“Qarabağın həlli üçün Qərb Rusiyanı dağıtmalıdır”- Vəfa Quluzadə
Bizi izləyin

Nida.az

“Qarabağın həlli üçün Qərb Rusiyanı dağıtmalıdır”- Vəfa Quluzadə

“Con Kerrinin iştirakı ilə prezidentlərin Uelsdə görüşündən sonra münaqişənin həlli istiqamətində ani irəliləyişlər gözləmək çətindir. Çünki burda çox faktorlar var. Əsas faktor da Rusiyanın mövqeyinin dəyişməsidir”.

Publika.az-a açıqlamasında bu barədə sabiq dövlət katibi, politoloq Vəfa Quluzadə NATO-nun Uels sammiti çərçivəsində ABŞ Dövlət katibi Con Kerrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib.

Kerrinin Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi ilə bağlı açıqlamasına münasibət bildirən V. Quluzadə bunu Rusiyaya mesaj olaraq qiymətləndirib:

“Rusiya məmnuniyyətlə Minsk qrupunu dağıdardı. Bununla da özü münaqişənin həllində hakim olmaq imkanı qazanardı. Çünki Rusiyanın tələbləri var. Onlar tələb edir ki, Azərbaycan keçmişdəki kimi Rusiyanın tərkibinə daxil olsun. Torpaqlarının azad olunmasının tələb etməsin. Necə ki, biz 70 il Sovet İttifaqının tərkibinə olduq və Zəngəzuru, Göyçəni tələb etmədik. İndi də elə etmək istəyirlər, lakin bu da bizə sərf etmir”, - deyə politoloq qeyd edib.

V. Quluzadə bildirib ki, baxmayaraq ki 22 ildir Minsk qrupu heç bir nəticəyə nail olmayıb, biz yenə də ondan möhkəm yapışmalıyıq: “Minsk qrupunun nəticəsiz fəaliyyətinə səbəb də Rusiya olub. Hesab edirəm ki, ABŞ Minsk qrupunu aktivləşdirməlidir. Vaxtilə bizim təşəbbüsümüzlə Amerika Minsk qrupunda təmsil olundu. Ona qədər, Rusiya Fransa ilə birləşib ABŞ-ı kənarda saxlamaq istəyirdilər. İndi ABŞ və Fransa Minsk qrupunu aktivləşdirərək münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməlidirlər. Bu da o vaxt mümkün olacaq ki, Rusiyanın imperiya olmağa həvəsi qalmayacaq. Qərb buna nail olmalı və Rusiyanı dağıtmalıdır”.

Qeyd edək ki, dünən Uelsdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.

ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apararaq öz yanaşmalarını təqdim ediblər.

ABŞ-ın dövlət katibi Kerri isə çıxışında münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayıb və eskalasiyanın qarşısını almaq üçün tərəfləri mümkün çıxış yolları tapmağa çağırıb. Con kerri həmçinin tərəflər arasında etimadın da yüksəldilməsinə diqqət çəkib.

Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm