Heydər Əliyev - Milli Neft Strategiyasının Banisi
Bizi izləyin

Nida.az

Heydər Əliyev - Milli Neft Strategiyasının Banisi

1994-cü il 20 sentyabr tarixi, Gülüstan sarayı... Müstəqilliyinə yeni qovuşmuş bir ölkənin gələcək taleyi həmi gün məhz bu sarayda həll olunurdu. Dünyanın 8 ölkəsindən 13 şirkət- (“ARDNŞ”, “AMOKO”, “MakDermott”, “Yunokal”, “BP”, “Lukoyl”, “Statoyl”, “Ekson”, “Türkiyə petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta” şirkətlərinin nümayəndələri, rəsmi şəxslər, yüksək səviyyəli qonaqlar saraydadır.

Və həmin gün, Azərbaycanın iqtisadi müstəqilliyinin qazanıldığı, daha sonra siyasi gücünü artıracaq müqavilə imzalandı: “Əsrin Müqaviləsi”.
Azərbaycanın sonrakı taleyində ana xətt olaraq keçən milli neft strategiyasının əsası qoyuldu.. Halbuki bu asanlıqla əldə olunmamışdı.


90-cı illərin ağır günləri, ərazilərin işğalı, ölkənin varlığı üçün mövcud iqtidarın daxilində baş verən intriqalardan doğan təhlükələr... və bütün ümidlər qırılır. “Qırmızı imperiyadan qurtulduq, yenə də işğal altına düşəcəyik?” sualı hər kəsi düşündürür. Hər şey uçurumun dibinə yuvarlandığı vaxt möcüzə baş verir və Heydər Əliyev yenidən qayıdır. Hər kəsin gözlədiyi, lakin inanmadığı bir hadisə baş verir.
Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.


“Heç bir səhvə yol verə bilməzdik”

“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.
Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.


Neft tariximiz, qara qızıl necə aşkarlandı?


1848-ci ildə Bakının Bibiheybət kəndində kustar üsulla qazılan quyudan neft fəvvarə vurdu. Beləliklə, indi dünyanın enerji təhlükəsizliyində xüsusi paya malik olan Azərbaycan nefti aşkar edildi.


İlk neft zavodu Bakıda 1859-cu ildə tikildi. Bundan 4 il sonra, 1963-cü ildə kerosin zavodu inşa edildi və bu zavodda dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edib. 1867-ci ildə isə artıq Bakıda 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.


XIX əsrin sonunda Azərbaycanın neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı olub. Bunların sırasında o dövrün neft maqnatları və milyonçuları sayılan Hacı Zeynalabdin Tağıyevi, İsa bəy Hacınskini, Murtuza Muxtarovu, Şəmsi Əsədullayevi və digərlərini qeyd etmək olar. Məhz onların fəaliyyəti nəticəsndə 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti olaraq “Bakı neft cəmiyyəti” yaradılıb.

XIX əsrin 70-ci illərindən etibarən isə Azərbaycanın neft sənayesinə xarici kapitalın güclü axını başlayıb. Bunların sırasında əsas rolu isə Lüdviq və Robert Nobel qardaşları oynayıb. Neft sənayesində bir sıra yeni ideyaların geniş miqyasda reallaşdırılması onların adı ilə bağlıdır.

Neftin mədənlərdən zavodlara və dəniz sahilinə çatdırılması üçün ilk boru kəmərini inşa etdirən, neft daşımaları üçün “Zərdüşt” adlı ilk neftdaşıyan paroxodun və dünyada ilk neft daşıyan tanker olan "Zorastr" gəmisinin İsveçdə istehsal etdirilərək Azərbaycana gətirilməsinin sifarişçisi məhz bu qardaşlar olublar.

Nəticədə 20-ci əsrin ilk dövrlərində, neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firma, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sex, təmir emalatxanası və s. fəaliyyət göstərib.

Daha sonra qısa müddətdə yaşayan ADR milli sərvəti lazımınca istifadə edə bilmədi. Qismət 70 ildən sonraya imiş. Sovetlər vaxtı Azərbaycan nefti ittifaqın damarlarında axan əsas qan rolunu oynadı. II Dünya müharibəsinin qazanılmasında da Bakının qara qızılı əvəzsiz rola malik idi. Lakin bizim olan sərvət bizə özgəsinin malı kimi təqdim edilirdi.


Müstəqillik gəldi, “yaşasın Kral?”


Nəhayət Azərbaycan müstəqilliyinə qovuşdu və hər şey arxadan qaldı deyərkən problemlər də neft fontanı kimi “fəvvarə” vurdu. Söhbət 1991-94-cü illərdəki 3 illik müddətdən gedir. Hətta müstəqillik uğrunda mübarizə aparanlar belə problemləri görüb yenidən SSRİ-ni arzulayırdılar.
Bu illər ölkəni ən azı 30 il geriyə atdı. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz azalıb. Bu isə yenicə müstəillik qazanan bir ölkə üçün dəhşətli tendensiya idi. İqtisadiyyatı dağılan dövlətin tezliklə ya dağılacağını, ya da müstəmləkəyə çevriləcəyini nəzərə alsaq bu tale Azərbaycanı da gözləyirdi. Buna baxmayaraq ölkənin ozamankı rəhbərləri bu yolda dəyişikliyə səbəb olacaq heç bir addım ata bilmirdi, yaxud da ümumiyyətlə bu haqda düşünmürdülər. Nəticə isə göz qabağında idi. 1990-cı illərin iqtisadi mənzərəsini özündə əks etdirən rəsmi məlumatlarda sənayenin də tənəzzül prosesi yaşadığı göstərilir. Belə ki, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalma vəziyyətində idi. İstehsal potensialının 2/3-ni itirən ölkədə işsizliyinin səviyyəsi kritik hala çatmışdı. İnflyasiyanın səviyyəsi isə əvvəlki illərə nisbətən xeyli artmışdı. 1992-ci il üçün 4.9 dəfə olan inflyasiya 1994-cü ildə ən yüksək həddə çatdığı göstərilir. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti isə 1991-ci ildəki 1 faizdən 1994-cü ildə 13 faizə qədər artıb. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalaraq, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da xarici sərmayə yatırılmayıb. Ölkə iqtisadiyyatının idarəolunmaz vəziyyəti nəticəsində insanların yaşayışı da xeyli aşağı səviyyədə idi. Eyni zamanda, 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüş vəziyyətdə idi. Əhalinin əmək haqları isə, 1991-ci ildən başlayaraq 4 il ərzində 5,7 dəfə azalıb.

Bütün bunlar müstəqilliyini yenicə qazanan ölkəni dağılma həddinə çatdımışdı. Əslində isə, hər bir siyasi müstəqillik əldə edən dövlətin qarışında duran ən vacib məsələ xarici müdaxilələrə tab gətirə bilən, heç bir təsir altına düşməyən müstəqil milli iqtisadiyyatın və beynəlxalq ticarətdə güclü məzənnəyə malik olan milli valyutaya əsaslana milli bazarın yaradılması və inkişafını sürətlə getməsini təmin etməkdir. Bunu üçün əldə olan vəsaitləri düzgün qiymətlədirilməsi və lazımlı sahələrin inkişafına yönəltmək lazım idi ki, bu da ozamankı rəhbərləri düşündürmürdü.

O gəldi və xilas yolu tapıldı


Lakin Azərbaycan iqtisadi mənzərədə tənəzzül görüntülərini, inkişafla əvəz edə bildi. Bu mənzərənin görüntüsünü dəyişənsə hakimiyyətə yeni gələn Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” oldu. Müharibədən yenicə çıxmış Azərbaycanın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanan bu sənəd ən azından ölkəmizi dünyaya tanıdan ilk addım idi. Çünki, həmin dövr üçün Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da yalnız mənfi rəy formalaşmışdı.

Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Artıq hər bir dövlət üçün vacib olan milli iqtisadiyyatın əsası Azərbaycanda da qoyulub. İqtisadi nəzəriyyəyə görə, milli iqtisadiyyat və milli bazar müəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası, münasibətlər sistemidir. Təsərrüfat mexanizmi və idarəetmə strukturları ilə birlikdə sosial-iqtisadi orqanizm olan dövlət üçünsə milli iqtisadiyyatın yaranması öz sərhədləri çərçivəsində tanınması qədər önəmli məsələlərdəndir. Hər bir ölkənin milli iqtisadiyyatı ümümdünya iqtisadiyyatının bir hissəsini təşkil etdiyi üçün bununla da Azərbaycan bir müstəqil dövlət kimi, dünyada tanınaraq, onun ayrılmaz bir hissəsinə çevrildi. Buna da məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə nail olundu. Buna milli iqtisadiyyatın əsaslarına nəzər yetirdikdə bir daha əmin olmaq olur. Belə ki, nəzəriyyəyə görə, iqtisadiyyatin müstəqil milli əsaslarının yaradılmasında dörd əsas zəruri şərtə- ərazi birliyinə, ərazi əmək bölgüsünə, iqtisadi birliyə, istehsalın kompleks inkişafına əməl olunmalıdır. Bu şərtlər də məhz Heydər Əliyevin gəlişi ilə həyata keçirildi.
Azərbaycan üçün həyati əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”ndən sonra yeni daşınma kəmərlərinin çəkilməsi ilə bu prosesi davam etdirmək vacib idi. Buna görə də, Bakı-Supsa kəməri işə salındı, “Bakı-Tbilisi-Ceyhan” neft kəməri inşa olundu. Daha sonra ölkədə neft gəlirləri qeyri-neft sektorunun inkişafına xərclənməyə başlandı. Ölkədə uzun durğunluqdan sonra kənd təsərrüfatı və sənaye dirçəldi.

1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artıb. Son 4 ildə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artım olub. Hər bir ölkə üçün vacib olan milli iqtisadiyyat Azərbaycanda da bərqərar oldu və artıq bir sıra uğurlar əldə edilməyə başlandı.

Ölkəyə daxil olan valyuta ehtiyatları artdıqca neft gəlirlərinin idarə edilməsi və qorunması zərurəti yarandı ki, bunu nəzərə alan Heydər Əliyev neft strategiyasının əsas məqamlarından bir olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması barədə Fərman imzaladı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.

Və Heydər Əliyevin yaratdığı milli neft strategiyası bu gün Azərbaycanı regionda və dünyada lider dövlətlərdən birinə çevirdi. Hər şey 1994-cü ildə başladı və hər şey Heydər Əliyev şəxsiyyəti ilə bərqərar oldu.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm