20 illik epoxanın sonu və ya Markes 5 ay gec ölsəydi - “Dörd Göz”lə gözləyənlər
Bizi izləyin

Nida.az

20 illik epoxanın sonu və ya Markes 5 ay gec ölsəydi - “Dörd Göz”lə gözləyənlər

Müsavat Partiyası 20 ildən sonra başqanını dəyişdirir. 19 gün sonra İsa Qəmbər üçün yeni dönəm başlaya bilər. Bunun pis, yaxud yaxşı olmasına baxmayaraq, bütün hallarda yeni dönəm olacaq. Əgər Müsavat qurultayı qərar verildiyi kimi sentyabrın 27-də keçirəcəksə...

Buna qədər bir neçə dəfə qurultayla bağlı qərar verilib, lakin son anda müxtəlif səbəblərə görə təxirə salınıb. Demək olar ki, 4 ildir qurultay gözlənilir və bu müddət ərzində İsa Qəmbər Müsavata qeyri-qanuni, daha dəqiq desək, nizamnamədən kənar rəhbərlik edir. Qurultayın keçirilməməsinə səbəb kimi partiya həmişə yer problemini əsas göstərir və hökuməti günahlandırır. Hökumət istənilən özəl obyekti icarəyə götürüb qurultayı keçirməyin mümkünlüyünü irəli sürür, lakin partiya razılaşmır, meriyadan məhz 1000 nəfərə yaxın insanın toplaşması üçün geniş zal istəyir.


Bu günə qədər də eyni vəziyyət davam edir və heç kim dəqiq deyə bilməz ki, sentyabrın 27-də qurultay keçiriləcək. Misal üçün, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qurultayın deyildiyi vaxt keçiriləcəyinə inanmır.

“Hesab edirəm ki, qurultay yenə də təxirə düşəcək və seçkidən sonraya saxlanılacaq. Seçki kampaniyası başlasa da, bu daha çox görüntü xarakteri daşıyır”, - deyə qeyri-standart fikirləri ilə gündəmə gələn Cəlaloğlu belə hesab edir.

Cəlaloğlunun fikirləri qeyri-ciddi qəbul oluna bilər, amma adamın əsasları da olmamış deyil.


Lakin müsavatın bir addım irəli getdiyini demək mümkündür. Hansı ki, avqustun 27-si namizədlərin qəbulu və seçki kampaniyasına start verildi. İsa Qəmbərin yerinə hələ ki dörd göz dikilib və bu dörd gözün ətrafındakı gözlər belə görünür ki, 20 il “sitayiş” etdikləri başqanın getməsini “dördgözlə” gözləyir. Bunu xüsusilə sosial şəbəkələrdə aparılan kampaniyalar, dilə gətirilən sözlər deməyə əsas verir.

Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı. Bu dörd şəxs Müsavatı idarə etməyə iddialıdırlar.


Arif Hacılı:


Bu şəxs ən şanslı və ən iddialı namizəddir. Düzdür, hələlik namizədliyini rəsmən irəli sürməyib, amma bu, onun başqanlıqdan vaz keçəcəyi demək deyil. Beyinlərdə bununla bağlı sual işarəsi yaransa da, A. Hacılı Publika.az-a müsahibəsində (http://publika.az/p/41139) bunu belə əsaslandırır: “Bu seçki kampaniyasında bizim opponentlik etdiyimiz şəxslərin Müsavatın üzvü olduğunu, həmçinin seçkilər başa çatandan sonra yenə də fəaliyyətimizi birlikdə davam etdirəcəyimizi nəzərə alaraq, mən böyük, partlayışlı seçki kampaniyası aparmaq niyyətində deyiləm. Namizədliyimi hələ də irəli sürməməyimin səbəblərindən biri budur”.


Müsavatda “Hacılı klanı”nın lideri kimi tanınan A. Hacılının komandasına təkcə qardaşı Mustafa Hacıbəyli deyil, partiyanın bütün rayon təşkilatları daxildir. Mərkəzi İcra Aparatına rəhbərlik Hacılıya rayon təşkilatlarında öz şəbəkəsini qurmağa imkan verib. Bəzi iddialara görə, Müsavatda “ikinci adam” statusuna malik A. Hacılı ilə İsa Qəmbərin də məsləhətləşməyə məcbur olduğu məqamlar var.

Onun ən iddialı namizəd olması “böyük, partlayışlı kampaniya aparmayacam” sözlərindən də görünür. Güman ki, Hacılı namizədliyini ən sonda irəli sürəcək və qalib gəlməklə bir daha gücünü nümayiş etdirəcək. Amma bütün bunlar onun sakit şəkildə gözlədiyinə əsas yaratmır. Misal üçün, partiyanın Xaçmaz rayonunun sədr müavini Ramiz Əliyev bir neçə gün öncə açıqlama verdi ki, A. Hacılının namizədliyini 2011-ci ildə, hələ o, həbsdə olarkən irəli sürüblərmiş. Bu A. Hacılının “gizli kampaniya” apardığını göstərir.


Qubad İbadoğlu:


O, gözlənildiyindən də yüksək şəkildə kampaniyaya başladı. O da rəsmi olaraq namizədliyini irəli sürməkdə tələsmir, amma təbliğat-təşviqat işlərini sürətlə aparıb. A. Hacılı ilə gərgin rəqabət münasibətlərində olduğu deyilsə də, onu təkzib edir. Amma kampaniyaya rayon təşkilatlarından başlaması A. Hacılını əsas rəqib gördüyü və əsas rəqibə öz “yuvasından” zərbə vurmaq niyyətində olduğunu göstərir.
İsa Qəmbərin A. Hacılıdan fərqli olaraq (ondan daha çox çəkindiyi deyilir-red), İbadoğluya simpatiyası var. Hətta başqan kimi onu düşündüyü də iddia olunur.


İbadoğlunun ən zəif nöqtəsi QHT rəhbəri olması və partiya işində, xüsusilə də mitinqlərdə az iştirak etməsidir. Hacılının tərəfdarları onu “qrantyeyən” olaraq görür. Amma özü bunu mənasız şayiə adlandırır. Digər tərəfdən, İsa Qəmbərin gözündə o heç də “qrantyeyən” kimi görünmür, əksinə partiyanın maliyyə işinə əsas dəstəkçilərdəndir. Belə ki, iddialar görə, Q. İbadoğlu aldığı milyon dollarla qrantdan Müsavata da yardımlar edib.


Səxavət Əlisoy:



Başqanlıq yarışında ən şansızlar sırasında birinci şəxs kimi onun adı çəkilir. Özü həkimdir, vaxtilə Sumqayıt Pediatrında baş həkim olub. Siyasi şərhlərində tibb terminlərinə üstünlük verməsi ilə seçilir. İsa Qəmbərin tənqidçilərindədir. Məlumatlara görə, onun tənqidləri bəzən İ. Qəmbəri bezdirsə də, başqan hələ ki ona toxunmaqdan vaz keçir. Səbəb isə zamanında yüksək vəzifəsindən vaz keçib onun yanına gəlməsidir. Digər tərəfdən, İ. Qəmbərlə isti münasibətləri var.


S. Əlisoyun tərəfdarı az olsa da, atdığı addımlarla diqqət çəkir. O, başqanlıq iddialarını ortaya qoyandan sonra müşavirlik vəzifəsindən istefa verdi və digər iddialıları da buna çağırdı. Onun xarizmasında diqqət çəkən belə radikal addımlarının olmasıdır. A. Hacılını əsas rəqib, bəlkə də, düşmən gözündə görür. Bir müddət öncə “Müsavatın başqanı türk oğlu türk olmalıdır” deməklə də Hacılıya işarə vururdu. Belə ki, əslən Zaqatala rayonundan olan A. Hacılının miliyyətcə avar olduğu haqda xəbərlər var. Hərçənd bunu sübut edən heç bir fakt yoxdur.

Digər tərəfdən, bu günlərdə “11 il əvvəl partiyanın rayon təşkilatlarında 300-400 adam var idisə, indi sədr qoymağa adam tapılmır” deməklə də A. Hacılını “can evindən” vurmuş oldu. Çünki rayon təşkilatları A. Hacılının kurasiyasına daxildir.


Tural Abbaslı:



Ən gənc namizəd olmaqla yanaşı, gənclərin də namizədidir. Onun tərəfdarları əsasən Müsavat gəncləridir, amma hamısı yox. Baxmayaraq ki, Hacılı və İbadoğludan geridə qalsa da, şansları o qədər də zəif qiymətləndirilmir. Müsavatçı gənclərin bir qrupu üçün “vazkeçilməz” şəxsdir. Lakin hamısı belə düşnmür. Xüsusilə ötən il partiyanın Gənclər Təşkilatına seçkilərdə baş verənlərdən sonra gənclər bölündü və onun əleyhdarları olan A. Hacılının istədiyi gənclər sədrliyə yiyələndi. Buna görə də barışmaz rəqibi A. Hacılıdır. Seçkidə məğlub duruma düşməsi aralarındakı uçurumu daha da dərinləşdirdi.


T. Abbaslı həm də rəsmən namizədliyini irəli sürməklə də fərqliliyini ortaya qoydu. Düzdür, bəziləri bu tələskənliyi zəiflik kimi qəbul etdilər, amma, ətrafı belə düşünmür. Hazırda sosial şəbəkələrdə ən fəal qrup Abbaslının tərəfdarlarıdır. “Şah İsmayıl 15 yaşında Azərbaycanı birləşdirdi” tipli yanaşmalarla özünü Saakaşvili ilə müqayisə edir.


İsa Qəmbərin yerinə göz dikən bu üç yox, “dörd muşketyor”u xatırladan, amma bir-birinə rəqib olan iddialılardan kimin başqan olacağını qurultay müəyyən edəcək, əgər qurultay təxirə salınmasa.... 27 sentyabr Müsavat üçün tarixi gün ola bilər...


... “27 sentyabr” İsa Qəmbər üçün də təqvimin “qırmızı, yaxud qara” rəngə boyanacağı tarixdir. 22 illik başqanlıq etdiyi partiyadan getmək, yəqin ki, ona çətindir, hətta bunu özü istəyərək etsə də. Amma “özü yıxılan ağlamaz” deyiblər. Adama deyərlər, sənə lazım idi nizamnamə dəyişikliyi, demokratik imic görüntüsü. Gül kimi oturmuşdun da kresloda...


Amma, İsa Qəmbərə, yəqin ki bunu deməyiblər. Çünki hələ uzun müddət öncədən onun yerinə göz dikənlə var idi, bəzilərini özü yetişdirmiş, bəziləri özü yetişmişdi.


Və yaxud.... 20 illik diktatura, Qəmbər rejimi sona çatır... Qurultaya bu cür da yanaşmaq olar. Lakin Müsavatda bunu düşünənlər olsa belə heç kim dilə gətirməz. Çünki “gedənin arxasınca danışmazlar” etikası ilə yanaşanlar da var, dahi başqandan çəkinənlər də.

Hər halda və bütün seçimlərdə İsa Qəmbər gedir və 20 illik epoxa sona çatır.


Bəlkə də, qurultayı çox yox, 5 ay öncə keçirsəydilər, vəziyyət başqa cür olardı. Onda Markes ölməmişdi, onda “Patriarxın payızı”nın müəllifi sağ idi. Və bəlkə, İsa Qəmbəri “Başqanın payızı” deyə yola salmaq olardı. Elə qurultayın vaxtı da payıza düşür nədənsə...


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm