• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Media imperiyasının informasiya müdaxiləsi: bizi necə idarə edirlər?- MÜSAHİBƏ

  • Nida.az
  • 5 Sentyabr 2014 16:19
  • 905 Baxış
Media imperiyasının informasiya müdaxiləsi: bizi necə idarə edirlər?- MÜSAHİBƏ

“Media imperiyası” kitabının müəllifi, politoloq Vüqar Zifəroğlu Publika.az-a müsahibəsində transmilli media korporasiyalar, onların məqsədi və ölkələrə, o cümlədən Azərbaycana təsirləri barədə danışıb.

- Transmilli media korporasiyalarının dünya informasiya bazarına göstərdiyi təsiri necə qiymətləndirmək olar?

- Media korporasiyaların dünya informasiya bazarına göstərdiyi təsir bu gün müasir KİV sisteminin ən aktual mövzusudur. Bu barədə danışarkən əvvəlcə mütləq dünya informasiya bazarının yaranmasını şərtləndirən mühit təsvir olunmalıdır. Təbii ki, bu proses informasiyanın qloballaşdığı və kütləvi informasiya vasitələrinin monopoliyalaşdığı şəraitdə gedir. Müasir dövrdə KİV dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. İndi xəbərə əmtəə, auditoriyaya isə kapital gözü ilə baxılır. Odur ki, kütləvi informasiyanın hər hansı bir vasitəsi iqtisadi qanunlardan kənarda fəaliyyət göstərə bilməz. Sadəcə olaraq, informasiyanı digər əmtəə məhsullarından fərqləndirən cəhətlər var. Onlardan biri informasiyanın topdansatışının asanlıqla təşkil olunmasındadır. Çünki informasiya “satıcı”sı eyni vaxtda minlərlə “müştəri”yə xidmət göstərə bilər. KİV-də hər zaman aktual mövzu olan monopoliyanın özünəməxsus başqa xüsusiyyət və meyilləri də mövcuddur... Ümumiyyətlə, mətbuatda monopoliya probleminə iki istiqamətdə yanaşmaq olar. Birinci, Kütləvi İnformasiya Vasitələrinin özlərinin monopoliya şəklində fəaliyyət göstərməyə üstünlük verməsidir. İkinci, dünyanın iri konsern və birliklərinin Kütləvi İnformasiya Vasitələrinə təsir göstərmək cəhdləri ilə bağlıdır. Birinci yolla daha çox ideoloji istiqamətləri və siyasətləri oxşar olan Kütləvi İnformasiya Vasitələri birləşirlər. İkinci üsulla isə əsasən iri mediamaqnatların təsirinə məruz qalanlar, rəqabətə dözməyənlər, bir sözlə məcburiyyət qarşısında qalanlar bir araya gəlirlər. Odur ki, həmin mediakorporasiyaların tərkibində birləşən Kütləvi İnformasiya Vasitələri artıq öz ideya istiqamətlərini unudub, onlara deyilənlə oturub-durmağa məcbur olurlar. Birinci üsula daha çox mediakorporasiyaların ilkin formalaşdığı dövrdə rast gəlinirdisə, ikinci istiqamət daha çox son vaxtlarda müşahidə olunmağa başlayıb.


- Transmilli media korporasiyalarının dünyada ictimai rəyə təsir gücü nə dərəcədədir?

- Əslində, qlobal informasiya məkanında media korporasiyaların çəki və təsir gücünün nə qədər olduğunu Beynəlxalq Jurnalistlər Federasiyasının 2001-ci ildə Seulda keçirilən beynəlxalq konqresində təqdim etdiyi arayış da sübut edir. Arayışda qloballaşmanın informasiya və KİV sistemində bir sıra dəyişikliklərə yol açdığı vurğulanır, dünya mediasının “bir ovuc holdinqin” nəzarəti altına keçdiyi barədə həyəcan təbili çalınır. Arayışda bildirilir ki, “jurnalistin peşə kimliyi jurnalistikanın bugünkü sosial və mədəni böhrana qarşı sinə gərməkdə çox önəmli bir vasitədir”. Sənəddə media sektorunun da içində olduğu qlobal iqtisadiyyatın, “demokratik və industrial məsuliyyət dərəcəsinin” kənarında olduğu qeyd edilərək, “buna nail olunmadıqca mediada çalışanlar və jurnalistlər, digər işçilər kimi əziləcəklər”. BJF-nin baş katibliyi tərəfindən hazırlanmış arayışın “Yeni media və qloballaşma: bir etirazın təşkilatlanması” başlıqlı bölümündə, qloballaşmanın bütün dünya iqtisadiyyatı və media üzərindəki təsirlərindən söz açılır. ABŞ-dakı kabel televiziya sahiblərinin Avropa, Asiya və Latın Amerikası ölkələrində bazar payı uğrunda amansız rəqabət apardıqlarına da diqqət çəkilir: “Bir çox ölkədə, milli sənaye və yerli medianı qorumağa yönəlik güclü ənənələr olması gerçəyinə rəğmən, bu media bazarlarını qlobal mediaholdinqlərin nüfuz dairəsinə daxil etmək üçün böyük təzyiqlər var”. Sənəddə qloballaşmanın gətirdiyi təməl dəyişikliyin, sərmayə dövriyyəsinin artması və dünya miqyasında “istiqrarsız mal bazarlarının” böyüməsi olduğu göstərilir, bunların pozulması nəticəsində isə, böhran, yoxsulluq və işsizliyin artması kimi, “pərişan edici nəticələr”in
ortaya çıxdığı qeyd olunur... Beynəlxalq Jurnalistlər Federasiyasının arayışında ən maraqlı məqam məhz qlobal media bazarının 9 korporasiya tərəfindən idarə edilməsi ilə bağlı yazılanlardır: “Qlobal media bazarı 9 holdinq tərəfindən idarə edilir: AOL Time Warner (ABŞ), Bertelsman (Almanya), General Electric, Disney (ABŞ), Sony (Yaponya), Vivendi-Universal (Fransa), News Corporation (ABŞ, Avstralya), AT&T və Viacom xeyli mürəkkəbləşmiş bir sənayenin ən üst təbəqəsidir. Bu oyunçuları bir-birindən ayıran, yalnız onların böyüklükləri deyil, eyni zamanda, qlobal fəaliyyət çevrəsidir. Bütün bu şirkətlər, gələcəkdəki inkişaflarını qlobal bazarda daha böyük pay qazanmaqda görməkdədir”.
Bu baxımdan, Amerikanın məşhur “Forbes” jurnalının ənənəvi “Dünya dollar milyarderləri” siyahısı da maraq doğurur. Siyahıda media korporasiyaların sahibləri kifayət qədər qabaqcıl yer tutaraq, nəinki informasiya bazarında, hətta dünya siyasətində belə söz sahibi olduqlarını sübut edirlər. Siyahıda media maqnatları üçün xüsusi bölmə də var: “Kağızı pula çevirənlər”. Bu bölmədə dünyanın ən güclü media patronlarının adları yer alıb. Daha doğrusu, burada dünya informasiya bazarında gerçək söz sahibi olan 7 nəfərin adı çəkilir.

- Bir sıra ekspertlər bu korporasiyaların əslində ölkələrə müdaxilə metodları kimi də istifadə edildiyini deyirlər. Bu kontekstdə nə deyə bilərsiniz?

- Cəmiyyətin idarə olunması üçün ən sərfəli vasitə informasiyadır. Dünyanın iri mediakorporasiyalarının həyata keçirdiyi siyasətin əsl mahiyyəti ayrı-ayrı dövlətlərin informasiya məkanını nəzarətdə saxlamaqdır. Nəticədə cəmiyyətin standart kriteriyalar əsasında idarəsi gerçəkləşir. İstiqamətlənmiş informasiya axınına düşən insan tədricən öz düşüncə tərzindən uzaqlaşaraq aldığı informasiyanın təsiri ilə düşünməyə başlayır. Bütün bunlar sübut edir ki, müasir dünya üçün ən təhlükəli silah informasiyadır. Yalnız informasiya müharibəsindən qalib gələn dövlətlər dünya informasiya bazarına sahib çıxacaq. KİV-in monopoliyalaşması prosesi nəticəsində müşahidə olunan ilk yenilik kapitalın təmərküzləşməsidir. Nəticədə şirkətlərə gələn gəlirin mənbəyini müəyyənləşdirmək mümkün olmur. Monopoliyanın möhkəmlənməsinin
nəticəsində bir çox ölkələrdə informasiya üzərində nəzarəti beynəlxalq informasiya agentlikləri və mediakorporasiyalar ələ keçirir. Ümumiyyətlə hər hansı ölkədə mətbuat orqanının fəaliyyətinə və ideya istiqamətinə müxtəlif yollarla təsir etmək mümkündür: konsern, sindikat və trestlərin göstərdiyi maliyyə dəstəyi ilə; təbliğat vasitəsilə; informasiya orqanlarına biznes və ictimai təşkilatların rəhbərlik etməsi ilə; mətbuatda aparıcı mövqeləri ələ keçirməklə; qəzet və jurnallara reklam verməklə. Reklamdan çox zaman siyasi məqsədlərlə istifadə olunur.


- Bu media korporasiyalarının digər ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəlikləri də var. Misal üçün, bu günlərdə məşhur amerikalı jurnalist Mayn Yaffi “Azadlıq” radiosu, “Amerikanın səsi”, “BBC” haqda çıxış edərək dedi ki, bu orqanlar Azərbaycan haqqında yanlış rəy formalaşdırır.

- Əslində, Mayn Yaffinin dediklərində həqiqət payı çoxdur və bunu biz dəfələrlə həmin media vasitələrində ölkəmiz haqqında gedən materiallarda görmüşük. Burada eyni zamanda ikili yanaşmanın da şahidi oluruq ki, bu da özünü daha çox Ermənistanla bağlı məsələlərdə göstərir. Bir məqamı qeyd edim. Hələ İkinci dünya müharibəsindən sonra özündə Amerika ideyalarını birləşdirən “Marşall planı” meydana çıxmışdı. Bu ABŞ-ın KİV sisteminə köklü şəkildə təsir göstərdi. Bundan sonra ABŞ-ın yeni siyasətini Kolambia Brodkastinq Sistem – Ci-Bi-Es telekompaniyası həyata keçirməyə başladı. Bu televiziyaya mediamaqnat U. Peyli rəhbərlik edirdi. Kampaniyanın əsas ideoloqu D. F. Dalles olur. O, ABŞ informasiya agentliyinin yaradıcısı idi. Dallesin tərəfdarı olan Peyli məsləkdaşının “Müharibə və sülh” kitabından bəhrələnmişdi. Kitabda yazılırdı: “Son
illərdə ABŞ bomba, təyyarə, silahla müharibəyə milyardlarla dollar vəsait ayırıb, amma ideya müharibəsinə çox az pul xərcləyib. Ona görə də heç bir silahla müqayisə olunmayacaq qədər güclü olan ideya müharibəsində uğursuzluğa düçar oluruq”.

“Si-Bi-Es” şirkətinin ABŞ hərbi-siyasi kompleksinin bir hissəsi olması sirr deyil. Bu hüququ qoruyub saxlamaq üçün isə “En-Bi-Si” və “Ey-Bi-Si” daim mübarizə aparıb. “Si-Bi-Es” bir növ Pentaqona və aerokosmik sənayenin inkişafına xidmət edib. Peylinin rəhbərlik etdiyi korporasiya ilə ölkənin hərbi-sənaye kompleksinin əməkdaşlığı sayəsində Reyqanın hakimiyyətə gəlişi gerçəkləşib. Bu hadisə “Si-Bi-Es”in iqtisadi və ideoloji fəaliyyətində ömürlük iz buraxıb. Bundan sonra “General motors”, “Boing Company”, “Ford motor company”, “General electric company” kimi tanınmış hərbi şirkətlər onun daimi reklam sifarişçisinə çevriliblər. Məhz bu korporasiyalar qaynar nöqtələrdə baş verənlər haqda canlı yayımlar üçün maliyyə vəsaiti ayırırdı.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR