Azərbaycana qarşı “Səlib yürüşü”: “Maqnitski aktı” kimin marağındadır?
Bizi izləyin

Nida.az

Azərbaycana qarşı “Səlib yürüşü”: “Maqnitski aktı” kimin marağındadır?

Azərbaycana qarşı yenidən “Maqnitski aktı”nın tətbiq edilməsinə çağırış edilib.


Publika.az xəbər verir ki, “Freedom House” təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb.


Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edən Kramer təklif edib ki, Rusiyaya qarşı qüvvədə olan “Maqnitski aktı” Azərbaycana da tətbiq edilməlidir.

“2012-ci ildə qəbul edilmiş Maqnitski aktı isə insan haqlarını pozan Rusiya məmurlarını hədəf alır. Belarusda söhbət 9-10 siyasi məhbusdan, Rusiyada isə “Memorial” cəmiyyətinin hesablamalarına əsasən 45 adamdan gedir. Amma əhalisi Rusiyadan qat-qat az olan Azərbaycanda siyasi məhbusların sayının 100-ü keçdiyi deyilir. Baş verən basqılar fonunda Azərbaycana baxmağın vaxtı gəlib çatıb. Zənnimcə, Konqres insan haqlarını pozan məmurlara qarşı qlobal Maqnitski qanunu qəbul etməlidir. Təəssüf ki, Azərbaycan özünü bu qlobal Maqnitski qanununa namizədə çevirir. Biz bu sanksiyaları Belarusa, Rusiyaya tətbiq etmişik. Axı niyə Azərbaycanla fərqli şəkildə rəftar olunmalıdır?”- deyə təşkilat rəhbəri iddia edib.

Azərbaycana qarşı daim eyni mövqedə çıxış edən “Freedom House”un budəfəki yanaşması da təəccüblü qarşılanmamalıdır. Söhbət bütün fəaliyyətini Azərbaycana qarşı yönəltmiş təşkilatdan gedir, hansı ki Ermənistanda kütləvi hüquq pozuntuları haqqında onlar danışır, yaxud görməzlikdən gəlir, qonşu Gürcüstanda keçmiş siyasilərin təqibinə yaxın da durmur.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, “Fredoom House” həmişə özünü Azərbaycanın daxili milli müxalifəti kimi aparır: “Bu təşkilatın son bəyanatı da göstərdi ki, o, Azərbaycanla bağlı QHT kimi yox, siyasi təşkilat kimi mövqe sərgiləyir, ölkəmizə qarşı “Səlib yürüşü” təşkil edir”.

D. Kramerin açıqlamasında diqqətçəkən məqam təklif olunan “Maqnitski aktı”nın Azərbaycana qarşı da tətbiq olunmasıdır.


Qeyd edək ki, “Maqnitski siyahısı” 2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı tətbiq olunur. Bunun hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını tətbiq edərək Rusiya məmurlarını bura daxil edib.


Rusiyaya qarşı tətbiq edilən bu akt hadisənin situativ olaraq bu ölkənin ərazisində baş verməsindən irəli gəlir. Yəni aktın adını daşıdığı Sergey Maqnitski Rusiyada fəaliyyət göstərmiş şəxsdir və ölümü də bu ölkədə baş verib. Buna görə tətbiq edilən akt da birbaşa Rusiyaya qarşıdır. Kramerin bunu Azərbaycan üçün də eyniləşdirməsi nədən qaynaqlanır?

Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında bunu mümkünsüz hesab edib. Onun sözlərinə görə, söhbət Rusiyadan gedir və hər kəs bilir ki, burda situasiya fərqlidir. Onun sözlərinə görə, bu akt konkret baş vermiş hadisədən qaynaqlanır.


“Lakin bunun Azərbaycana da tətbiq edilməsinə çağırış doğru yanaşma deyil. Digər tərəfdən, nə üçün Azərbaycan Rusiya ilə eyni müstəviyə qoyulmalıdır? Azərbaycan bu gün ABŞ-ın əsas tərəfdaş ölkələrindən biridir. Burda əsas məqsəd iki ölkə arasındakı münasibətləri pozmaq və Azərbaycan haqqında yanlış rəy formalaşdırmaqdır. Mən inanmıram ki, ABŞ kiminsə yanlış çağırışına inanıb buna getsin”, - deyə o bildirib.


Qeyd edək ki, bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da “Maqnitski siyahısı”nın Azərbaycana tətbiq edilməsinə çağırış etmişdi.


Belə bir məsələnin yenidən gündəmə gəlməsi regionda baş verən geosiyasi proseslər baxımından da diqqət çəkir. Belə ki, ABŞ-Rusiya münasibətlərinin qırmızı xətləri keçdiyi bir vaxtda Azərbaycanı Rusiyanın yanına qoymaq kimlərinsə alt qatdakı marağından xəbər verir. Görünür, müstəqil siyasət Qərbdəki dairələrin xoşuna gəlmir və Azərbaycana qarşı demokratiya adı altında növbəti “Səlib yürüşü”nə start verilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm