Xanım siyasətçi ilə İsa Qəmbərin komandası davaya çıxdı - Şok İttihamlar
Bizi izləyin

Nida.az

Xanım siyasətçi ilə İsa Qəmbərin komandası davaya çıxdı - Şok İttihamlar

Keçmiş ACP-çi, Rəsul Quliyevin əsas adamlarından olduğu deyilən Zəminə Dünyamalıyeva ilə Müsavat arasında yaranmış qalmaqal davam edir.

Müsavatda başqanlıq seçkilərini qiymətləndirən xanım siyasətçi əsas günahkar kimi İsa Qəmbəri görüb və bildirib ki, İ. Qəmbər 10 il öncə getsəydi, Müsavat daha çox qazanardı. Bundan başqa bəzi tənqidlər səsləndirən Z. Dünyamalıyeva ilə partiya arasında qalmaqal başlanıb.


Əvvəlcə Müsavat Divanının üzvü Tural Abbaslı Publika.az-a açıqlama verərək xanım siyasətçinin ittihamlarına cavab verdi.


Divan üzvü bildirib ki, Z. Dünyamalıyeva Azərbaycanda ən çox partiya dəyişən şəxsdir: “Amma heç bir partiyada uğur əldə etməyib. Onun siyasi təcrübəsi çox idisə, bir-bir dəyişdiyi partiyalara tətbiq edərdi. Zəminə xanımın İsa bəyin fəaliyyəti haqda danışmağa isə heç bir haqqı yoxdur. O, gündəmə gəlmək üçün İsa bəyin adından istifadə edir. Gündəmə gəlmək üçün Rəsul Quliyev haqqında yeni açıqlamalar verir”.


T. Abbaslının ardınca müsavatçı xanım Nüşabə Sadıqlı Dünyamalıyevaya ittiham dolu tənqidlər irəli sürdü. Müsavatçı xanım musavat.com-a açıqlamasında bildirib ki, o, Zəminə Dünyamalıyeva kimi siyasi səviyyədən, elmdən kasad, gündə bir partiya dəyişən, yaradılmasında iştirak etdiyi partiyada özünü lazımsız şəxsə çevirən insanın fikirlərini ciddiyə almır: “Mən öncə istədim ki, bu cür xarakteristikaya malik bir adama, ümumiyyətlə, baş qoşmayaq. Lakin onun Müsavat və İsa Qəmbər haqqında əndazəni aşan sərsəmləmələrinə layiq olduğu cavabı verməyi lazım bildim. Bu Zəminə Dünyamalıyeva, qeyd etdiyim kimi, siyasətdən bixəbərdir. Təsəvvür edin ki, adam vaxtilə üzvü olduğu və sonradan xəyanət etdiyi YAP-ın siyahısı hesabına Azərbaycan parlamentinin deputatı olmuşdu. Neçə il deputat olması, neçə-neçə partiya dəyişməsi, dəyişdiyi partiyalarda yüksək postlarda təmsil olunması belə, Zəminə Dünyamalıyevanın səviyyəsinin artmasına təsir göstərə bilmədi. Bu adam siyasətdə o qədər təsadüfi, o qədər kasaddır ki, 20 il ərzində əvvəlki səviyyəsindən bir pillə də irəliyə inkişaf edə bilməyib. ADP-dən getdikdən sonra Rəsul Quliyevin dəstəyi ilə ACP adında bir partiya yaratmışdılar. Zəminə Dünyamalıyeva bu partiyanın ikinci şəxsi - Ali Məclisin sədri idi. O zaman da adam təəccüblənirdi ki, Zəminə Dünyamalıyeva adında “Ali” ifadəsi olan bir quruma sədrlik edir. Onun siyasi səviyyəsi ilə “Ali” sözünün ifadə etdiyi məzmun tamamilə bir-birinə əksdirlər. Elə məhz buna görə də ACP Azərbaycan siyasətində özünü göstərə bilmədi. Tarixdən silinmiş millətlər kimi ACP-də silindi. Ali Məclisinə Zəminə Dünyamalıyeva kimisi sədrlik edən partiyanın sonu sıfır, yox olmalı idi. Əslində bu gün Zəminə Dünyamalıyevanın özü də xeyli vaxtdır Azərbaycan siyasətində dəfn olunmuşlardan biridir. Azərbaycan xalqı belələrini artıq ölmüş siyasətçilər kimi xatırlayır”.



Publika.az-a açıqlamasında Z. Dünyamalıyeva ona qarşı olan bu tənqidlərə cavab verib. Xanım siyasətçi səslənən fikirləri məntiqsiz adlandırıb: “Hamısı boğazdan yuxarı danışır. Onlara nə demək olar ki. Mən bir neçə partiya yox, cəmi iki partiyada olmuşam. YAP-ın qurucularından biri kimi bu partiyada təmsil olundum, lakin sonra siyasi xətlə razılaşmayıb müxalifətə keçdim. Müxalifətdə də ACP-də təmsil olunmuşam. Lakin bir şeyi bilməlidirlər ki, hansısa partiya adını dəyişirsə, parçalanırsa, bölünürsə, bu mənim siyasi fəaliyyətimə daxil deyil. Özlərini siyasətçi deyənlər bir qədər məntiqlə danışsalar yaxşı olar. Deyirlər ki, mən Müsavat haqqında söz deyə bilmərəm. Nə üçün? Onlar bəs necə demokratdırlar? Demokratiyadan dəm vuran başqalarına necə deyə bilər ki, sən filan məsələdən danışa bilməzsən. Mənim fikrimə hədd qoymaq heç kimin səlahiyyətində deyil. Fikrimə hədd qoyub-qoymamaq, hansı fikir səsləndirmək mənim öz səlahiyyətimdədir. Sadəcə onu deyə bilərəm ki, mən gündə partiya, fikir dəyişən adam deyiləm. Özlərinə aid olan xüsusiyyətləri başqasına aid etməsinlər. İnsanlar oxuduğu məktəbdən, aldığı diplomatdan asılı olmayaraq məntiqli danışmağı öyrənməlidir. Bu, xüsusilə siyasətçilərə aiddir”.

Z. Dünyamalıyeva əlavə edib ki, o, gündəmdə qalmaq üçün fikir səsləndirmir.


“Mən hər zaman gündəmdəyəm. İstər partiyada təmsil olunduğum vaxtlar, istərsə indi, hər zaman müstəqil şəkildə sözümü demişəm. Heç kimdən çəkinməmişəm”, - deyə xanım siyasətçi bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm