
REAL Hərəkatının icra katibi Natiq Cəfərli Müsavat Partiyasının qurultayı öncəsi partiyada yaşanan prosesləri şərh edib.
Publika.az xəbər verir ki, N. Cəfərli öncəliklə təmsil olunduğu
hərəkatdan danışıb. Onun sözlərinə görə, REAL yarandığı ilk gündən
Azərbaycanın siyası müstəvisinə yeni anlamlar, qavramlar, sözlər,
davranışlar gətirməyə, siyasi dilimizi zənginləşdirməyə başlayıb:
“Siyasətə dəyərlər, qırmızı cizgilər, lider ətrafında birləşmə
deyil də, ictimai fikir liderlərinin ideya və dəyərlər ətrafında
birləşməsi konsepsiyasını, yanaşmasını gətirməyə çalışdıq. Uzun
illər heç bir siyasi partiyanın etmədiyini etdik – yeni proqram
layihəsini ictimaiyyətə təqdim etdik. Çox xoşdur ki, bu gün siyasi
səhnədə olan partiyaların hamısı yeni proqram sənədlərinin
hazırladıqlarının anonsunu verdilər, yəni, açdığımız cığırdan
irəliləmək istəyirlər və bu çox yaxşı haldır. Siyasi mübarizə,
təkamül üçün təşkilatların xalqın qarşısına boş sözlərlə, şüarlarla
deyil, mükəmməl hazırlanmış, detallı proqramlarla çıxması,
siyasətin mitinq havasından, “oturmayan ermənidir” yanaşmasından
uzaqlaşması çox vacibdir.
Bu günlərdə bütün ölkənin ümumi dəyəri olan Müsavat Partiyasının qurultayı olacaq və yeni başqan seçəcəklər. İndidən bu prosesin xeyirli-uğurlu olmasını diləyirəm, qoy güclü olan qazansın. Könül istər ki, bu qurultayda şəxslər deyil, ideyalar, proqramlar, tezislər yarışsın, bunun ümumi siyasi abu-havaya müsbət təsiri olacaq. Amma görünən odur ki, hələlik namizədlər mitinqlərdən fotolarını paylaşmaqla kimin daha çox mübariz olduğunu sübut etmək istəyirlər. Bunu təəssüflə izləyirəm, İnşallah, qurultayda neqativ pozlarla dolu olan fotolar deyil, ideyalar yarışacaq”.
Qeyd edək ki, başqanlığa namizəd Qubad İbadoğluna qarşı əsas irad
mitinqlərdə iştirak etməməsi olub. O isə sosial şəbəkələrdə
mitinqlərdən fiotolarının paylaşaraq bunu sübut etməyə çalışıb.
Bundan başqa digər namizədlər də mitinqlərdə, xüsusilə polislə
əlbəyaxa anında çəkilən fotoları paylaşırlar.
Asif