyanın ABŞ dövlət katibinin danışıqlarına qulaq asdığı ortaya çıxdı. Onlar bir araya gəlib dil tapdılar və hər şeyi yoluna qoydular. Bu məsələ də açıq şəkildə ortaya qoyulmalıdır. O dövrdə baş verən səhv üçün üzr istənilməlidir. Bəzi məsələlərin gizli qalması cəmiyyətdə mənfi fikirlər yaradır.


Maraqlıdır ki, müxalifət nümayəndələri bir-birini adətən keçmiş məsələlərdə ittiham edirlər. Bu haradan qaynaqlanır?

– Elə bir insan yoxdur ki, keçmişdə onun səhvi olmasın. Amma biz nəzərə almalıyıq ki, keçmişdəki səhvinə görə kimisə ittiham ediriksə, bu bizim də nüfuzuma xələl gətirir. Siyasətdə şantaj yolunu tutmaq, bir-birini təhqir etmək yolverilməzdir. Hesab edirəm ki, siyasi liderlər bir araya gəlib reallıqla barışmalı, keçmişi buraxıb gələcəyi düşünməlidirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm