• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Soçidən sonra Kardiff: Kerrinin Moskvaya hansı mesajları var?

  • Nida.az
  • 5 Sentyabr 2014 11:18
  • 942 Baxış
Soçidən sonra Kardiff: Kerrinin Moskvaya hansı mesajları var?

Xəbər verildiyi kimi, dünən NATO-nun Uelsdə keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.


ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apararaq öz yanaşmalarını təqdim ediblər. Rəsmi Vaşinqton
ABŞ-ın dövlət katibi Kerrinin dilindən münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını bir daha vurğulayıb və tərəfləri mümkün çıxış yolları tapmağa çağırıb.

Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini qeyd edib.


Görüşün Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Soçi görüşündən sonra baş tutması olduqca önəmli idi. Avqustun 10-da – Rusiya ilə dünya boks yığmaları arasında keçirilən yarışdan bir gün sonra baş tutan Soçi görüşü əslində bir sıra mesajların verildiyi məkan idi.

Ukraynanın yeni hakimiyyətinin, eləcə də ukraynalıların seçiminin nə olmasından asılı olmayaraq, bu ölkənin Qərbə güzəştə getmək niyyətini açıq şəkildə ortaya qoyan Putin eyni davranışı Soçi görüşü ilə Cənubi Qafqazla bağlı da sərgilədi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində çoxsaylı hərbçinin ölümü ilə nəticələnən 3 günlük döyüşlərin sonuncu günü iki ölkə prezidentinin Soçidə görüşəcəyinin açıqlanması əslində Qərbə verilən mesaj idi: istəyəndə silahları işə salaram, istəyəndə də görüşü təşkil edə bilərəm. Hansı ki əvvəlki prezident Dmitri Medvedyevin məşhur Qarabağ missiyasının başa çatmasından sonra Putin bir dəfə də olsun Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə cəhd etməmişdi.

Soçi görüşü Azərbaycan və Ermənistan, eləcə də digər xarici analitiklərdə belə bir təəssürat oyatmışdı ki, Moskva Qarabağ prpblemini özününküləşdirmək, monopoliyaya almaq istəyir. NATO sammiti çərçivəsində ABŞ dövlət katibinin iştirakı ilə Uelsdə keçirilən görüş kiçik görünsə də, Vaşinqtonun Moskvanın monopolist cəhdləri ilə razılaşmayacağı mesajı idi. Kardiffdəki görüş, hər halda, Soçidəki görüş qədər əzəmətli görünməsə də, ABŞ mən də varam deyirdi.

Soçi görüşündən sonra Qərb, o cümlədən erməni ekspertlərində belə bir narahatlıq var idi ki, Moskva Qarabağ münaqişəsinin həlli prosesini monopoliyaya almaqla əslində Minsk qrupunu bir vasitəçilik formatı olaraq sıradan çıxarmaq istəyir. Xüsusilə ermənilər prosesə Türkiyənin cəlb oluna biləcəyindən narahatlıq keçirir. Onlar Türkiyə və Rusiya arasında son vaxtlar müşahidə olunan yaxınlaşma fonunda bunu mümkün hesab edirlər. Brüsseldə yerləşən Avropa siyasəti üzrə Mərkəzin eksperti, məşhur politoloq Amanda Pol bir neçə gün bundan əvvəl verdiyi müsahibədə Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər də ermənilərin narahatlığının əsassız olmadığını göstərir.

A.Pol mövcud formatın Rusiyaya sərf etdiyini düşünür. Politoloq qeyd edir ki, münaqişənin nizamlanması prosesinə yeni vasitəçilər cəlb olunmalıdır: “Rusiya qrupun üzvüdür, lakin danışıqları ikitərəfli aparır. Minsk qrupunu münaqişəni nizama salmağı bacarmamaqda ittiham etmək olmaz. Bu format artıq köhnəlib, onu yeniləmək lazımdır. Proses genişlənməlidir, nizamlanma prosesinə Türkiyə və İranı cəlb etmək olar. Həmçinin Avropa Birliyinin rolu aktiv olmalıdır. ABŞ da öz rolunu yüksəltməli və Moskvaya qarşı olmaqla daha ciddi siyasi oyunçuları prosesə daxil etməlidir”.

Danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etdirilməsinin əhəmiyyətini vurğulayan ABŞ dövlət katibi, bir növ, erməniləri sakitləşdirdi və Moskvaya da mesaj göndərdi. Amma Moskvanın da Minsk qrupunu sıradan çıxarmaq istədiyini tam əminliklə söyləmək olmaz. Hər halda, bütün bunlar ehtimallardır.

ABŞ-ın dövlət katibinin münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını söyləməsi, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini qeyd etməsi heç şübhəsiz ki, ermənilərə işləyən amildir. İyirmi illik atəşkəs müddətində ermənilərin özlərini danışıqlarda necə aparması göz qabağındadır. Ermənistanın status-kvo vəziyyətini mümkün qədər uzatmağa və münaqişəni dondurmağa çalışır. Azərbaycan isə üzün müddət belə vəziyyətə dözmək niyyətində deyil və rəhbərlik səviyyəsində dəfələrlə bildirib ki, torpaqların azad olunması üçün hərbi variant hər zaman masa üzərindədir.

Kerrinin tərəfləri siyasi iradə nümayiş etdirməsinə çağırmasına gəlincə, dövlət katibinə çox yaxşı məlumdur ki, bəhs etdiyi “siyasi iradə” məhz ermənilərdə yoxdur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR