• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

YAP rəsmisindən QHT rəhbərlərinin həbsinə “siyasi don” geyindirənlərə CAVAB

  • Nida.az
  • 27 Sentyabr 2014 16:56
  • 583 Baxış
YAP rəsmisindən QHT rəhbərlərinin həbsinə “siyasi don” geyindirənlərə CAVAB

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov Leyla Yunus və digər QHT rəhbərlərinin həbsinə “siyasi don” geyindirmək istəyənlərə sərt cavab verib.

YAP-ın komissiya sədri K.Kərimov Publika.az-a açıqlamasında deyib ki, sözügedən şəxslərin tutulması barədə məhkəmənin qərarı var:

“Bizim məhkəmənin qərarına hər hansı müdaxilə etmək və ya onu müzakirə etmək fikrimiz yoxdur. Tutulan şəxslərin hər birinin günahı var. Bəs onlar bilmirdi ki, xaricdən bu qədər pulları alıb xərcləyən zaman bunun dövlətə olan vergisini də vermək lazımdır? Axı niyə verməyiblər? Görürsən ki, heç birinin bununla bağlı səsi çıxmır. Çünki öz təqsirlərini bilirlər. Hələ Rauf Mirqədirov tutulanda Leyla Yunus deyirdi ki, mən bundan narahatam, eyni maddə ilə məni də istintaqa çağırıb həbs edə bilərlər. Bunu Leyla Yunus hələ həbs olunmamışdan əvvəl deyirdi. Bütün bunlar onu göstərir ki, Leyla Yunus öz günahını yaxşı bilir, sadəcə, bunu etiraf etmək istəmir. Digər tərəfdən isə, bu adamlar xaricdən milyonlarla vəsait alıb xərcləyiblər, amma vergi verməyiblər. Ona görə də xaric bu adamların müdafiəsinə qalxmaq istəmir. Çünki xaricdə vergi ödəmək ən müqəddəs iş sayılır. Vergi verməkdən yayınmaq olmaz. Mən vaxtilə ABŞ-da səfərdə olarkən, orada Amerikalı konqresmenlərlə görüşdüm. Onlarla söhbət zamanı sual verdim ki, nə üçün siz ermənilərin tərəfini bizdən yüksək tutursunuz? Bu sualı sonra ABŞ Dövlət Departamentinə də ünvanladım. Mənim sualımdan dərhal sonra 2 nəfər amerikalının üzündə sanki qızartı oldu və mənə cavab verdilər. Bildirdilər ki, ermənilər Amerikada yaşayan ən intizamlı əcnəbi millətindən biridir. Ermənilər Amerikada vergiləri vaxtlı-vaxtında ödəyir, hətta nəzərdə tutulandan da çox vergi ödəyirlər. Amerikalı nümayəndələr mənə dedi ki, sizin verdiyiniz sualın cavabı da məhz budur. İndi Leyla Yunus və digərləri də neçə illərdir xaricdən aldığı milyonlarla vəsitlərin vergisini ödəmədən xərcləyiblər. Ona görə də onlar xaricin də gözündə yaxşı qalmayıblar”.

K.Kərimov bildirib ki, hazırda Leyla Yunus və digərləri ilə bağlı məhkəmə istintaqı davam etdirilir:

“Ona görə də mənim indidən Leyla Yunusun həbsinə haqq qazandırmağım doğru çıxmaz. Çünki bu, məhkəmənin işinə qarışmaq kimi olar. Bəlkə, sabah məhkəmənin qərarı ilə Leyla Yunus azadlığa buraxıldı. Ona görə də mən indidən Leyla Yunus haqqında konkret nə isə deyə bilmərəm. Onun əməllərinə qiyməti ilk növbədə məhkəmə verəcək. Məhkəmənin qərarına da heç kəsin qarışmaq haqqı yoxdur”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR