ABŞ-dan Qarabağa dair böyük sülh sazişi təklifi
Bizi izləyin

Nida.az

ABŞ-dan Qarabağa dair böyük sülh sazişi təklifi

Elmar Məmmədyarov Kerrinin vasitəçiliyi ilə baş tutan görüşün əsl mahiyyətini açıqladı; gələn ay sənədin hazırlanması prosesinə start veriləcək

NATO-nun Uels Sammitindən Azərbaycanın də öz gözləntiləri var idi. Hələ Alyansın tədbiri ərəfəsində hesab olunurdu ki, Qarabağ məsələsinə münasibət baxımından sammit Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Bu yanaşmanın müəllifləri Rusiya-Ukrayna münaqişəsinin əsas müzakirə mövzusu olacağını əsas gətirib ərazi bütövlüyü prinsipinin əsas amil kimi önə çəkiləcəyi təqdirdə Azərbaycan üçün də uduşlu situasiyanın yarana biləcəyini qeyd edirdilər. Bu mənada gözləntilər özünü doğrultdu.

Xəbər verildiyi kimi, NATO Sammitinin Yekun Bəyannaməsi Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan və Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə edib. Bəyannamənin 31-ci bəndində deyilir ki, Qafqazda, habelə Moldova Respublikasında münaqişələrin dinc yolla həlli beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin və 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır. Bəyannamədə millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında bir kəlmə də yoxdur. Bu mənada hesab olunur ki, Uelsdə Ermənistan prezidenti Serj Sərkisyan növbəti şapalaq alıb. Düzdür, erməni prezident işğal siyasətini ört-basdır etmək üçün xeyli cəhd göstərdi, ancaq müşahidəçilər hesab edir ki, faktiki olaraq onun cəhdləri iflasa uğrayıb. Odur ki, Sərkisyanın Uelsdən dönəndən sonra ölkəsində toplantı keçirərək müzakirələr açması da sammitdəki uğursuzluğun Ermənistanda yarada biləcəyi narazılıqları önləmək istəyi kimi yozulur. Erməni prezident NATO sammitinə Rusiyanın boyunduruğunda gedən, yenicə Gömrük İttifaqına “vəsiqə qazanan” bir ölkə kimi getmişdi və bu, Qərbin diqqətindən yayına bilməzdi.

İlham Əliyev: “Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir”

Alyansın toplantısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin erməni işğalı ilə bağlı həqiqətləri bir daha dilə gətirməsi də ölkəmizin mövqelərinin möhkəmləndirilməsi baxımından faydalı sayılır. İ.Əliyev sammitdəki çıxışında deyib ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın 20 ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır: “Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”. İ.Əliyev xatırladıb ki, Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir və bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir.

Ekspertlər də NATO sammitini Azərbaycan üçün uğurlu hesab edir. Ancaq Alyansdan bundan artığını gözləməyin mümkünsüzlüyü də dilə gətirilir.

Politoloq Rasim Musabəyov deyir ki, bu qurumdan Qarabağın azadlığını gözləməklə özümüzü aldatmağa ehtiyac yoxdur: “O sammitdə əsas məsəllə Qarabağ yox, Ukraynaya müdaxilə, Rusiyanın davranışları, eyni zamanda İŞİD təhlükəsi idi. Ermənistan NATO üzvü deyil və orda ABŞ, Türkiyə kimi aparıcı dövlətlər var. Sərkisyan isə ora cummuşdu ki, Kerri ilə birgə Qarabağ məsələsini birdəfəlik kənara atsınlar, ancaq bu da baş tutmadı. Bütün cəhdlərə baxmayaraq Azərbaycanı müzakirələrdən kənarda qoymaq mümkün olmadı. Nə qədər çalışsalar da ki, Qarabağla bağlı müzakirələrdə münaqişənin sülh yolu, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri ilə həll olunması məsələsi əksini tapsın, bu, mümkün olmadı. Yəni ümumi şəkildə sülh yolu ilə və Helsinki Yekun Aktının prinsipləri çərçivəsində həll olunma barədə deyildi. Sammit iştirakçıları tərəfindən işğala məruz qalanların ərazi bütövlüyünə dəstək də ifadə edildi. Erməniləri təkləməmək, daha dəqiqi Ermənistanı ürkütməmək üçün onların da adını ora saldılar. Kerri kifayət qədər ermənipərəst şəxs olsa da, Sərkisyan gördü ki, indiki vəziyyətdə ermənilərə dəstək əldə etmək qeyri-mümkündür”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəd verdiyi kimi, Uelsdə NATO-nun sammitində çıxışında Qarabağdan danışıb. O, Alyansın Azərbaycanla bağlı vədlərinin yerinə yetirilməli olduğunu bildirərək “Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması böyük əhəmiyyət daşıyır” deyib. Düzdür, Türkiyə prezidentinin amerikalı həmkarı Barak Obama ilə təkbətək görüşündə işğal olunmuş Azərbaycan əraziləri məsələsinin polemika mövzusu olduğu barədə açıqlama verilməyib. Bildirildiyinə görə, bu görüş zamanı daha çox Suriya və İraqda regional təhlükəsizlik və sabitliyi təhdid edən mühitə qarşı konkret addımlar atılması zərurəti, Fətullah Güənin qaytarılması və İŞİD məsələsi müzakirə mövzusu olub. Lakin bir sıra müşahidəçilər hesab edir ki, NATO sammiti çərçivəsində ərazi bütövlüyü məsələsinə önəm verməsindən əlavə, İŞİD-ə qarşı mübarizənin zəruriliyi barədə vahid mövqenin sərgilənməsi terror təhlükəsindən sığortalanmayan Azərbaycan üçün də önəmli məsələdir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ümumilikdə NATO-nun Uelsdəki sammitinin nəticələri Azərbaycanın xeyrinə oldu: “Birincisi, həmişə olduğu kimi bu dəfə də NATO qəbul etdiyi sənəddə digər ölkələr kimi Azərbaycanın da ərazi bütövlüyünü təsdiqlədi. İkincisi, Ermənistan prezidenti Serj Sərkisyan da eyni sənədə səs verdi. Bu da ondan irəli gəlirdi ki, həmin sənəddə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın da ərazi bütövlüyünün vacibliyi vurğulanırdı. Yəni Sərkisyan yerindən qalxıb deyə bilməzdi ki, yox, mən Azərbaycanın ərazi bütövlüyünü əsas götürən sənədə səs vermirəm. Adama deyərdilər ki, onda məntiqlə sən Ermənistanın da ərazi bütövlüyünə səs vermirsən.

Odur ki, biz mötəbər beynəlxalq tədbirdə Ermənistan prezidentini Azərbaycanın ərazi bütövlüyünə səs verməyə vadar etdik. Təsadüfi deyil ki, Serj Sərkisyan Ermənistana qayıdan kimi dərhal partiyasını toplayaraq İrəvanın NATO və AŞPA kimi təşkilatlarda Bakıya məğlub olduğunu etiraf etdi. Başqa necə ola bilər ki?” E.Şahinoğluna görə, baxmayaraq ki, Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya üzv olmaq hədəfini qarşısına məqsəd qoymayıb, ancaq Şimali Atlantika blokunun sülhməramlı əməliyyatlarında iştirak edirik, Azərbaycan ordusunda NATO standartlarına uyğun islahatlara üstünlük veririk: “NATO-nun Uels sammitində daha bir üstünlüyümüz Qarabağ məsələsində Bakının Ankara ilə birgə çıxış etməsi oldu. Ərdoğan Bakıda verdiyi vədi yerinə yetirdi, bütün ikitərəfli görüşlərdə Qərb liderlərinə Qarabağ probleminin həlli vacibliyini xatırlatdı. Bunun iki baxımdan əhəmiyyəti var idi. Birincisi, Qərb liderləri bir daha anlamlıydılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil. İkincisi, Qərbin arzuladığı Ermənistanın Rusiyanın caynağından qoparılmasının yolu da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən keçir. Məncə, həm Azərbaycan, həm də Türkiyə prezidentləri bu mesajı Qərb liderlərinin diqqətinə çatdıra bildilər.

Uesl sammitində bir başqa hadisə ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü idi. Bu Vaşinqtonun sanki Moskvaya mesajı idi ki, artıq Rusiyanın təkbaşına vasitəçilik missiyasına seyrçi qalmayacaqlar. Ancaq bu azdır. Gərək Vaşinqton Ermənistana təsir imkanlarını da hərəkətə gətirsin. Çünki, nə qədər Ermənistan Rusiyanın hərbi müttəfiqi olsa da, maliyyənin önəmli hissəsini ABŞ-dan alır. Demək, Vaşinqtonun İrəvana təsir etməsi üçün əlində ciddi aləti var. Amerikalı diplomatların son aylarda səsləndirdikləri ”Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" açıqlamaları bizim xeyrimizədir. Deməli, amerikalılar da anlayır ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmadan, yəni mərhələli həll planı işə düşmədən bölgədə sülh əldə edilməsi mümkün olmayacaq. Buna baxmayaraq, realistəm və təəssüf ki, Barak Obama hökumətinin Qarabağ münaqişəsinin həllinə baş vuracağını ehtimal etmirəm. Bütün hallarda Vaşinqtonun fəallaşması və Rusiyanın inhisarına son qoyması cəhdi bizim ziyanımıza deyil. Bütün bu deyilənləri nəzərə alaraq bir daha NATO sammitinin Azərbaycanın maraqlarına uyğun keçdiyi fikrindəyəm. Ancaq qəbul olunan sənədin və keçirilən ikitərəfli görüşlərin də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəyi fikrindən də uzağam. Hər halda Azərbaycanın ərazi bütövlüyünü vurğulayan sənəd nə qədər çox olsa, bir o qədər xeyrimizədir. Bir gün bölgədə durum dəyişər və həmin sənədlər işə yarayar".

“Serj Sərkisyan hazırda öz ölkəsində ciddi tənqid edilir”

Bunu isə deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə feysbuk səhifəsində yazıb. Deputat qeyd edib ki, Sərkisyan pis vəziyyətə düşüb: “Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə xoşagəlməz situasiyaya düşüb. O özü də istəmədən Azərbaycanın ərazi bütövlüyü sənədinə imza atıb. Belə ki, NATO-nin bu günlərdə Nyuport (Böyük Birtaniya, Uels) şəhərində keçirilən sammitinin qəbul etdiyi və Ermənistan prezidentinin də imza atdığı bəyanatda 30-cu bənd var. Bənddə deyilir: ”Ukraynadakı son hadisələr NATO-nun Şərqi Avropadakı bəzi partnyorları arasında narahatçılıq yaradıb. Müttəfiqlər partnyorlarının xarici siyasət və təhlükəsizlik - xarici təzyiq və məcbur etmədən azad müstəqil seçimlərini müdafiə etməkdə davam edəcəklər. NATO hüquqların müdafiəsi öhdəliyini saxlayır və əvvəlki kimi Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini müdafiə etmək əzmindədir". Bəyannaməni NATO sammitində iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan da imzalayıb və buna görə hal-hazırda öz ölkəsində ciddi tənqid edilir".

Məmmədyarovdan ilginc açıqlama

Bu arada Uelsdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə ilginc açıqlama yayılıb. “NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin hansı istiqamətdə iş aparmalı olduğunu öyrənmək istəyirdi”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN-də keçirdiyi mətbuat konfransında deyib. Nazir qeyd edib ki, görüşdə böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığı bildirilib: “Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır. Ən böyük problem Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğudur. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Onların işğal edilmiş ərazilərdə qalması təhlükəlidir və Azərbaycan bununla heç vaxt razılaşmayacaq”. (APA) E.Məmmədyarovun sözlərinə görə, ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın: “Güman ki, bu ay ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək”.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm