• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cəmil Həsənli Eldar Namazova sərt cavab verdi – “Namizəd olmaq istəyirdi…”

  • Nida.az
  • 4 Fevral 2014 15:53
  • 794 Baxış
Cəmil Həsənli Eldar Namazova sərt cavab verdi – “Namizəd olmaq istəyirdi…”

Milli Şuranın sədri Cəmil Həsənli bu qurumu tərk edən “El” Hərəkatının rəhbəri Eldar Namazovun bəzi tənqidi fikirlərinə münasibət bildirib. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində Eldar Namazovun “Milli Şuranın yaradılması ilə bağlı danışıqlarda iştirak edən 6 siyasi liderin 4-ü artıq qurumu tərk edib” irad-fikrinə belə cavab verib:

“Bütün hallarda Azərbaycan siyasi həyatında olan qüvvələrdən kimlərinsə Milli Şuradan getməsi itkidir. O gedən adamlar içərisində kifayət qədər yaxşı potensialı, analiz qabiliyyəti olan, Milli Şuraya xeyir gətirə bilən adamlar var idi, biz buna təəssüf edirik, əlbəttə, gərək bunlar olmayaydı. Amma eyni zamanda nəzərə almaq lazımıdır ki, Eldar Namazovun misal gətirdiyi 6 liderin ikisi elə onun özünün Milli Şurada aktiv fəaliyyəti dövründə getmişdi.

Məsələn, Rəsul Quliyevin Milli Şuradan uzaqlaşdırılması bir tərəfdən onun şura haqqında aşağılayıcı fikirləri ilə bağlı idisə, digər tərəfdən Eldar Namazov haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı idi. Onun MŞ-də saxlanması həm MŞ-yə, həm də Eldar Namazova hörmətsizlik olardı. Liberal Partiyanın lideri isəi MŞ rəhbərliyinə, ilk növbədə Müsavat başqanı İsa bəyə qarşı aşağılayıcı fikirlər irəli sürüb MŞ-dən getdiyini bildirmişdi. Digər liderlərdən biri İsa bəydir ki, onun gedişinə səmimi olaraq təəssüf edirik. Eldar bəy isə praqmatik siyasətçi olduğundan MŞ ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. Milli Şuranın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi. Amma bu divident qalacaqmı? Bunu zaman göstərər. Digər məqsəd isə Milli Şuranın namizədi olaraq seçkiyə qatılmaq idi. Buna isə nail ola bilmədi. Düzdür, ilk dövrlərdə o, bu çətinliyi düzgün qiymətləndirmir, namizəd olub seçiləcəyinin artıq həll olunduğunu gizlətmirdi. Amma həyat onun gözlədiyindən daha mürəkkəb oldu, hadisələr onun düşündüyündən daha çətin məcraya yönəldi. Ona görə də indi MŞ Eldar Namazov üçün maraqsız idi. Lakin bütün hallarda bu adamların MŞ-dən getməsi arzuolunan deyildi.”

Daha sonra C.Həsənli Eldar Namazovun Milli Şurada İcra Aparatının rəhbəri kimi fəaliyyətindən danışıb və bildirib ki, o, Milli Şuranın işini qura bilməyib.

“Eldar Namazov özü də dəfələrlə etiraf edib ki, o, Milli Şuranın işini qura bilmədi. Komissiyaları işlədə bilmədi. İndi Məşvərət Məclisinin yaranmamasının günahını İsa bəylə, Əli bəyin üzərinə atır, halbuki İcra Aparatının rəhbəri kimi o, özü bunda maraqlı deyildi və bunu heç gizlətmirdi də. Yaxud Seçki Qərargahı ilə bağlı məsələ… Həmin dövrdə Milli Şuranın İcra Aparatı yanında təşkil olunmuş Eldar bəyin rəhbərlik etdiyi qərargah Rüstəm bəyin imza vərəqləri alması üçün sənədləri təxminən 12 günə hazırlayıb MSK-ya vermişdi. Neytral bir adamın seçki qərargahına rəhbərlik etməsi, Müsavat, Cəbhə, KXCP nümayəndələrinin də ona müavin olması həmin dar məqamda real deyildi. Bizim çox dar macalımız olduğu üçün sənədləşdirməni tez başa çatdırmalı idik. Eldar bəyin qərargahının 12 günə etdiyini bizim seçki qərargahı 12 saata etdi. Həm Arif bəyin, həm Həsən bəyin, həm Bəybala bəyin kifayət qədər seçki təcrübələri var idi və bundan yararlanmaq lazım idi. Hesab edirəm ki, biz səhv etmədik. Mitinq Komitəsinə gəldikdə, MŞ-nin 18 avqust mitinqinin əsas təşkilatçıları Rəsul Quliyev və Eldar Namazov idi. Onlar bu işin öhdəsindən gələ bilmədilər və bütövlükdə tədbir yararsız oldu. Rəsul Quliyevin sonrakı mitinqlərə “istehzalı” münasibəti də məhz bununla bağlı idi.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR