“Bu, qeyri-peşəkar yanaşmadır” – Başqanlıq uğrunda mübarizə başlayır
Bizi izləyin

Nida.az

“Bu, qeyri-peşəkar yanaşmadır” – Başqanlıq uğrunda mübarizə başlayır

Müsavat Partiyasının başqanlığına namizədlərin təbliğat kampaniyasına sabahdan rəsmi start veriləcək.

Kampaniya qurultayın keçiriləcəyi 27 avqust tarixinə 10 gün qalmış - 17 sentyabrda başa çatacaq.

Publika.az başqanlığa namizədlərdən seçki kampaniyası ilə bağlı fikirlərini öyrənib.


Başqanlığa ən şanslı iddiaçılardan hesab olunan Qubad İbadoğlu bildirib ki, proqramından danışmaq hələ tezdir. Onun sözlərinə görə, namizədliyini verib-verməyəcəyi də hələ dəqiqləşməyib: “Bu barədə məsləhətləşmələr aparılır. İstəyirik ki, bərabər seçki şəraiti yaradılsın, seçki mübarizəsi ədalətli olsun. Bizim bu istiqamətdə təkliflərimiz var, bunun reallaşmasına çalışacağıq. Müsavatçılar bütün namizədləri və iddiaçıları yaxşı tanıyırlar”.

Müsavatçı gənclərin namizədi Tural Abbaslı da danışmağa tələsmir. O, hələ qeydiyyatın aparılmadığını, rəsmi olaraq kampaniyanın başlamadığını deyib. “Namizədlər qeydə alınandan, seçki kampaniyası başlayandan sonra sualları cavablandırmaq mümkündür”, - deyə o, vurğulayıb.

Amma T.Abbaslı Arif Hacılının “nəticələri təxmini bilirəm” açıqlamasına münasibət bildirib və bunun qeyri-peşəkar yanaşma olduğunu deyib. Onun sözlərinə görə, Müsavatda hansısa seçkinin nəticələrini əvvəlcədən heç kim deyə bilməz: “Qurultay nümayəndələri o qədər azad düşüncəli insanlardır ki, onların kimə səs verəcəyini heç kəs deyə bilməz. Ehtimallar yersiz olardı. Namizədin kim olmağından asılı olmayaraq hər bir iddialının şansı bərabərdir. Mən də özümə inanmasaydım, bu posta iddialı olmazdım. Mən Arif bəyi də, Qubad bəyi də özümə rəqib sayıram. Hər ikisinin üstün tərəfləri var, mən onlardan birini digərindən fərqləndirə və “bu rəqib daha təhlükəlidir” deyə bilməyəcəyəm. Demək olmur ki, müsavatçılar hansı kriteriyaları əsas tutub səs verəcəklər”.

Gənclərin namizədi qeyd edib ki, seçki kampaniyası zamanı bütün güclərini səfərbər edəcək: “Lazım olsa, qurultay nümayəndələrinin hər biri ilə görüşəcəyik. Sosial şəbəkələrdə, mətbuatda kampaniyamızı aparacağıq”.

Başqanlığa iddialı olduğu deyilən xanım müsavatçı Nüşabə Sadıqlı isə namizədliyini verməkdə tələsmir. O, bu qərarını gələn həftəyə açıqlayacaq: “Gələn həftə Müsavat Divanının toplantısına gedəndən sonra qərarımı dəqiqləşdirəcəm”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm