Almaniyada Xocalı abidəsinin qoyulması baş tutmaya bilər - Müsahibə
Bizi izləyin

Nida.az

Almaniyada Xocalı abidəsinin qoyulması baş tutmaya bilər - Müsahibə

Maliyyə problemləri üzündən bağlanmaq təhlükəsi ilə üzləşən, Almaniyada ən böyük diaspor təşkilatlarımızdan olan Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyevin Publika.az-a müsahibəsi


Maliyyə problemi ilə qarşılaşdığınız xəbərləri yayıldı. Hazırda vəziyyət necədir?

– Azərbaycan Mədəniyyət Evi maddi böhran içindədir. Mən əvvəlcə birillik fəaliyyətimizlə bağlı hesabat verməyi özümə borc bilirəm. Artıq bir ildir ki, bizim təşkilatımız fəaliyyət göstərir. Millətini, vətənini hər şeydən uca tutan insanlarımızın dəstəyi, fədakar insanlarımızın yaxından köməkliyi ilə bu bir ildə 30-a yaxın konfrans, seminar, dəyirmi masa, konsert tədbirləri, Azərbaycan mədəniyyətini təbliğ edən gecələr və müxtəlif tədbirlər həyata keçirilib. Bunlara misal olaraq, 20 Yanvarla bağlı tədbiri, Xocalı soyqırımı ilə əlaqədar Kölnün mərkəzində 500 nəfərin iştirakı ilə keçirilən yürüş mitinqi, 21 martda 1100 nəfərin iştirakı ilə təşkil edilən milli bayramımız Novruz bayramını, 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı gününə həsr olunmuş dəyirmi masanı, Kölnün mərkəzində yerləşən Pantaleon kilsəsində xeyli sayda almanın iştirakı ilə təşkil edilən Alman-Azərbaycan mədəniyyət gecəsini, 31 mayda “Bu şəhərdə“ qrupunun iştirakı ilə təşkil edilən Respublika günümüzü, “BT İntegra” təşkilatı ilə birgə təşkil edilən inteqrasiya kurslarını və sair onlarla həyata keçirilmiş tədbiri göstərmək olar. Amma hazırda vəziyyət ürəkaçan deyil. Bir neçə layihəmiz yarımçıq qalıb, kirayə üçün borcumuzun olduğuna görə qısa zamanda Mədəniyyət Mərkəzini tərk etməyimizi tələb edirlər. Digər tərəfdən, ianə toplama kampaniyasına start vermişik, müraciətlərimiz olub. İanə kampaniyası təkcə Almaniya ilə məhdudlaşmır, eyni zamanda, Avropada yaşayan soydaşlarımız, eləcə də Azərbaycanda yaşayanlar üçün də nəzərdə tutulub.


Bundan əvvəl maliyyələşməni necə həyata keçirirdiniz?

– Bundan qabaq maliyyələşmə yalnız üzvlərin və könüllü insanların dəstəyi ilə həyata keçirilib. Bunu bir il müddətinə davam etdirə bildik və bu günə qədər gətirib çıxartdıq. Bu bir il ərzində fəaliyyətimizə ümumilikdə 10 minlərlə avro vəsait xərcləmişik. Bu vəsait Kölnün mərkəzinə yaxın yerdə birillik ofisin kirayə xərcləri, ofis ləvazimatları, kommunal və texniki xərclərə, həmçinin, bir il boyunca keçirilmiş tədbirlərə yönəltmişik. Hazırda isə maddi imkanlarımız tükəndiyi üçün təşkilatımız böhran içindədir.


Problemlə bağlı diaspor komitəsinə müraciət etmisinizmi?


– İstər Almaniyadakı səfirliyimizlə, istərsə də diaspor komitəsi ilə münasibətlərimiz var. Problemlə bağlı komitəni məlumatlandırmışıq, bir daha yazılı müraciət etməyi düşünürük. Eyni zamanda, səfirliyimizə də müraciət edəcəyik.


Almaniya erməni diasporunun da fəaliyyət göstərdiyi əsas məkanlardandır. Azərbaycan diaspor təşkilatının bağlanması hansı nəticələrə səbəb ola bilər?


– Avropada erməni diasporunun gücü haqqında nəsə deməyə ehtiyac yoxdur. Almaniyada isə onlar xüsusi gücə malikdirlər. Bunun obyektiv və subyektiv səbəbləri var. Onu da qeyd edim ki, bizim fəaliyyət göstərdiyimiz şəhərdə ermənilər daha güclüdürlər. Yalnız bir faktı sadalamaqla vəziyyəti izah etmək asan olar. Erməni kilsəsinin Avropadakı lideri, erməni diasporunun əsas liderlərindən olan erməni keşiş məhz Köln şəhərində yaşayır və burada fəaliyyət göstərir. Alman-Azərbaycan Evi açıldığı ilk günlərdə erməni diasporunun basqısını hiss etmişdik. O zamanlar onlar bizi təhdid etmişdilər, lakin layiqli cavablarını da almışdılar. Mədəniyyət Evimiz isə ermənilərin çoxluq təşkil etdiyi qəsəbədə yerləşir. Əlbəttə buranın bağlanması bizim üçün mənfi, ermənilər üçün isə müsbət nəticələri olacaq. Bundan başqa biz Köln, Düsseldorf və Frankfurt şəhərlərində Almaniya-Azərbaycan dostluğunu əks etdirən Xocalı qurbanları üçün anım abidəsi və ya Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə abidənin qoyulması üçün ölkə rəhbərliyinə və şəhər merinə müraciət etmişik. Qarşıda müxtəlif mədəniyyət gecələrin keçirilməsini planlaşdırırdıq. Dəstəyimiz olmasa, bütün bu layihələr yarımçıq qalmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Problemin çıxış yolu görünmürmü?


– Problemin həlli yolu var. Biz inanırıq ki, Cənubi Qafqaz regionunda siyasi və iqtisadi gücünə görə lider ölkənin, büdcəsi ildən-ilə genişlənən, ordusu, dövlət strukturları güclənən bir dövlətimizin rəhbərliyi bu məsələyə biganə qalmayacaq. İnanırıq ki, dövlətimiz həm siyasi, həm maddi, həm də texniki dəstəyi ilə bizim arxamızda olacaq. Ümid edirəm ki, sizlərin də dəstəyinizlə sözümüz eşidiləcək, nəhayət vaxtını, enerjisini, maddi imkanlarını, bütün gücünü bu yolda qoyan insanlarımızın da əziyyəti yerdə qalmayacaq. Biz dövlətimizə güvənirik.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm