• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vəfa Quluzadə: “Qarabağ münaqişəsi 50 il davam edə bilər”- Müsahibə

  • Nida.az
  • 9 Sentyabr 2014 15:07
  • 2 049 Baxış
Vəfa Quluzadə: “Qarabağ münaqişəsi 50 il davam edə bilər”- Müsahibə

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a müsahibəsində prezidentlərin Paris görüşünün hazırlanması, Qarabağ münaqişəsi ətrafında baş verən oyunlar və münaqişənin həll müddəti haqda danışıb.


- Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcək. Bundan əvvəl Soçidə Rusiya prezidentinin dəvəti ilə görüş oldu, sonra da NATO-nun Uels sammitində ABŞ dövlət katibi Con Kerri prezidentləri görüşdürdü. Bu ölkələrin hər biri Minsk qrupunda təmsil olunur. Maraqlıdır, nə üçün hər biri ayrılıqda görüşlər keçirirlər?


- Bu günədək Rusiya Minsk qrupunun üzvü olan ölkə kimi münaqişəni yoluna qoymaq əvəzinə sülhü əngəlləyir, danışıqlar prosesinə maneələr yaradır. Ona görə qərb bu məsələyə Rusiyasız girişib. NATO-da da prezidentlər Rusiyasız görüşdülər. İndi də Parisdə eyni formatla görüşəcəklər. Bu cür görüşlərin əsas məqsədi Ermənistana təsir etməkdir. Ermənistanı başa salmaq lazımdır ki, Rusiyadan ayrılıb, Moskvanın diktəsi olmadan sülhə doğru addımlar atsın. Buna nail olunsa, sülh yaxın olacaq. Lakin Ermənistan, hələ ki, Rusiyadan çəkinir və qorxur. Bəlkə də, bunun üçün vaxt lazım olacaq. Sanksiyalar tətbiq edildikcə Rusiya zəifləyəcək və Ermənistan müstəqillik əldə edəcək. Bundan sonra onlar danışıqlara gedə bilərlər. Qərb də buna çalışır.


- Əgər belə olsa, o zaman Ermənistanın Qərbə çıxış üçün Türkiyə ilə sərhədləri açması lazımdır. Bildiyimiz kimi, Qarabağla yanaşı, Ermənistanın Türkiyəyə qarşı iddiaları da buna imkan vermir.

- Əgər Ermənistan Rusiyanın diktəsindən çıxsa, torpaqları azad edər və sərhədlər açılar. Amma sərhədlərin açılmasını Rusiya əngəlləyir. Rusiyanın diktəsi ilə Ermənistan antitürk siyasət yürüdür, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, türkləri “soyqırım”da ittiham edir. Bu şəraitdə sərhədlər necə açıla bilər? Üstəlik, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Ermənistan Türkiyə ilə sərhədlərini açmaq üçün Rusiyadan soruşmadan qoşunlarını işğal olunmuş ərazilərdən çəkməlidir. Ondan sonra Türkiyə sərhədləri aça bilər. Bunların hamısı da Moskvanın Gümrüdəki əsgəri bazasının xoşuna gəlməyə və Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.


- Vəfa müəllim, proqnozlar inandırıcıdır, amma bunun reallaşması mümkünsüz görünür. Bütün bunların baş verməsi üçün gərək Rusiya ümumiyyətlə məhv ola...


- Məsələ məhv olmaqda deyil. Bu, həqiqətən də, qeyri-realdır. Məsələ ondadır ki, Rusiyada hakimiyyətə imperiya qüvvələri gəlib. Əgər liberallar, yaxud başqa qüvvələr gəlsə, vəziyyət tamamilə dəyişmiş olar. Heç kəs demir ki, Rusiyanı yer üzündən silək, o zaman hər şey həll olunacaq. Bu tamamilə yanlış mövqedir. Sadəcə olaraq, Rusiyada hakimiyyət dəyişməlidir. Putin imperiya hakimiyyəti qurub. Qardaş Ukrayna ilə müharibə aparır. Krımı ilhaq etdi, Şərqdə qanlı müharibələr gedir. Bunu da Ukrayna qəbul etmir. Ona görə də əgər Rusiya hakimiyyəti normal hakimiyyətlə əvəzlənsə, normal qüvvələr ölkəni imperiya, ekspansiya yolu ilə aparmaz, əvəzində ölkəni qurub yaradar. Dünyanın ən böyük ərazisinə malik ölkədir, ən zəngin təbii ehtiyatlar ordadır. Hər şey var, gedin tikin, qurun, nə üçün qonşu xalqların canına düşmüşünüz? Məsələ budur.


- Sizə Rusiya müxalifəti Putini əvəzləyə biləcək gücdədirmi?

- Siz hər şeyi normal müstəvidə görmürsünüz. Rusiya bu dəqiqə böhran içindədir. Çar hökumətini, II Nikolayı I Dünya müharibəsi yıxdı. Hakimiyyət dəyişdi, amma mənfiyə doğru getdi. Çünki totalitar, dünya hökmranlığına iddialı olan sovet rejimi gəldi. Putin hakimiyyəti getsə, yerinə kim gələcək? Əsas problem bundadır. Rusiyada müsbət qüvvələr var, intellektual potensial böyükdür, müxalif düşüncə genişdir. Onlar hakimiyyətə gəlsə, yaxşı ola bilər. Amma Putin gedəndən sonra qatı millətçi, aqressor gəlsə, vəziyyət bundan da pis olar.


- Bütün bu proseslər göstərir ki, Qarabağ münaqişəsi bundan sonra hələ 10 il də uzanacaq. Siz necə düşünürsünüz?


- Qarabağ münaqişəsi 10 il yox, 50 il də davam edə bilər. Amma bir ayın içində həll oluna da bilər. Bu, dünyada baş verən hadisələrdən asılıdır. 1917-ci ildə heç kim deyə bilməzdi ki, inqilab olacaq. Çar II Nikolay müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşmışdı, qayıtmaq fikrində idi. Amma vəziyyət başqa cür oldu. Yəni proqnozlar öz yerində, hərdən tarix elə döngələrə gedir ki, heç bir proqnoz onu təyin edə bilməz.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR