“Miloşeviçi Haaqaya çıxaranlar Qarabağda “bazarlığa” getdilər”
Bizi izləyin

Nida.az

“Miloşeviçi Haaqaya çıxaranlar Qarabağda “bazarlığa” getdilər”

“Dağlıq Qarabağ probleminin NATO-nun Uels sammitində qaldırılması əhəmiyyətli olardı. Çünki bu sammit geniş müstəvidir”.


Publika.az-a açıqlamasında NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıda səfəri zamanı Qarabağ məsələsini Uels sammitində qaldıracağına dair açıqlamasını şərh edərkən deyib.


Z. Oruc qeyd edib ki, Qardaş ölkənin siyasi elitası və ən birinci şəxsi ölkəmizin problemlərinə həssaslıqla yanaşır: “Bu həm də o deməkdir ki, Azərbaycanın əsas strateji xətti olan Qarabağ münaqişəsi Türkiyənin də xarici siyasət strategiyasının ilk sıralarındadır”.


Lakin millət vəkili hesab etmir ki, NATO Qarabağ münaqişəsinə diqqət ayıracaq.

“Suriya münaqişəsi, İraqda məlum terror, o cümlədən Ukrayna konflikti Qərbin diqqətini Qarabağdan müəyyən mənada ayırır. Təbii ki, bizim problemimizin beynəlxalq arenada qaldırılması təqdirəlayiqdir. Amma bu o demək deyil ki, biz illüziyaya qatılaraq Şimal Alyansının problemi həll edəcəyini, real addımlar atacağını gözləməliyik. Xüsusilə, bu sammitin qonşu Rusiyaya qarşı olması da unudulmamalıdır. NATO əsas gücünü Rusiyaya qarşı yönəltməyi düşünür və Azərbaycana öz cəbhəsində yer ayırmaq istəyir”, - deyə millət vəkili vurğulayıb.

Z. Orucun fikrincə, Qarabağ münaqişəsində irəliləyiş Rusiya-Ukrayna konfliktinin nəticələrindən asılıdır: “Biz gözləyə bilmərik ki, ABŞ Ukrayna üzərində Rusiya ilə toqquşursa, Qarabağ problemində kompromis tapacaqlar. Mən bu kompromisə inanmıram. Digər tərəfdən, NATO Qarabağ münaqişəsini iki ölkə arasındakı problem kimi səciyyələndirir. Rusiyanın problemin əsas tərəflərindən biri olduğunu nəzərə alsaq, bu, Cənubi Qafqazda razılaşdırılmış oyundur. NATO Azərbaycanla əməkdaşlığı nə qədər arzuladısa, Qarabağ məsələsində Balkanlardakı mövqeyini tutmadı. Onların müdaxiləsinin şahidi olmadıq. Hətta Miloşeviç rejimini devirərək Haaqa tribunalında mühakimə etdilər. Balkanlarda özünü göstərənlər Qafqazlarda bunu etmədi. Qafqazlarda bu proses bazarlaşma olaraq təzahür etdi”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm