• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Sizin düşməniniz nəfsinizdir”- Deputatla partiya sədri arasında mübahisə

  • Nida.az
  • 3 Fevral 2014 16:13
  • 479 Baxış
“Sizin düşməniniz nəfsinizdir”-  Deputatla partiya sədri arasında mübahisə


Müsavat Partiyası ilə millət vəkili Adil Əliyev arasında seçki mübahisəsi qızışıb. Belə ki, Adil Əliyev "Gündəlik Teleqraf”ın “Brifinq” layihəsində 2005-ci il parlament seçkilərində Müsavat başqanı İsa Qəmbərə qələbə çalmasından danışıb.

Deputat bildirib ki, Nərimanov rayon 16-cı polis bölməsində səlahiyyətlərindən istefa verərək deputatlığa namizəd olub. O, idman cameəsinin toplandığı ərazidə deputat seçiləcəyinə 60 faiz əmin odluğunu vurğulayıb: “Namizədliyimi verəndə bilirdim ki, bu, asan mübarizə olmayacaq. Mən polis rəisi ola-ola həmin ərazidəki insanların rəğbətini qazanmışdım. Bu gün deyirlər ki, kiminsə haqqını tapdalayıb. İsa Qəmbər sağ, mən sağ. 32 məntəqənin hər birində xarici müşahidəçilər var idi. Hələ bu gün Müsavat Partiyası parçalanıb, sönüb, insanları ətrafına toplaya bilmir. O vaxt bir az güclü vaxtları idi. Mən həmin ərazidə təxminən 60-a yaxın görüş, İsa Qəmbər isə cəmi 2 görüş keçirdi. O, özünün müxalifət lideri olmağına, prezident seçkilərində iştirak etməyinə arxayın oldu. Onun görüşlərinə başqa rayonlardan avtobusla gəlirdilər. O seçicilərin bizim ərazimizə heç bir aidiyyəti yox idi. Ancaq mən qapı-qapı insanlarla işləyirdim. Çox əziyyət çəkdik, ərazidə yaşayan, mənə etimad göstərən insanlar sağ olsunlar ki, əziyyətimi yerə vurmadılar. Onlar seçki gününə qədər keçirdiyimiz görüşdə iştirak etdilər və məni özlərinə millət vəkili seçdilər. İkinci dəfə həmin ərazidən öz namizədliyimi irəli sürdüm və yenidən deputat seçildim”.

Millət vəkilinə Müsavatdan reaksiya gəlib. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı müsavat.com-a bildirib ki, Adil Əliyevin İsa Qəmbərə qalib gəlməsi mümkün deyildi. O, polis müdaxiləsinə baxmayaraq, Müsavat başqanının 4 böyük mitinq təşkil etdiyini vurğulayıb: “Həmin ərazidə mitinqlərdə minlərlə adam iştirak edib. İsa Qəmbərin mitinqlərində iştirak etmiş adamların səsləri əslində, elə onun seçkilərdə qalib gəlməsinə kifayət edə bilərdi”.

A. Hacılının bu cavabına A.Əliyevin 2005-ci ildə seçki qərargahının rəhbəri olmuş Oqtay Sadıqov münasibət bildirib. O, Publika.Az –a açıqlamasında Nərimanov 20 saylı II seçki dairəsində seçkinin şəffaf keçirildiyini deyib. Bildirib ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Adil Əliyevin 2005-ci il Milli Məclis seçkilərində Nərimanov 20 saylı II seçki dairəsindən seçki kampaniyasını qeyri-obyektiv və arxadan atılan daş effekti verən bir tərzdə şərh etməyə çalışıb: “1995-2000-2005-2010-cu illərdə seçki mütəxəssisi kimi parlament seçkilərində iştirak etmiş, 2000-2002-ci illərdə Qərb Universitetində “Seçki nəzəriyyələri və texnologiyaları” fənnindən mühazirələr oxumuşam, siyasi elmlər magistriyəm. 2005-ci il Milli Məclis seçkilərində Adil Əliyevin səlahiyyətli nümayəndəsi və qərargah rəhbəri idim. Mənim üçün də 2005-ci il seçkiləri heç də asan olmayan siyasi mübarizə şəraitində baş verib. O dövr “Azadlıq” blokundan dairə üzrə namizədi, Müsavat başqanı İsa Qəmbər Arif Hacılının söylədiyi kimi 4 yox, yalnız 2 görüş keçirib. Bu görüşlər də seçicilərlə görüşdən daha çox, köçürülmə, elektoratın bir dairə ərazisindən digərinə müvəqqəti ötürülməsi yolu ilə baş verib. Böyük ehtimalla blok siyasətinin üstünlükləri ilə yanaşı, fəsadları da bu seçki kampaniyasında öz sözünü deyib”.

O.Sadıqov qeyd edib ki, seçicilər İsa Qəmbərin iki görüşündən başqa hər hansı görüşünün şahidi olmayıb: “Dairə ərazisində seçicilərə məhz hörmətli münasibət, onların əmək, sosial və konstitusion hüquqlarının təminatçısı olmaq missiyasını Adil Əliyev həqiqətən də icra edə bilib və bu gün də edir. İnsanın hansı peşə sahibi olmasının isə seçki nəticələrinə heç bir aidiyyəti ola bilməz və ümidliyəm ki, Müsavat rəhbərliyi də bu aksiomanı qəbul edir. Arif Hacılının Avropa Məhkəməsinin İsa Qəmbərin lehinə qərar qəbul etməsi ilə bağlı söylədiklərinə gəlincə, bütün nüfuzlu beynəlxalq təşkilatlar bu seçkilərin beynəlxalq hüquqi və siyasi nəticələrini tanıyıblar. Nərimanov 20 saylı II seçki dairəsi üzrə də Avropa və ümumiyyətlə, Qərb qurumlarının ikibaşlı oyunlarının isə çox şahidi olmuşuq, elə Müsavat da...

Bircə bu faktı da xatırlatmaq, yerinə düşər ki, 2005-ci il 6 noyabr seçki günü dairə ərazisində ekzit-pol keçirən ABŞ-ın “Mitofski İnterneşnl” və Estoniyanın “Saar-pols” təşkilatları da qələbəni müvafiq olaraq 39 faiz və 41 faiz göstəricilərilə Adil Əliyevə verib. Bu göstəricilərlə Mərkəzi Seçki Komissiyasının göstəricisi (47.4 faiz) arasında cəmi 5-6 faizlik xətta olub ki, bu da seçki sonrası rəy soruşma texnologiyaları baxımından normal xəta fərqi hesab olunur. Sonda Müsavat Partiyasına Milli Şura kimi siyasi avantüralara bir daha baş qoşmamaq və siyasi müttəfiq seçimində daha diqqətli olmağı arzu edirik”.

Publika.Az xəbər verir ki, A. Əliyevin özü “Facebook” səhifəsində belə cavab verib.“Sən və yaxınların bizi özünüzə düşmən kimi qəbul edə bilərsiniz, amma biz sizin düşməniniz deyilik, sizin düşməniniz nəfsiniz və acgözlüyünüzdür. Bizim isə bir düşmənimiz var, o da ermənidir”-deyə millət vəkili bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR