Minsk qrupunun son akkordları: Paris son dayanacaqmı? – Təhlil
Bizi izləyin

Nida.az

Minsk qrupunun son akkordları: Paris son dayanacaqmı? – Təhlil

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində son vaxtlar ciddi aktivlik nümayiş olunur. Əslində hər şey iyul ayının sonu - avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərlə başladı.

Üçgünlük döyüşlərdən dərhal sonra xəbər yayıldı ki, Azərbaycan və Ermənistan prezidentləri avqustun 10-da Rusiya prezidentinin iştirakı ilə görüş keçiriləcək. Əslində, bu, ilk baxışdan Rusiyanın bir sülhsevər olduğunu göstərə bilərdi, amma digər tərəfdən Moskva çoxsaylı insan ölümü ilə nəticələnən döyüşlərə görə şübhələri üzərinə çəkdi. Xarıci analitiklərin əksəriyyətinin fikirləri bu istiqamətdə oldu ki, cəbhədəki təxribatların arxasında məhz Moskva dayanır.

Təbii ki, Putinin Soçidən Qərbə barmaq silkələməsi münaqişənin həllində vasitəçi qurum olan ATƏT-in Misnk qrupunun həmsədri ABŞ-I narahat etməyə bilməzdi. Soçi görüşünün cavabını vermək üçün ən yaxşı məkan isə 4-5 sentyabr tarixlərində NATO sammitinin keçirildiyi Uelsin paytaxtı Kardiff idi. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirildi.

Görüşün Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə keçirilən Soçi görüşündən sonra baş tutması olduqca önəmli faktor kimi dəyərləndirilirdi. Avqustun 10-da – Rusiya ilə dünya boks yığmaları arasında keçirilən yarışdan bir gün sonra baş tutan Soçi görüşü əslində bir sıra mesajların verildiyi məkan idi.

Ukraynanın yeni hakimiyyətinin, eləcə də ukraynalıların seçiminin nə olmasından asılı olmayaraq, bu ölkəni Qərbə güzəştə getmək niyyətini açıq şəkildə ortaya qoyan Putin eyni davranışı Soçi görüşü ilə Cənubi Qafqazla bağlı da sərgilədi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində çoxsaylı hərbçinin ölümü ilə nəticələnən 3 günlük döyüşlərin sonuncu günü iki ölkə prezidentinin Soçi görüşəcəyinin açıqlanması əslində Qərbə verilən mesaj idi: istəyəndə silahları işə salaram, istəyən də də görüşü təşkil edə bilərəm. Hansı ki, əvvəlki prezident Dmitri Medvedevin məşhur Qarabağ missiyasının başa çatmasından sonra Putin bir dəfə də olsun Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə cəhd etməmişdi.

Soçi görüşü Azərbaycan və Ermənistan, eləcə də digər xarici analitiklərdə belə bir təəssürat oyatmışdı ki, Moskva Qarabağ prpblemini özününküləşdirmək, monopoliyaya almaq istəyir. NATO sammiti çərçivəsində ABŞ dövlət katibinin iştirakı ilə Uelsdə keçirilən görüş də kiçik görünsə də Vaşintonun Moskvanın monopolist cəhdləri ilə razılaşmayacağı mesajı idi. Kardiffdəki görüş hər halda Soçidəki görüş qədər əzəmətli görünməsə də, ABŞ “mən də varam” deyirdi.

Soçi görüşündən sonra Qərb, o cümlədən erməni ekspertlərində belə bir narahatlıq var idi ki, Moskva Qarabağ münaqişəsinin həlli prosesini monopoliyaya almaqla əslində Minsk qrupunu bir vasitəçilik formatı olaraq sıradan çıxarmaq istəyir. Xüsusilə ermənilər prosesə Türkiyənin cəlb oluna biləcəyindən narahatlıq keçirir. Onlar Türkiyə və Rusiya arasında son vaxtlar müşahidə olunan yaxınlaşma fonunda bunu mümkün hesab edirlər. Brüsseldə yerləşən Avropa siyasəti üzrə Mərkəzin eksperti, məşhur politoloq Amanda Pol bir neçə gün bundan əvvəl verdiyi müsahibədə Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər də ermənilərin narahatlığının əsassız olmadığını göstərir.

A.Pol mövcud formatın Rusiyaya sərf etdiyini düşünür. Politoloq qeyd edir ki, münaqişənin nizamlanması prosesinə yeni vasitəçilər cəlb olunmalıdır: “Rusiya qrupunun üzvüdür, lakin danışıqları ikitərəfli aparır. Minsk qrupunu münaqişəni nizama salmağı bacarmamaqda ittiham etmək olmaz. Bu format artıq köhnəlib, onu yeniləmək lazımdır. Proses genişlənməlidir, nizamlanma prosesinə Türkiyə və İranı cəlb etmək olar. Həmçinin Avropa Birliyinin rolu aktiv olmalıdır. ABŞ da öz rolunu yüksəltməli və Moskvaya qarşı olmaqla daha ciddi siyasi oyunçuları prosesə daxil etməlidir”.

Danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etdirilməsinin əhəmiyyətini vurğulayan ABŞ dövlət katibi bir növ erməniləri sakitləşdirdi və Moskvaya da mesaj göndərdi. Amma Moskvanın da Minsk qrupunu sıradan çıxarmaq istədiyini tam əminliklə söyləmək olmaz. Hər halda, bütün bunlar ehtimallardır.

Moskva və Vaşinqtondan sonra növbə Parisə çatmışdı və heç şübhəsiz ki, Parisin hazırkı prosesdən kənarda qalması onun Minsk qrupunda onsuz da passiv olan mövqeyini “öldürə” bilərdi. Digər tərəfdən isə xatırlatmaq lazımdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə Fransa prezidenti Fransua Ollanddan təklif gələndə, nə Soçi, nə də Uels görüşü gündəmdə yox idi. Fransa prezidenti sözügedən təklifi may ayının 12-də Cənubi Qafqaz turnesində vermişdi. Bu günlərə qədər də onun bu təklifi göydə qalmışdı.

Dünən məlum olub ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü məhz Parisdə keçiriləcək. Prezidentlərin Paris görüşü həm Ollandı pərt olmaqdan xilas edər, həm də müttəfiqi olan ABŞ-a dəstəyini nümayiş etdirmiş olardı. ABŞ-dan fərqli olaraq Rusiya ilə daim isti münasibətlərə can atan Fransanın Ukrayna hadisələrindən sonra bunu etməsi çətin görünür. Fransa ABŞ və Rusiya arasında seçim etməli idi ki, Paris Vaşintonu seçdi. Bu özünü “Mistral” hərbi gəmilərin Rusiyaya çatdırılmasının dayandırılmasında da özünü göstərdi.

ABŞ-dan Qarabağa dair verilən böyük sülh sazişi barədə təklifi də qeyd etməm lazımdır. Heç şübhəsiz ki, sözügedən təklifdə ABŞ və Fransanın mövqeləri üst-üstə düşəcək.


Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq (siyasətçi) Natiq Miri prezidentlərin Soçi və Kardfiff görüşlərini, o cümlədən planlaşdırılan Paris görüşünü şərh edib.

N.Miri xatırladıb ki, prezidentlərin Soçi görüşü ərəfəsində cəbhə xəttində hərbui faza aktiv idi: “Lokal döyüşlərin böyük bir savaşa çevrilməməsi üçün Rusiya hərəkətə keçdi.Əslində bir çoxlarının fikirlərinə görə, hərbi təxribatların da mənbəyi Rusiya idi. Dərhal Soçi görüşünün təşkil olunması və ondan sonra atəşkəsin təmin olunması da göstərdi ki, bu Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir görüş idi”.

Müsahibimizin sözlərinə görə, prezidentlərin ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə NATO sammiti çərçivəsində keçirilən görüş tamamilə fərqli bir rakursda idi: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və düşünür ki, münaqişənin həllinin tapılmaması gələcək üçün təhlükələr vəd edir. Bu təhlükələrin qalması isə Rusiyanın Cənubi Qafqazda mövqeyini möhkəmləndirir. Çünki Krım hadisəsi göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi istənilən vaxt qanlı bir savaşa çevrilə və Rusiya böyük bir ərazini ilhaq edə bilər. Məhz bu təhlükənin qarşısını almaq üçün ABŞ hərəkətə keçdi və göstərdi ki, münaqişəni Rusiyanın monopoliyasından çıxarmaq niyyətindədir. Uelsdə keçirilən görüş də məhz bu niyyətin göstəricisi idi”.

N.Miri qeyd edir ki, bunun ardında Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı niyyəti də məhz Rusiyanın bu monopoliyasına qarşı yönəlib.

“Amma bu məqsədi çatmaq üçün təkcə Azərbaycan kifayət etmir, Ermənistanın da müəyyən mənada razılığını almaq lazımdır. Azərbaycanın müstəqil siyasətindən fərqli olaraq Ermənistan müstəqil siyasi iradəyə sahib ölkə deyil. On görə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə yanaşı digər bir proses işə salınacaq. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açıqlamsından gedir. Bu proseslər paralel gedəcək ki, Ermənistanın tədricən Rusiyanın təsirindən çıxarmaq mümkün olsun. Bu baş tutarsa, Dağlıq Qarabağ münaqişəsini də Rusiyanın monopoliyasından çıxarmaq mümkün olacaq”, - politoloq söyləyib.

ABŞ, Rusiya və Fransanın prosesi təktərəfli irəliyə aparmaq istəyi fonunda vasitəçi qurumu olan ATƏT-in Minsk qrupunun taleyinə gəlincə, politoloq bu formatın Azərbaycanın mənafeyinə uyğun olmadığını söyləyib:

“Dünyada nizam və bir sıra məsələlərə baxış dəyişib. Hətta NATO-nun Uels sammitində qəbul olunan bəyannamənin münaqişələrlə bağlı hissəsində yalnız bir – dövlətlərin ərazi bütövlüyü prinsipindən söhbət gedirdi. Millətlərin öz müqəddəratını təyinetmə prinsipi təxirə düşdü. Rusiyanı narahat edən amil də məhz budur. ATƏT-in Minsk qrupunun söykəndiyi prinsiplər isə bir-birinin əksi olan prinsiplərdir. Onlardan biri ərazi bütövlüyü, digəri isə öz müqəddəratını təyinetmə prinsipidir. Bu prinsipləri iyirmi il ərzində razılaşdırmaq mümkün olmayıb. Bundan sonrakı iyirmi il ərzində də mümkün olmayacaq. Ona görə də münaqişənin həllində prinsiplər dəyişdirilməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm