Fəzail İbrahimli: “Hesabat Azərbaycan reallığını tamamilə əks etdirir”
Bizi izləyin

Nida.az

Fəzail İbrahimli: “Hesabat Azərbaycan reallığını tamamilə əks etdirir”

“Azərbaycanın stabil inkişafı, iqtisadi irəliləyişi dünya ölkələrinin diqqətindən yayınmır. Xüsusilə son illər maliyyə böhranı fonunda Avropanın iqtisadı itkiləri Azərbaycanın inkişafı siyasətinə marağı artırıb”.


Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü Fəzail İbrahimli Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycanın dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olması və irəliləyərək 144 ölkə arasında 38-ci yeri tutmasına münasibət bildirərkən deyib.


Deputat qeyd edib ki, bu gün dünyanın heç bir ölkəsində Azərbaycandakı iqtisadi inkişaf yoxdur. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən aparılan uğurlu siyasət Azərbaycanı hazırkı vəziyyətə və dünya ölkələri arasında önəmli yer tutmasına gətirib çıxarıb: “Keçmiş post-sovet məkanında olan dövlətlərlə müqayisədə Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf da təbii olaraq Ümumdünya İqtisadi Forumun hesabatında yer alıb. Hesabat Azərbaycan reallığını tamamilə əks etdirir. Azərbaycan artıq 1990-cı illərin zəif ölkəsi deyil, iyirminci əsrin güclü dövlətidir. Bu gün ölkəmizin libası başdan-başa dəyişib”.

“Ermənistanın vəziyyəti “qızıl teştə qan qusmaq” kimidir”

Qeyd edək ki, sözügedən hesabatda Ermənistan Azərbaycandan iki dəfə geridə - 85-ci yerdə qərarlaşıb.

F.İbrahimli isə hesab edir ki, hesabatda əslində Ermənistana güzəşt ediblər. Onun sözlərinə görə, Ermənistanla bağlı göstəricilər şişirdilib.

“Ermənistana çox hörmətlə yanaşıblar. Çünki Ermənistanın hansı iqtisadi inkişafından söhbət gedə bilər? Özündə heç bir inkişafı yoxdur, yalnız kənardan yardımlar alır, erməni diasporunun maliyyəsi hesabına yaşayır. Ermənistanın vəziyyəti “qızıl teştə qan qusmaq” kimidir. Azərbaycanın torpaqlarını işğal edib, lakin acından ölürlər. Ermənistan regionda həyata keçirilən heç bir beynəlxalq layihədə yer ala bilmir. Ölkə Azərbaycanla müharibə vəziyyətindədir, Türkiyə ilə sərhədlər bağlıdır, İranla isə məhdud çərçivədə münasibətlər saxlayır. Amma dövlətin inkişafı kənardan təmin edilə bilməz. Ona görə də bu gün Ermənistana kənardan daxil olan pullar əhalinin yalnız acından ölməməsinə sərf edilir”, - deyə deputat qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm