“Bu birlik düşmənləri sındıracaq” - Ərdoğanın səfərinə daxili baxış
Bizi izləyin

Nida.az

“Bu birlik düşmənləri sındıracaq” - Ərdoğanın səfərinə daxili baxış

“Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qondarma “erməni soyqırımına” qarşı birgə mübarizə ilə bağlı qəbul etdikləri qərardan uzağa gedən nəticələr çıxarmaq lazımdır”.

Publika.az-a açıqlamasında bu barədə Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında verilən mesajları şərh edərkən deyib.

Onun sözlərinə görə, bundan sonra iki dövlət münasibətlərinə daha çox “iki dövlət bir millət” strategiyasından yanaşacaq.

Politoloq hesab edir ki, Türkiyə və Azərbaycanın bir çox problemi ortaq olaraq qəbul olunur: “Problemlərin üzərinə birgə gediləcək. Əslində, belə qərar çoxdan verilməli idi. Bu həm Türkiyə, həm də Azərbaycan dövləti adına çox sevindiricidir. Təkcə regionda deyil, dünyada da birgə hərəkət dostları sevindirəcək, düşmənləri sındıracaq. Bu, ciddi təməldir və bunun üzərində Azərbaycan-Türkiyə qardaşlığı möhkəmlənəcək. İki gücün birləşməsi həm iqtisadi, həm mədəni, mənəvi, hərbi və siyasi yöndə olacaq”.

TANAP layihəsinin təməlinin atılmasına gəlincə, N. Miri bunu qlobal layihə adlandırıb.
“Bünövrənin atılmasının sentyabrın 20-nə təyin edilməsi də təsadüfi deyil. 1994-cü ildə mərhum Heydər Əliyev “Əsrin müqaviləsi”ni məhz sentyabrın 20-də imzalamışdı. Bu, Heydər Əliyev siyasətinin davam etdirildiyinə dair ciddi mesajdır. Bu layihə Azərbaycanı və Türkiyəni region və qlobal səviyyədə yüksəldəcək”, - deyə politoloq bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm