“20 Yanvar" əlilləri bu imtiyazlardan kənarda qalırlar - Problem
Bizi izləyin

Nida.az

“20 Yanvar" əlilləri bu imtiyazlardan kənarda qalırlar - Problem

Millət vəkili Qənirə Paşayeva parlamentin yaz sessiyasının bügünkü iclasında 20 Yanvar əlillərini narahat edən problemləri və onların qanunverici orqandan xahiş və təkliflərini millət vəkillərinin diqqətinə çatdırıb.

"20 Yanvar cəmiyyəti üzvləri bizimlə görüşərək təxminən 300 nəfər 20 Yanvar əlillərinin bəzi təkliflərini Parlamentdə qaldırmağımızı və onların həllinə dəstək göstərilməsini xahiş edirlər. Onlar üzləşdikləri problemlərin həllini qaninvericilikdə edilməsi gərəkən bəzi əlavə və dəyişikliklərdə görürlər və sənədlərə baxdığımız zaman onların haqlı olduğunu görürük” deyə o bildirib.

Deputat çıxışında qeyd edib ki, 20 Yanvar hadisələrinə 1994-cü ildə hüquqi və siyasi qiymət verildi və hadisələr zamanı şəhid olanlar milli liderimiz Heydər Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilərək "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. Bu diqqət və qayğı prezidentimiz İlham Əliyev cənabları tərəfindən də davam etdirilmiş, 19.01.2006-cı il tarixdə hər bir şəxsin ailəsinə ayda 300 manat məbləğində "20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib:” Azərbaycan Respublikası Prezidentinin bütün fərman və sərəncamlarında 20 yanvar hadisələri zamanı şəhid olanlar Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olan şəxslər kimi qeyd olunsa da, hadisələr zamanı yaralanaraq əlil olanların statusu qeyri-müəyyən olaraq qalır. Belə ki, 20 yanvar hadisələri zamanı əlil olanlara müvafiq qurumlar tərəfindən verilən sənəddə - "20 yanvar hadisələri ilə əlaqədar", "Bədbəxt hadisə. 20 yanvar hadisələri ilə əlaqədar", "Əmək zədəsi. 20 yanvar hadisələri ilə əlaqədar" sözləri yazılır. Eyni məqsəd, eyni amal uğrunda, eyni avtobusda şəhid olan Məmmədova Larisa Fərman qızı azadlıq və müstəqillik uğrunda şəhid olmuş şəxs hesab olunur, lakin onun atası Məmmədov Fərman Hüseyn oğlu əmək zədəsi almış II dərəcəli əlil kimi qeydiyyata alınır. Və yaxud 20 yanvar hadisələri zamanı birlikdə olan 2 qardaşı misal gətirim. 20 Yanvar şəhidi Məmmədov Məmməd Yarməmməd oğlunun qardaşı Məmmədov Sabir Yarməmməd oğlu "bədbəxt hadisə zamanı əlil olmuş şəxs" hesab olunur. 20 Yanvar əlilləri bildirirlər ki, 20 yanvar əlillərinə qarşı məhz bu cür doğru olmayan yanaşmanın nəticəsi olaraq bu gün də dövlət tərəfindən Vətənimizin ərazi bütövlüyü suveren hüquqlarının qorunması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinə yönəlmiş müvafiq fərmanlar və sərəncamlar verildiyi zaman "20 Yanvar" əlilləri bu imtiyazlardan kənarda qalırlar. Onlar xahiş edirlər ki, qanunverici orqan bu məsələdə onlara dəstək göstərsin və sayı təxminən 300 nəfər olan 20 Yanvar əlilinin Vətənimizin ərazi bütövlüyü suveren hüquqlarının qorunması zamanı əlil olmuş şəxslərə tətbiq olunan imtiyazlardan yararlana bilmələri üçün onların statusu müəyyən olunsun və yuxarıda vurğuladığım status onlara da şamil olunsun. Bu məsələ onlar üçün sadəcə maddi deyil, həm də bir mənəvi məsələdir və mən onların xahişini burada səsləndirərək bu məsələnin də parlamentin yaz işləri qanunvericilik planlarına daxil edilməsini və müzakirəyə çıxarılmasını təklif edir və 20 Yanvar əlillərinin qaldırdığı təkliflərə dəstək göstərilməsinə çağırıram".

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm