Ankara və Bakının qələbəsi: NATO-da Sərkisyanı niyə sındırdılar?- TƏHLİL
Bizi izləyin

Nida.az

Ankara və Bakının qələbəsi: NATO-da Sərkisyanı niyə sındırdılar?- TƏHLİL

Ermənistan üçün böyük zərbə olan NATO-nun Uels sammitində yekun bəyannamə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.


Bəyannamədə deyilir: “NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”.


Bəyannamənin postsovet məkanındakı münaqişələrə aid hissəsində daha sonra deyilirdi: “Bu konfliktlərin üzücü şəkildə davam eləməsi hələ də xüsusi narahatlıq doğurur, çünki belə vəziyyət bölgə sakinlərini Avroatlantik birliyin üzvü olmaq imkanından məhrum edir”.

Burda diqqətçəkən məqam işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bu sənədə imza atmasıdır.

Son proseslər kontekstində bu bəyannamənin qəbul edilməsi müəyyən mənada gözlənilən idi. Xüsusilə sammitdən bir gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfəri və Qarabağ problemini sammitdə qaldıracağına dair verdiyi söz, qərar qəbul edilməmişdən bir gün öncə Sərkisyanın Uelsdə NATO rəhbərliyinə “Qarabağ tövsiyəsi”, daha dəqiq desək, xahişi müəyyən ehtimallar yaradır.


Bir müddət öncə, hələ o zaman Ərdoğan Baş nazir idi, Türkiyənin “Taraf” qəzeti Ermənistanla sərhədlərin sentyabrda açılacağı iddiası ilə çıxış etmişdi. Ukrayna böhranı və Rusiyaya qarşı Qərbin sürətli hücumu fonunda bu, inandırıcı versiya idi. Belə ki, Cənubi Qafqazı bütövlükdə əldə etmək istəyən Qərb Ermənistanda maneəyə ilişir, çünki Yerevan faktiki olaraq hər şeyi ilə birgə Moskvadan asılıdır. Ermənistanı Rusiyanın caynağından qurtarmağın yeganə yolu Türkiyə ilə sərhədlərin açılması, bu yolla iqtisadi dirçəliş və Qərbə çıxışın təmin edilməsidir. Halbuki bu versiyanı Bakı illər öncə irəli sürmüşdü, qarşılığında yeganə istəyi haqqı olan tarixi torpaqlarının işğaldan azad edilməsi idi. Bu baş versəydi, Ermənistan regionda Bakının əsas müəllifi olduğu boru kəmərlərində yer alaraq və tədricən həm Rusiya asılılığından, həm də aclıqdan xilas olardı. Amma buna Yerevan razılaşmadığı kimi, Qərb də qol qoymurdu. Çünki qərbli başbilənlər Türkiyə variantını daha məqbul və asan olduğunu düşünürlər. Faktiki olaraq Ankaraya erməni sərhədini açmaq üçün mütəmadi təzyiqlər də olur.


Bu iddia təkzib edildi. Türkiyə böyük seçkiyə getdi və Ərdoğan Türkiyə tarixində ilk dəfə xalqın seçdiyi prezident oldu. Onu təbrik edənlər arasında Sərkisyan da var idi. Erməni prezident təbrik məktubunda “aramızdakı münasibətlərin heç bir üçüncü şərt olmadan inkişaf edəcəyinə inanıram” deməklə mövcud problemə toxunur və Ərdoğana mesaj verirdi.

Daha sonra Ərdoğanın inauqurasiyaya dəvətlilər arasında Sərkisyan da var idi və bu “sərhəd açılımının” gerçəkləşəcəyinə ehtimalları artırdı.

Sərkisyan yerinə göndərdiyi xarici işlər naziri Eduard Nalbandyanla Ərdoğana “dəvət məktubu” göndərmişdi. Həmin məktubla Sərkisyan 2015-ci ildə keçirmək istədikləri qondarma “erməni soyqırımı” tədbirlərə Türkiyə prezidentini də dəvət edirdi. Bu artıq halqanın sonu idi. Bir sıra ekspertlər Ərdoğanın Qərbin təzyiqləri altında bunu qəbul edəcəyini, Yerevana gedəcəyini, beləliklə, sərhədlərin də açıqlacağı fikrini irəli sürdülər. Hansı ki, bununla Türkiyə 100 illik iftiranı qəbul etmiş olur, təzminat ödəyir, sərhədi açmaqla isə Qarabağın azad olunma perspektivini alt-üst edərdi.

Siyasi şərhçilərin qızğın ehtimalları ərəfəsində Ərdoğan Bakıya gəldi. Azərbaycanın birinci şəxsi ilə görüşdü, olduqca səmimi keçən görüşdə qarşılıqlı münasibətlərin istiliyi açıq-aşkar sezilirdi. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra hər iki lider mətbuatın önünə keçdi və burda səslənənlər bütün baş verənlərə aydınlıq gətirdi. Aydın oldu ki, qondarma “erməni soyqırımı”na qarşı Türkiyə və Azərbaycan birgə mübarizə aparacaqlarına dair qərar verib.


Proseslərə bu qərardan yanaşdıqda ehtimal etmək olar ki, Ərdoğan Ermənistanın dəvətinə, eləcə də Qərbin sərhəd təzyiqinə qarşı Prezident İlham Əliyevlə Bakıda müəyyən məsləhətləşmələr də aparıb. Bir növ, Azərbaycanın ən həssas yeri olan bu məsələdə azərbaycanlı həmkarının fikirlərini dinləmədən qərar vermək istəməyib. Görünür, hər iki lider bu haqsız təzyiq və cəhdlərə qarşı birgə mübarizəni seçdilər.


Bakı səfərindən bir gün sonra Uels sammiti var idi. Hər iki prezident NATO sammitində iştirak üçün Uelsə getdilər. Getməmişdən öncə Ərdoğan Bakıda söz verdi ki, NATO qarşısında Qarabağ məsələsini qaldıracaq. 4 sentyabrda Uels sammiti başladı. Əsas mövzu Rusiya təhlükəsi olsa da, Rusiyanın əlaltısı olaraq qəbul edilən Sərkisyan NATO-ya xahiş dolu məsləhət verdi. Bildirdi ki, NATO üzvünün sammitdə Qarabağla bağlı lobbiçiliyi yaxşı nəticəyə gətirib çıxarmayacaq.

Sərkisyan çəkinərək ad çəkməsə də, söhbət Türkiyədən gedirdi. O, bununla Ərdoğanın Bakıda verdiyi sözə işarə vururdu.

Sərkisyan xahiş dolu məsləhətinə baxmayaraq, NATO bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi və Sərkisyanın özü məcbur olub həmin sənədə imza atdı.


Göründüyü kimi, Ankara-Bakı ittifaqının gücünü NATO da qəbul etdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm