Prezidentlərin məxfi danışıqları? – Alman politoloqdan Qarabağ üçün üç variant
Bizi izləyin

Nida.az

Prezidentlərin məxfi danışıqları? – Alman politoloqdan Qarabağ üçün üç variant

“Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyini tanıması erməni lobbisinin təsirindən qaynaqlanır. Unutmaq lazım deyil ki, Amerika ermənilərinin 40 faizindən çoxu bu ştatda və Los-Ancelesdə yaşayır”.

Publika.az xəbər verir ki, bu sözləri almaniyalı politoloq Xayko Lanqner rus mediasına açıqlamasında deyib.

Lakin o, Obama administrasiyasının separatçı rejimin müstəqilliyini tanımasını mümkünsüz hesab edir: “Hətta ermənilər nə qədər arzu etsə belə, onların müttəfiqi Rusiya buna getməyəcək. Çünki Azərbaycan və Ermənistan Rusiya üçün önəmlidir və bu səbəbdən də balansı heç birinin xeyrinə dəyişdirməyəcək”.

Almaniyalı politoloqun sözlərinə görə, Moskva və Vaşinqton separatçı “DQR”ə yardımların edilməsinə göz yumurlar. ABŞ-ın Minsk qrupu ölkəsi kimi “DQR”-ə yardım edən yeganə ölkə olaraq Azərbaycana qarşı 907-ci düzəlişi hələ də qüvvədə saxlamasına münasibət bildirən Xayko Lanqner bildirib ki, düzəlişin qəbulu zamanı erməni diasporunun təsiri ilə sərt şərtlər qoyulub: “Bu düzəliş dövlətlərə qarşı sanksiya aləti kimi istifadə olunur. Lakin bu, düzəlişin indiyə qədər niyə ləğv edilmədiyi sualına cavab deyil. Bunu hələ 1993-cü ildə ləğv etmək lazım idi. Həmin vaxt ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edərək oradakı Azərbaycan əhalisini qovmağa başlamışdı”.

Bununla belə, alman politoloq 907-ci düzəlişin Azərbaycanın iqtisadi inkişafı və ordusunun müasirləşdirilməsini saxlaya bilmədiyini qeyd edib: “Düzəlişin praktiki nəticələri heç vaxt əhəmiyyətli olmayıb. Lakin belə bir düzəlişin olması faktiki olaraq ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışan Minsk qrupunda yararsızlığını göstərir. Çünki Amerika uzun illər münaqişə tərəflərinin birinə - Azərbaycana qarşı sanksiya tətbiq edib”.

Xayko Lanqner ABŞ-ın Cənubi Qafqaz siyasətinin ikiüzlü olduğunu dilə gətirib: “Misal üçün, Ermənistana dövlət yardımı edən Vaşinqton de-fakto fəaliyyət göstərən “DQR”in separatçı rejiminə də birbaşa yardım ayırır. Yəni, münaqişədə erməni tərəfinə birtərəfli dəstək var. Bununla, ABŞ siyasi mesaj göndərir: “Biz sizi rəsmən tanımayacağıq, lakin kömək edəcəyik”. Kreml indiyə kimi belə bir addım atmayıb. Yəni, faktii olaraq ABŞ qərəzsiz vasitəçi deyil”.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Moskva kartına” inanmaq daha yaxşı olar: “Kreml münaqişə tərəflərinin ikisinə də simmetrik yanaşır. Bu perspektiv həll üçün daha geniş imkan yarada bilər”.

Xayko Lanqner Dağlıq Qarabağda Suriya ermənilərinin, eləcə də yezidi kürdlərin yerləşdirilməsini “düşmənimin düşməni mənim dostumdur” prinsipi baxımından şərh edib. Onun sözlərinə görə, indiyə qədər Suriya ermənilərindən 35 ailə - təxminən 130 nəfər erməni Qarabağa yerləşdirilib: “Bu strategiya yeni deyil. İraqın yezidi kürdlərinin yerləşdirilməsi də təsadüfi deyil. Münaqişə başlayana qədər burada yezidi və müsəlman kürdləri yaşayırdı. İndi kənardan yezidi kürdlərinin gətirilməsi qondarma “DQR”in “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşması deməkdir. Həm də humanitar yardım göstərərək beynəlxalq ictimaiyyətin dəstəyini qazanacağını düşünürlər”.

Alman politoloq Qarabağ münaqişəsinin həlli üçün üç variantın olduğunu hesab edir. “Birinci ünvan ATƏT-in Minsk qrupudur. İkinci variant BMT ola bilər. Üçüncü variant isə Azərbaycan və Ermənistan prezidentlərinin məxfi danışıqları ola bilər. Onlar belə bir görüşlə münaqişəni yoluna qoya bilərlər, çünki onların bir-birinə qarşılıqlı hörməti mövcuddur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm