İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyənin əsəridir - Yenilənir
Bizi izləyin

Nida.az

İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyənin əsəridir - Yenilənir

"Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulub və bu möhkəm təməl üzərində bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını inşa edirik. Siyasi əlaqələr günü-gündən genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır".

Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığın müxtəlif istiqamətləri, eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq və onun perspektivləri müzakirə edilib: "Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu olmuşdur. İki il bundan əvvəl biz əziz qardaşımla TANAP layihəsinə imza atanda təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bu gün bizim əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edir və artıq bizim qruplarımız işə başlamışdır. Əminəm ki, vaxtlı-vaxtında bu tarixi layihə icra ediləcək. Bundan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi, əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir, çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, birgə səylərlə, müştərək iradə ilə biz bu layihəni də uğurla icra edəcəyik".

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edilib: "Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir, çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada böyük həcmdə investisiyalar qoyulur. Azərbaycan investisiyaları yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə - təxminən 17-20 milyard dollar - qoyulacaq. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır".

Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə "Şahdəniz" layihəsində öz payını artırıb, TANAP layihəsində böyük paya sahib olub: "Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır və eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir, bir faktordur və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətt ilə inkişaf edəcək. Əziz qardaşım, bir daha sizi ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram".

"Azərbaycan-Türkiyə münasibətləri güclənərək, "bir millət iki dövlət" prinsipləri əsasında davam edəcək". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşdə iqtisadi, ticari, siyasi, mədəniyyət, xarici siyasət və bir çox sahələrdə əməkdaşlığı müzakirə edib: "Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi Dağlıq Qarabağ probleminin həlli məsələsidir və bu məsələ hər zaman olduğu kimi, gündəmimizin ən önəmli maddələrindən biridir".

R.T.Ərdoğan qeyd edib ki, digər önəmli məsələlərdən biri də iki ölkə arasında olan enerji layihələridir.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi yüksək inkişaf və iqtisadi sıçrayış dünya tərəfindən heyranlıqla izlənilir: "Qardaş Azərbaycandakı inkişaf bizi də sevindirir, çünki qardaşların güclənməsi gələcəyə olan ümidimizi də artırmaqdadır".

Ərdoağan qeyd edib ki , Azərbaycan və Türkiyənin ticari hədəfləri də var və hər iki ölkə bu hədəflərə çatacaq.

14:25

"NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik".

14:20

"Biz birgə səylərlə və bizə yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib: "Bu gün eyni zamanda, gələn il Ermənistanda qeyd ediləcək qondarma, dırnaqarası, sözdə "soyqırım" ilə bağlı öz fikirlərimizi bölüşmüşük. Türkiyə və Azərbaycan bu məsələdə birgə fəaliyyət göstərirlər, göstərəcəklər. Həm xarici işlər nazirləri, səfirliklər səviyyəsində, həm də diaspor təşkilatlarımız, ictimai təşkilatlar bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəkdir ki, biz dünyada qondarma "erməni soyqırımı"nın ifşası ilə bağlı öz işlərimizi koordinasiya şəklində aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç birinin tarixi əsası yoxdur, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik".

14:00

"Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.


İlham Əliyev bildirib ki, bu, Azərbaycan üçün çox önəmlidir: "Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ də bu gün müzakirə edildi".


Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir.

13:26

"Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz, fürsətdən istifadə edərək bir daha prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu göstərir ki, son illər ərzində gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib: "Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik, həm ikitərəfli, həm beylənxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz günü-gündən güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır".

Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibli görüşündə bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara bunu dəfələrlə bəyan edib.

R.T.Ərdoğan bildirib ki, seçkilərdən sonra Azərbaycana səfəri adət halına çevrilib: "Bu, qarşılıqlı sevgimizin nə qədər güclü olduğunun göstəricisidir. İkitərəfli görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin inkişafını dəyərləndirmə fürsəti əldə etdik və bütün sahələri müzakirə etdik".

Türkiyə Prezidenti qeyd edib ki, Bakı-Ankara münasibətləri bundan sonra fərqli şəkildə inkişaf etməlidir.

13:16

Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm