Əflatun Amaşov: “Hər bir KİV dövlətçiliyin qorunmasında eyni mövqedən çıxış etməlidir”
Bizi izləyin

Nida.az

Əflatun Amaşov: “Hər bir KİV dövlətçiliyin qorunmasında eyni mövqedən çıxış etməlidir”

Mətbuat Şurası (MŞ) sentyabr ayında KİV rəhbərləri və ekspertlərin iştirakı ilə informasiya təhlükəsizliyi istiqamətində tədbirlər keçirdəcək.

Publika.az-ın açıqlamasında bu barədə MŞ sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin ötən gün keçirilən müşavirəsini haqqında danışarkən deyib.

Onun sözlərinə görə, müşavirədə ölkə mediasının necə olması, ölkə üçün əhəmiyyətli məsələlərin necə işıqlandırılmalı olduğu və ölkənin beynəlxalq imicinin formalaşdırılması üçün nə etməli olduğu məsələləri müzakirə olunub: “Bir sıra mühüm məsələlər qoyuldu. Mediada baş verən olaylar gündəmə gəldi. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirirəm. Əsas KİV rəhbərləri, medianı informasiya ilə təmin edən dövlət strukturlarının mətbuat xidmət rəhbərlərinin bir yerə toplanaraq ümumi məsələləri müzakirə etməsi təqdirəlayiqdir. Çünki hər bir ölkədə KİV milli və dövlət maraqları barədə xəbərlərdə ehtiyatlı olmalıdır. Müşavirədə də ölkənin ümummilli maraqları məsələsində vahid mövqedən çıxış etməyin vacibliyi vurğulandı. Azərbaycanın 20 faiz torpağı işğaldadır, bir milyon qaçqınımız var, müharibə şəraiti hələ başa çatmayıb. Belə bir ölkənin mediası üzərinə düşən missiyanın məsuliyyətini anlamalıdır. Siyasi yönümdən asılı olmayaraq hər bir KİV milli maraqların, dövlətçiliyin qorunmasında eyni mövqedən çıxış etməlidir. Müşavirənin əsas qayəsi də bundan ibarət idi”.

MŞ sədri bildirib ki, mediada müəyyən qüsurlar mövcudur. Onun sözlərinə görə, aprel ayından başlayaraq cəbhədə baş verən olaylara yanaşmada bu qüsurlar açıq şəkildə özünü göstərdi.

“Cəbhə hadisələrində media əsası olmayan, heç bir mənbəyə söykənməyən, bəzən yerli sakinlərə, bəzən də düşmən ölkənin mediasına istinadən xəbərlər yaydılar. Halbuki bunlar Azərbaycanın maraqlarına uyğun deyil. Bununla bağlı Mətbuat Şurası bir neçə bəyanat yaydı. Bundan sonrakı fəaliyyətimizi də müşavirədə qaldırılan məsələlərə, problemlərin həllinə həsr edəcəyik, səylərimizi daha da gücləndirəcəyik. Sentyabr ayında da bu istiqamətdə, xüsusilə onlayn jurnalistikasının fəaliyyəti istiqamətində tədbirlərimiz olacaq”, -deyə Ə.Amaşov vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm