Azərbaycan və Qazaxıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bizi izləyin

Nida.az

Azərbaycan və Qazaxıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Qazaxıstan arasında növbəti XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Publika.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan tərəfini isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.

Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən nazir müavini X.Xələfov, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. X.Xələfov həmçinin ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında Qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını yüksək qiymətləndirdiyimizi bildirən X.Xələfov problemin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə isə Azərbaycanın bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.

Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən S.Ordubayev, paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. Qazaxıstanlı nazir müavini, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunmuş, münasibətlərin strateji xarakterini qeyd edib. Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.

Görüş zamanı regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm