Səfir: “Qarabağ Fransa parlamentinin gündəmində deyil” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Səfir: “Qarabağ Fransa parlamentinin gündəmində deyil” - MÜSAHİBƏ

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun Publika.az-a müsahibəsi:

– Bir müddət öncə Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyirdi. Bu məsələ ilə bağlı hazırda vəziyyət necədir?

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər barədə Xarici İşlər Nazirliyinə sual ünvanlasanız daha yaxşı olar. İndi mən belə bir görüşün nəzərdə tutulub-tutulmaması barədə dəqiq bir söz deyə bilmərəm. Bu, ATƏT-in Minsk qrupuna aid olan məsələdir.

– Hazırda Azərbaycan və Fransa arasında ticarət dövriyyəsinin həcmi nə səviyyədədir?

– Sözsüz ki, iki ölkə arasında olan ticarət dövriyyəsi artmaqdadır. İki ölkə arasında bütün sahələrdə yaxşı əlaqələr var və münasibətlər getdikcə daha da genişlənir.

Hazırda qarşılıqlı əməkdaşlığa dair bir çox sənədlər müzakirə olunur. Yəqin ki, ilin sonuna kimi ticarət dövriyyəsinin həcmi daha da artacaq. Ötən illə müqayisədə bu il xeyli artım gözlənilir.

Hazırda isə Azərbaycan və Fransa arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard təşkil edir.

– Fransa tərəfi Azərbaycanla daha çox hansı sahələrdə əməkdaşlığa can atır?

– Bu, yalnız Fransa tərəfindən asılı deyil. Azərbaycanın özü də xarici investorlara daha çox hansı sahələrdə əməkdaşlıq etməyi təklif edir. Onların arasında daha çox qeyri-neft sektoru üstünlük təşkil edir. Azərbaycan dövlətinin də siyasəti odur ki, qeyri-neft sektoru inkişaf etdirilsin. Ona görə də Fransa ilə qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı, turizm, infrastrukturun gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq edilir. Fransa şirkətləri də sözügedən sahələr üzrə əməkdaşlıq etməyə yaxından maraq göstərirlər. İnanıram ki, ilin sonuna kimi bu əməkdaşlıq daha da genişlənəcək.

– Azərbaycan və Fransa arasında siyasi, mədəni və parlamentlərarası münasibətlər necədir?

– Vəziyyət getdikcə daha da inkişaf edir və məntiqi yolla uğurla davam edir. Bu gün Fransa senatında Azərbaycanı daha yaxından tanıyan, ölkəmizə maraq göstərən və müdafiə edən adamların sayı da artmaqdadır.

Son illər Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa Dostluq Qrupunun rəhbəri Mehriban xanım Əliyevanın bilavasitə gördüyü işlər və məqsədyönlü siyasət nəticəsində iki ölkə arasında mövcud olan münasibətlər daha da inkişaf edib. İndi də əsas məqsəd odur ki, Azərbaycan və Fransa arasında mövcud olan parlamentlərarası münasibətlər daha da inkişaf etdirilsin və iki ölkə arasında olan münasibətlərə öz töhfəsini versin. Yəqin ki, bu yaxınlarda bu istiqamətdə daha böyük işlər görüləcək və parlamentlərarası dostluq qrupları ilə bağlı konkret addımlar atılacaq.

Onu da deyim ki, bu dostluq qruplarına Azərbaycan tərəfindən Mehriban xanım Əliyeva başçılıq edir.

–Yaxın vaxtlarda Fransa senatında Xocalı soyqırımı, Qarabağ və Azərbaycan həqiqətləri ilə bağlı hər hansı müzakirələrin aparılması və ya qərarın qəbul edilməsi gözlənilir?

– Ümumiyyətlə, biz Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsi ilə bağlı mütəmadi olaraq Fransa parlamenti üzvlərinə məlumat veririk, Azərbaycana səfər zamanı da bu məsələləri bilavasitə onların diqqətinə çatdırırıq.

O ki qaldı bu məsələnin Fransa parlamentində qaldırılmasına və müzakirəsinə, onu deyim ki, hazırda Fransanın başını qatan başqa məsələlər var. Ona görə də indi Qarabağ məsələsi Fransa parlamentinin gündəmində dayanmır. Ancaq Azərbaycan səfirliyi bu istiqamətdə dayanmadan və mütəmadi olaraq iş aparır.

– İki gün öncə Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirildi. Bu görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Bəli, iki dövlət başçısı arasında belə bir görüş keçirilib və vacib dialoqlar aparılıb. Bu görüş böyük əhəmiyyət daşıyır. Əminəm ki, bu cür görüşlər gələcəkdə də davam etdiriləcək.

Bundan əlavə, NATO sammitində yekun bəyannamə qəbul edilib. Həmin sənəddə bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi qeyd olunur. Həmin sənədə uyğun olaraq, NATO nəinki Azərbaycanın ərazi bütövlüyünün qorunmasını, müstəqilliyini və suverenliyini dəstəkləyir, eyni zamanda Cənubi Qafqazda mövcud olan dondurulmuş və həll olunmamış münaqişələrin məhz ərazi bütövlüyünün qorunması çərçivəsində həlli məsələsinin vacibliyi vurğulanıb. Bu məsələ ilə bağlı Fransa da NATO-nun əsas müttəfiqi olan dövlət kimi öz dəstəyini ortaya qoyub. Sözsüz ki, biz bütün bunları Fransa dövlətinin Azərbaycana olan yüksək münasibəti kimi qiymətləndirməliyik. Çünki bu istiqamətdə biz səfirlik, diaspora təşkilatları və Xarici İşlər Nazirliyi olaraq illərdir ki, fəal iş aparırıq. Ona görə də bu uğuru Azərbaycanın növbəti uğuru hesab edirəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm