• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İsa Qəmbərin keçmiş müavini: “Qurultay Müsavatı parçalayacaq”

  • Nida.az
  • 9 Sentyabr 2014 16:28
  • 421 Baxış
İsa Qəmbərin keçmiş müavini: “Qurultay Müsavatı parçalayacaq”

“Qurultaydan sonra Müsavatdan gedənlər olacaq. Bu qaçılmazdır”.

Publika.az-a açıqlamasında İsa Qəmbərin keçmiş müavini, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin getməsi müsavatı zəiflədəcək: “Çünki o, partiyada birləşdirici fiqur rolunu oynayırdı. Əvvəldən partiya daxilində bir-birini qəbul etməyən qruplar olub, hətta bir-birinə qarşı gizli kampaniya təşkil edənlər də var idi. Lakin bütün hallarda İsa Qəmbərə görə müəyyən sakitlik, birləşmək amili olub. İndi İsa Qəmbər gedirsə, bir-birinə qarşı qisasçı mövqeyində dayanan qruplara geniş meydan açılır. Bu isə partiyanın parçalanmasına gətirib çıxardacaq”.

Q. Hüseynli əsas namizəd kimi iki şəxsi, Arif Hacılı və Qubad İbadoğlunu görür. Politoloq qeyd edib ki, bu iki şəxsin münasibətləri qurultaydan sonra kəskinləşə bilər.

“Arif Hacılı uzun müddət partiyanın birbaşa daxili işi ilə məşğuldur və kifayət qədər öz imkanlarını genişləndirib. Təsadüfi deyil ki, bütün rayon təşkilatları onun ixtiyarındadır və onun namizədliyini dəstəkləyir. Digər tərəfdən, A. Hacılının buna haqqı çatır. Çünki o ömrünün əsas hissəsini Müsavatda keçirdib, partiya üçün gördüyü işlər böyükdür. Bundan başqa, Qubad İbadoğlu ilə müqayisədə o daha güclü siyasətçidir. Lakin məlum olur ki, Q. İbadoğlunu dəstəkləyənlər də az deyil. Özü də bu şəxslər partiya rəhbərliyində təmsil olunmuş əsas müsavatçılardır. Dediyim kimi, bu daxili intriqadan irəli gələn məsələdir”, - deyə o vurğulayıb.

Politoloq hesab edir ki, başqanın kim olmasında İsa Qəmbərin sözü əsas olacaq: “Faktiki olaraq güclər Arif Hacılının az fərqlə xeyrinədir. Lakin qurultayda nə olacağı bəlli olmaz. Ona görə də İsa Qəmbərin dəstək verdiyi şəxs başqan olacaq. O da bu iki şəxsdən birinə dəstək verməlidir. Əgər bu dəstək İbadoğluna olsa o zaman Müsavat bütövlükdə parçalanacaq. Çünki Arif Hacılı və ətrafı gedəcək ki, bu da partiyanın əsas hissəsidir. Yox, Arif Hacılı başqan olsa, Qubad İbadoğlu gedəcək, amma özü ilə çox şey apara bilməyəcək. Yəni onun getməsi Müsavata daha az ziyan vuracaq”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR