“Onlar mənim bacımı, qardaşımı qətlə yetirənlərə xidmət edirlər” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Onlar mənim bacımı, qardaşımı qətlə yetirənlərə xidmət edirlər” – MÜSAHİBƏ

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimovun Publika.az müsahibəsi:

- Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etdi və ölkəmizin maraqlarına cavab verən mühüm mesajlar verdi. Bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Mən bir siyasətçi kimi Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini hələ Türkiyənin baş naziri olan dövrdən izləyirəm. Ərdoğanın təmsil olunduğu Ədalət və İnkişaf Partiyasının qurultaylarında da hər zaman iştirak etmişəm. Partiyanın sonuncu qurultayına da qatılmışdım. Adətən deyirlər ki, siyasətdə oyun oynayarlar. Amma siyasətdə də bir düzlük və kişilik lazımdır. Ərdoğan da düzgün, mərd və kişi adamdır. O, Azərbaycanı qəlbi ilə istəyən siyasətçidir. Mən onu bu cür xarakterizə edirəm. Azərbaycanla bağlı bütün məsələlərdə, o cümlədən sərhədlərin açılması məsələsində Ərdoğan düzgün və Azərbaycanın maraqlarını düşünən addımlar atıb. Hətta mənim ətrafımda olan bir neçə deputat deyirdi ki, Ərdoğan Ermənistan ilə sərhədləri açacaq. Amma mən bunun əksini deyirdim. O, Azərbaycanı sevən və Türkiyə-Azərbaycan birliyini istəyən adamdır. O, hər zaman görüşlərdə ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlətik” deyirdi. Yəni, Ərdoğan Azərbaycana qarşı yönələn, ölkəmizin ziyanına olan hər hansı siyasətə getməyib və heç zaman da getməyəcək. Mən Cənab Prezident İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətlərini bilirəm. Mən Ərdoğana tam güvənirəm və yaxşı bilirəm ki, Türkiyə bizim üçün sözün əsl mənasında qardaş dövlətdir. Türkiyənin baş naziri olan Əhməd Davudoğlu və digər Azərbaycanı sevən insanlara da təşəkkür edirəm. Türkiyə və Azərbaycan münasibətlərini çox yüksək qiymətləndirirəm. Təbii ki, bizim bu yüksək əməkdaşlığımızın başında Cənab Prezident İlham Əliyevin apardığı siyasət dayanır. İki ölkə arasında yaranan bu yüksək dostluq və qardaşlıq münasibətləri onunla bağlıdır. Hesab edirəm ki, bəzi qüvvələr Azərbaycan və Türkiyənin dostluğunu istəmirlər, iki ölkə arasında nifaq yaratmağa çalışırlar. Son günlər viza və sərhədlərin açılması barədə yayılan xəbərlərin kökündə də Türkiyə və Azərbaycan arasına girmək istəyən həmin şeytanlar dayanır. Biz əsla bu cür qüvvələrə imkan verməməliyik. Təbii ki, bu cür xain qüvvələr həm Azərbaycanda, həm də Türkiyədə var.

- Azərbaycan və Rusiya münasibətləri ilə bağlı da birmənalı fikirlər səsləndirilmir. İki ölkə münasibətlərində vəziyyət əslində necədir?

- Azərbaycan və Rusiya münasibətləri də hazırda yüksək səviyyədədir. İki ölkə arasındakı münasibətləri heç kəs poza bilməz. Rusiya bizim böyük qonşumuzdur. Cənab İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında da çox yaxşı dostluq əlaqələri var. Bizim bir-birimizə inamımız var. Mən hər zaman bu münasibətlərin yaxşı olmasının tərəfdarıyam. Dəfələrlə də çıxışlarımda bu fikirlərimi demişəm.

- Rusiyadan Azərbaycana mümkün təhlükələrlə bağlı səslənən fikirlərə münasibətiniz necədir?

- Rusiyadan bizə hər hansı təhlükə ola bilməz. Rusiyadan Azərbaycana ancaq yaxşılıq ola bilər. Mən bu yaxşılığı da Rusiyadan gözləyirəm. Bu yaxşılığı Rusiyadan bütün Azərbaycan xalqı görəcək.

- Bəzi xarici təşkilatlar Leyla Yunus və digər QHT rəhbərlərinin həbsinə siyasi don geyindirmək istəyirlər. Bunu necə qarşılayırsınız?

- Məsələyə hansısa siyasi don geyindirməyə ehtiyac yoxdur. Leyla Yunus, onun əri və digər bu cür adamlar mənim bacımı, qardaşımı qətlə yetirən erməniyə xidmət edirlər, İrəvana gedib-gəlirlər. Onlar ciddi qanun pozuntularına görə tutulublar. Burada heç bir siyasi məqsəd ola bilməz. İstənilən Azərbaycan vətəndaşından soruşsan ki, səni erməniyə satan və Ermənistana gedib-gələn adamın yeri haradır, hamısı onların yerinin həbsxana olduğunu deyəcək. Bu adamların başqa yeri yoxdur. Bu adamları daha çox müxalifət partiyaları müdafiə edirlər. Leyla Yunus ermənilərə açıq şəkildə işləyir və bunu hamı bilir. Həmin müxalifət partiyaları isə ermənilərə bir qədər üstüörtülü işləyir. Ümumilikdə isə onların hamısı ermənilərə qulluq edirlər.

- Deputat həmkarınız olan Yaqub Mahmudov bildirib ki, bu cür adamlara qarşı ölüm hökmü yenidən qüvvəyə minməlidir...

- Bəli, mən Yaqub müəllimlə tam razıyam. Bu adamlar vətən xainləridir, yaşadığı dövlətin xalqına xəyanət edib. Ona görə də belə adamların cəzası ancaq ölümdür. Doğrudur, indi Azərbaycanda ölüm hökmü mövcud deyil. Şərqdə ilk dəfə ölüm hökmü ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə ləğv edilib. Amma bu gün ölüm cəzası qüvvədə olsaydı, deyərdim ki, Leyla Yunus və onun kimilərinə bu cəza verilsin.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm