"Müxalifət Leyla Yunusun həbsindən sui-istifadə edir" - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

"Müxalifət Leyla Yunusun həbsindən sui-istifadə edir" - MÜSAHİBƏ

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Publika.az-a müsahibəsi

Millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və son vaxtlar edilən bir sıra həbslərlə bağlı müxalifət düşərgəsində səslənən fikirləri şərh edib.

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərlərdən birini Azərbaycana etdi. Səfərin əhəmiyyəti nədən ibarətdir?

–Türkiyə güclü, nüfuzlu və dünyada öz sözünü deyə bilən böyük türk dövlətidir. İndi bu dövlətin başında Türkiyə xalqının seçib inandığı və çox böyük nüfuza malik olan Rəcəb Tayyib Ərdoğan dayanır. Cənab Ərdoğan yeni seçilmiş prezident kimi Şimali Kiprdən sonra Azərbaycana gəldi. Bu məqamın özü Azərbaycan və Türkiyə arasındakı münasibətlər barədə çox şey deyir. Səfər iki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Son vaxtlar Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Sizcə, bunun reallaşması nə dərəcədə mümkündür?

– Türkiyə və Ermənistan arasında olan münasibətlərə düzgün qiymət vermək lazımdır. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə vaxtilə Rəcəb Tayyib Ərdoğan, indiki baş nazir Əhməd Davudoğlu və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək münasibət bildiriblər. Onlar birmənalı şəkildə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil. Hətta həmin dövrdə mən və Azərbaycandan olan bir qrup millət vəkili Türkiyənin sabiq baş naziri Rəcəb Tayyib Ərdoğanın qəbulunda olduq. Cənab Ərdoğan bizə də söylədi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana kimi Ermənistanla sərhədlər açılmayacaq. Bu gün də inanıram ki, Türkiyə verdiyi sözün arxasında dayanacaq.

Serj Sarkisyan Ərdoğanı Ermənistana da dəvət edib. Ərdoğanın Ermənistana səfəri reallaşa bilərmi?

– Bu barədə dəqiq proqnoz verə bilmərəm. Ancaq istəməzdim ki, Ərdoğan Ermənistana indi səfər etsin. Çünki Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə hələ də son qoymayıb və torpaqlarımızın bir hissəsi bu gün də Ermənistan ordusu tərəfindən işğal edilib. Ona görə də Türkiyənin Ermənistanın dəvətinə müsbət cavab verməsi arzuolunan deyil. Digər tərəfdən isə bu məsələ Türkiyənin daxili məsələsidir. Mənim bu məsələyə qiymət verməyim düzgün olmaz.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda gənclərlə görüşü zamanı bildirdi ki, ölkəmizdə bəzi anti-milli qüvvələr fəaliyyət göstərir və xaricdən qrantlar alırlar. Prezidentin bu fikirlərinə sizin münasibətiniz necədir?

– Azərbaycanın ən böyük problemi onun ərazi bütövlüyünün pozulmasıdır. Ərazi bütövlüyünün təmin edilməsi yalnız və yalnız ulu öndər Heydər Əliyevin qoyduğu yolun davam etdirilməsindən asılıdır. Bu gün bu yolu Azərbaycan xalqının lideri, ölkə prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün də bu, yeganə yoldur. Ermənistan bütün imkanları ilə çalışır ki, Azərbaycanda qarşıdurma yaransın. Bu istiqamətdə də Azərbaycanı istəməyən bir sıra dövlətlər daxildəki anti-milli qüvvələrin köməyi ilə öz məkrli siyasətlərini həyata keçirmək istəyir. Həmin dövlətlər Azərbaycan daxilində olan anti-milli qüvvələrə müxtəlif maliyyə yardımları da edirlər ki, öz istəklərinə nail olsunlar. Azərbaycan dövləti də bütün bu hərəkətlərin qarşısını almaq üçün çox ciddi işlər həyata keçirir. Hazırda da Azərbaycan xalqına və dövlətinə qarşı olan bu cür hərəkətlərinin hamısının qarşısı alınır və bundan sonra da alınacaq. Ona görə də yaxşı olar ki, hər bir azərbaycanlı öz şəxsi ambisiyasını kənara qoyaraq Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına dəstəyini versin. Bu dəstəyi vermək istəməyən qüvvələr isə Azərbaycan xalqına və dövlətinə qarşı olan yoldadır. Hər birimiz ayıq-sayıq olmalıyıq, hamı bir nəfər kimi prezidentə dəstək olmalıyıq və imkan verməli deyilik ki, Azərbaycanda 1990-cı illərdəki vəziyyət təkrarlansın.

Bəzi xarici təşkilatlar Leyla Yunusun və digər QHT nümayəndələrinin həbsi ilə bağlı bəyanatlar yayırlar. Bu cür hərəkətlər Azərbaycan dövlətinin işlərinə qarışmaqdır?

– Bu məsələlərdə Leyla Yunusun özü günahkardır. Birmənalı olaraq deyə bilərəm ki, Leyla Yunus özünü məzlum kimi göstərmək istəyir və bütün günahları Azərbaycan hökumətinin üzərinə yıxmağa çalışır. Amma həqiqətdə bu belə deyil. Bu gün Ermənistan dövlətini və ordusunu müdafiə edən, Azərbaycana düşmən kəsilən dairələr Leyla Yunusun müdafiəsinə qalxırlar. Onların əsl məqsədi Azərbaycan dövlətinin imicinə lək gətirmək və ölkənin adına siyasi don geyindirməkdir. Ancaq onların bu istəyi də heç zaman baş tutmayacaq.

Leyla Yunusun həbsinə təkcə xarici təşkilatlar deyil, həm də bir neçə müxalifət partiyası da etiraz bəyanatları veriblər. Bəs bu barədə nə deyə bilərsiniz?

– Müxalifət Leyla Yunusun həbsindən sui-istifadə edir. Əslində, müxalifətə Leyla Yunus heç lazım da deyil. Sadəcə, onun adından özləri üçün istifadə edirlər. Həmin müxalifətin dövründə, yəni 1992-ci ildə Leyla Yunus müxalifətin hakimiyyəti dövründə vəzifələrdə çalışırdı. Amma sonradan münasibətlər pozuldu. Bəs indiyədək həmin müxalifət harada idi? Bütün bunlar bir daha onu göstərir ki, müxalifətin Leyla Yunusun həbsinə etiraz etməsi şəxsi maraqlardan irəli gələn addımlardır. Müxalifət istəyir ki, Leyla Yunus kimi satqınlar Azərbaycanın dünyadakı imicinə xələl gətirsin və onlar da bundan özləri üçün divident qazansınlar. Ancaq bu da heç zaman mümkün olmayacaq. İndi Azərbaycan iqtidarının apardığı siyasətin yanında bu cür məsələlər cılız hərəkətlər kimi görünür.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm