• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda “inqilab fitili” çəkildi: Əsas ssenaristlər kimlərdir?

  • Nida.az
  • 27 Avqust 2014 17:09
  • 1 716 Baxış
Azərbaycanda “inqilab fitili” çəkildi: Əsas ssenaristlər kimlərdir?

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qalmaqallı 2,4 milyonluq qrant müsabiqəsinin gerçəkləri aşkara çıxdı. Söhbət Azərbaycan mediasının inkişafı adı altında daxildə yerləşdirilən “minalar”ın fitilinin çəkilməsindən gedir. Bu ssenari olduqca tanışdır. Qərbin ikinci dərəcəli hesab etdiyi ölkələri ələ almaq metodları zaman-zaman postsovet ölkələrinə, o cümlədən Azərbaycana tətbiq edilib.

İyun ayının sonuncu günündə USAİD-in elan etdiyi qrant müsabiqəsinə sənəd qəbulu üçün 7 iş günü vaxt qoyulmuşdu. Bu müddət nəinki hansısa layihəni hazırlamağa, heç hər hansı layihə təşəbbüsünü düşünməyə kifayət etmirdi. Bir sıra QHT-lər buna etiraz etməyə başladı, lakin bəziləri bundan məmnun görünürdü. Ehtimallar ortaya çıxdı ki, bu müsabiqə haqqında onlara yaxın təşkilat və şəxslərə əvvəldən məlumat verilib. Qaliblər də öncədən bəllidir. Bu sadəcə ehtimal olsa da, bu gün vəkil Elçin Sadıqovun açıqlaması bu ehtimalları həqiqətə yaxınlaşdırdı. Vəkil bildirir ki, müsabiqəyə sənəd təqdim edən 3 iddiaçı var. Vəkilin məlumatına görə, bunlar Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX), “İnternyus” və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl ilə onun ətrafıdır.


İki əsas ssenarist, yaxud Qərb pulu kimə verməyi yaxşı bilir?


Prosesdə İREX və Xədicə İsmayıl faktoru xüsusi diqqət çəkir. Azərbaycanda daxili xaosa kifayət qədər maliyyə ayıran təşkilat və Qərb kəşfiyyatının “ruporu” rolunu oynayan jurnalist.


İREX: nəyi mübadilə edirlər?

Bu təşkilatın bütöv adı yuxarıda da göstərdik: Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasıdır. Amma Azərbaycandakı fəaliyyətində nəyi mübadilə etdiyi sual altındadır. Çünki bir müddət öncə mediada yayılan məlumatlara görə, İREX 2008-ci ildən 2013-ə qədər ümumi dəyəri 730 min manat olan 29 qrant müsabiqəsi keçirib və bütün müsabiqələrin qalibi müxalif media və müxalifət partiyalarının nümayəndələri olub.


Məlumatlara görə, 2013-cü il seçkilərindən əvvəl təşkilatın pulu hesabına “Turan” xəbər agentliyi seçkini monitorinq edən sayt yaratdı və seçki nəticələrini şübhə altına aldı. Seçkilər başa çatandan sonra sayt fəaliyyətini dayandırdı.


Bundan başqa, www.seckiportali.az adlı sayt yaradıldı. Bunun üçün 25 min dollar vəsait AXCP sədri Əli Kərimlinin kurasiyasına daxil olan “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyliyə verildi. İREX hazırda “yoxa çıxan” Emin Hüseynova 275 min dollardan artıq maliyyə yardımı edib.


Belə nümunələrin sayı kifayət qədərdir.

Xədicə İsmayıl-AXCP-Əli Kərimli: zəncirin tamamlanması üçün pul lazımdır


Bu xanım jurnalist hökumətin əleyhinə əsas kampaniyaçılardan biridir. Əslində azad jurnalist kimi mövqe sərgiləməsi normal qəbul oluna bilər, əgər sərgiləyərsə...

Müxalifət düşərgəsində belə qəbul edilən bir fakt var ki, xanım jurnalist AXCP sədri Əli Kərimliyə yaxın şəxsdir, yaxud ən azı simpatiyası var. Misal üçün, “Azadlıq” radiosunun canlı efirində eyni düşərgədən olan Müsavat başqanı İsa Qəmbərə qarşı təzyiq dolu suallar yağdırması buna nümunədir. İREX-in qrant vəsaitlərini daha çox cəbhəçilərə və Əli Kərimlinin yaxın ətrafına ayırması burada gizli bağlılığı üzə çıxardır.


İREX və X.İsmayılın işbirliyi faktlarla da sübut olunur. Belə ki, təşkilatın saytında (http://www.irex.org/news/exploring-challenges-social-media-ethics) yayılan bir məlumatda deyilir: “Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası olan İREX, USAID (Beynəlxalq İnkişaf Agentliyi) və Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycan, Rumıniya və Britaniyadan olan sosial media, jurnalistlər, ictimai media fəalları və alimlərinin iştiraki ilə “Sosial Media və Etika” mövzusunda konfrans təşkil edib. İREX təşkilatının media mütəxəssisi Ülviyyə Əsədzadə (X.İsmayılın ətrafında olanlardan biri-red) çıxışında bunları bildirib: “Azərbaycan hökuməti artıq internet media üzərində müəyyən nəzarəti tətbiq edib. Həbs edilən internet istifadəçilərinin sayı son illər artmaqdadır. Buna görə də istifadəçilər, xüsusilə məşhur və nüfuzlu ictimai, siyasi simalar da, adi istifadəçilər kimi eyni etik standartlara əməl etməlidir. Çünki uzun illər mövcud olmuş ənənəvi media artıq internet platformalarına köçür”.

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl KİV və söz azadlığı sahəsində qanunvericiliyi repressiv adlandırıb: “Bir tərəfdən hakimiyyət xoşagəlməz rəqiblərə qarşı qanundan istifadə edir, digər tərəfdən onları tənqid edən jurnalistlərin hüquqları pozulanda qanunun varlığını unudur”.


Bu işbirliyi hansı nəticələr verəcəkdi?


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Publika.az-a açıqlamasında maraqlı bir detal açıqlayıb.

Onun sözlərinə görə, USAİD-in 2,4 milyonluq qrant müsabiqəsində böyük bir plan var idi: “Bu pulun böyük qismi Xədicə İsmayıla ayrılacaqdı. O da “Azadlıq” radiosundan çıxaraq bu pula özlərinin təbirincə desək müstəqil media yaradacaq idi və hakimiyyətə qarşı təbliğat kampaniyasının genişləndirəcəkdi”.


Məlumatlara görə, USAİD-in 2,4 milyonluq vəsaitinə əsas iddiaçılardan ikisi İREX və X.İsmayıldır. Deməli, qarşıda Azərbaycan jurnalistikasında yeni medianın reklamlarını görsək təccüblənməməliyik. Çünki bu vəsait ya X.İsmayıla, ya da İREX-ə veriləcək. Bütün hallarda hədəf eynidir: Yeni media qurumu yaratmaq və iqtidara qarşı daha sərt şəkildə kampaniya aparmaq. İnformasiya və maliyyə təminatının mənbəyi Qərbdir.

Vəsait hazırdır, informasiyanı isə Qərb kəşfiyyatı ötürəcək, necə ki, bu günə qədər dəfələrlə ötürülüb.
Qarşıdan gələn 2015-ci ilin Azərbaycan üçün yetərincə qaynar il olacağı gözlənilir. Bir tərəfdən, parlament seçkiləri, digər tərəfdən I Avropa Yay Olimpiya Oyunları. Güman ki, “Avroviziya” zamanı yarımçıq qalmış işi 2015-ci ildə tamamlamağa çalışacaqlar. Buna nə qədər nail olacaqlarını demək çətindir, amma faktiki olaraq proseslər başlayıb, fitillər alışdırılıb.

Seçki məsələləri üzrə ekspert Vəli Əlibəylinin Publika.az-a “2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil” açıqlaması da diqqətdən yayınmamalıdır.

“Azərbaycanın yerləşdiyi coğrafiya və malik olduğun potensial burada daim xarici maraqların olması ilə müşahidə olunur. Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirir. Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz” - deyə ekspert bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR