• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vitse-spiker Suriyada döyüşən azərbaycanlılardan danışdı -FOTOLAR

  • Nida.az
  • 4 Fevral 2014 17:08
  • 1 584 Baxış
Vitse-spiker Suriyada döyüşən azərbaycanlılardan danışdı -FOTOLAR

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın Publika.Az-a müsahibəsi:

-Son vaxtlar təmas xəttində Ermənistan hərbçiləri atəşkəs rejimini mütəmadi olaraq pozur. Hətta atəşkəs pozuntusu zamanı ATƏT nümayəndəsi də erməni gülləsinin şahidi olur. Özü də bu hadisələr prezidentlərin gözlənilən növbəti görüşü ərəfəsində baş verir.

-ATƏT-in şəxsi nümayəndəsinin düşmən ilə təmas xəttində keçirdiyi monitorinqlər zamanı dəfələrlə Ermənistanın atəşkəs rejimini pozması faktlarına rast gəlinib. Təbii ki, bütün bunlar ATƏT nümayəndələri tərəfindən qeydiyyata götürülsə də, ancaq qiymətləndirmə zamanı çox təəssüf ki, konkret cavab göstərilmir. Bu vəziyyət hazırda da eynidir. Yəni, indiki məqamda da onlara sual ünvanlansa, konkret cavab almaq mümkün olmayacaq. Əlbəttə ki, bu cür vəziyyətin, yəni bütün qarşıdurmaların məhz Azərbaycan ərazisində baş verməsi bir faktdır. Bunu heç kəs, Minsk qrupunun həmsədrləri və digərləri inkar edə bilməz. İndi işğalçı qoşun Azərbaycan ərazisindədir, bizim ərazimiz işğal altındadır. Lokal döyüşlər burada baş verir, insanlar snayper gülləsinə bu ərazidə tuş gəlir, atəşkəsin pozulması halları burada baş verir və sairə. İlk növbədə bu faktın özü ATƏT-in Minsk qrupunu ciddi narahat etməlidir ki, işğalçı ölkənin qoşunu işğala məruz qalan dövlətin ərazisində nə vaxtadək qalacaq. Ona görə də biz məsələnin ayrı-ayrı məqamlarına və elementlərinə diqqəti yönəltməkdən daha çox bütövlükdə mahiyyətə və səbəbə diqqəti yönəltməyə daha çox çalışmalıyıq. Çünki ermənilərin istədiyi də məhz odur ki, biz diqqətdə olan əsas məsələdən yayınaq. Bəzən Minsk qrupunun həmsədrləri də xırda elementlərə diqqəti yönəltməklə öz işlərini bitmiş hesab edirlər. Kənardan da belə görünür ki, onlar döyüşlərin bərpa olunmasının və müharibənin yenidən başlamasının əleyhinədirlər. Ancaq məsələnin həll olunması bu insanları o qədər də maraqlandırmır. Yəni, status-kvo və onun getdikcə uzanması Minsk qrupunu narahat etmir. Məsələ belə qoyulmalıdır ki, işğalçı qoşunun Azərbaycan ərazisində nə işi var? İşğalçı qoşun Azərbaycan ərazisini tərk etməlidir. Məhz diqqət də buna yönəlməlidir və Minsk qrupu həmsədrləri də məsələnin mahiyyətinin bundan ibarət olduğunu yaxşı bilir. Bu istiqamətdə hər hansı təsirli tədbir görə bilmədiklərindən və bu kimi digər səbəbdən bunun elementləri haqqında danışmalı olurlar. Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqla və təxribatlar yaratmaqla prezidentlərin və xarici işlər nazirlərinin görüşü ərəfəsində diqqəti əsas mahiyyətdən yayındıraraq elementlər üzərində cəmləşdirməyə yönəlmiş cəhdlər edirlər. Nə qədər ki, dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər əsas diqqəti işğala son verilməsi məsələsinə yönəltməyibsə, o zaman bu cəhdlər gələcəkdə də olacaq.

-Təmas xəttində baş verən insidentlərlə bağlı məsələ ATƏT Parlament Assambleyasının növbəti sessiyasında gündəmə gətirilməsi gözlənilirmi?

-Bu, elə bir məsələdir ki, Azərbaycan tərəfi bütün mümkün imkanlardan bəhrələnməlidir və bəhrələnməyə də çalışır. Biz imkan düşən kimi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini hələ də davam etdirməsi məsələsini qaldırırıq.Fevralın ikinci ongünlüyündə Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Daimi komitənin iclasında ATƏT sədrinin və xüsusi nümayəndələrinin qısa hesabatları dinləniləcək. Bu hesabatlar dinlənilən vaxt mütləq bu məsələyə də toxunulacaq. Sözsüz ki, biz də təmas xəttində baş verən son hadisələrlə bağlı məsələni gündəmə gətirəcəyik, tezliklə işğala son qoyulması üçün təsirli tədbirlər görülməsinə çağıracağıq.

-Son vaxtlar bir qrup Azərbaycan vətəndaşı dini mübarizə adı altında Suriyada döyüşlərə qatılır və həlak olur. Bu məsələnin qarşısını almaq üçün hansı tənzimləyici təklifləriniz var?

-Hər bir Azərbaycan vətəndaşının hüquqları olduğu kimi vəzifələrin də var. Bu vəzifələrdən biri də ərazi bütövlüyü pozulmuş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suveren hüquqlarının ərazilər üzərində bərpası, evindən didərgin düşmüş insanların öz yerlərinə qayıtması istiqamətində yaxından iştirak etmək, bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək vermək, bu torpağın və dövlətin qorunması işini özünə vəzifə hesab etməkdir. Hesab edirəm ki, indi Suriyada və digər iğtişaş baş verən ölkələrdə iştirak etmək niyyətində olan, iştirak etməyə hazırlaşan və həyatında itirən Azərbaycan vətəndaşları ilk növbədə bu vəzifələri barədə düşünməlidir ki, əgər onların nəyinsə müdafiəsi uğrunda mübarizəyə qalxırlarsa, o zaman onların birinci müdafiə etməli olduqları yer Azərbaycan əraziləri, dövləti və vətəndaşlarıdır. Bu vəzifəni yerinə yetirən şəxs öz Vətən borcunu yerinə yetirmiş şəxs sayılır. Ona görə də mən din pərdəsi adı altında bu və ya digər dini təriqətlərin stimullaşdırdığı bu kimi fəaliyyətlərə onların qalxmasını məqbul hesab edirəm. Düşünürəm ki, hər şeydən əvvəl Azərbaycan vətəndaşları öz hüquqlarını dərk etməli, öz vəzifələrini yerinə yetirməli və öz hüquqlarından da dövlətinin rifahı, inkişafı və təhlükəsizliyi məqsədilə istifadə etməlidir.

Bu və ya digər dini pərdə adı altındakı fəaliyyətlərdə iştirak o vəziyyətə gətirib çıxarır ki, bu gün bir neçə ailələr, bütövlükdə Azərbaycan dövləti ciddi narahatlıq keçirir. Hesab edirəm ki, müvafiq dövlət qurumları, din xadimləri və ictimaiyyət bu məsələ ilə bağlı mövcud olan narahatlıqları aradan qaldırmaq üçün koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mətbuat da bu işdə öz yerini düzgün müəyyən etməlidir. Bu kimi məsələlər ətrafında spekulativ müzakirələr etməkdənsə, maarifləndirmə tədbirlərinə insanların vicdan və məsuliyyəti öz xalqı və dövləti qarşısında ayaqda dayanması məsələsini gündəmə gətirməli və ölkədən kənardakı mübarizələrdə öz imkanlarını sınamaqdan çəkindirməlidir.

-Sabiq səhiyyə naziri Əli İnsanov bu yaxınlarda məhkəmə prosesində hakimiyyətə qarşı bir sıra ittihamlar səsləndirir. Onun müdafiəsinə qalxanlar arasında müxalifət də yer alıb. Bu məsələyə sizin münasibətiniz necədir?

-İnsanlarin fikirlərinin və mövqelərinin dəyişməsi üçün müxtəlif səbəblər ola bilər. Yaxud da bu dəyişmə hər hansı ciddi səbəb olmadan da baş verə bilər. Mən sözügedən məhkəmə prosesini dəyərləndirmək fikrində deyiləm. Çünki bu, hüquqi müstəvidə həyata keçirilən araşdırmadır. Bu və ya digər səlahiyyətli şəxslərin məhkəməsi gedən zaman hər hansı fikir söyləməsi diqqəti əsas məsələdən yayındırmağa xidmət etdiyi üçün mə adətən belə məsələlər haqqında açıqlamalar vermirəm.

O ki qaldı müxalifətin belə məsələlərdən istifadə etməsinə, bu həmin müxalifətdir ki, vaxtilə Əli İnsanovu və digərlərini korrupsiya və rüşvətxorluqda ittiham edirdilər. Hətta onları Vətən xaini və xalq düşməni kimi qələmə verirdilər. Həmin kontekstdə də Azərbaycan hökumətinə və hakimiyyətinə münasibətlərini ortaya qoyurdular. İndi müxalifətin də 180 dərəcə dəyişməsi çox qəribə görünür. Bunun özü də mövqesizlikdir. Mən kimlərinsə bu və ya digər səbəbdən söylədiklərini onların mənafeyi və maraqlarına uyğun gəldiyi təqdirdə bundan dərhal yapışaraq arqument kimi istifadə etməyimin özü də bu düşərgədə olan insanların nə qədər mövqesiz olduğunun göstəricisidir. Yəni bu ifadə daha çox bu cür hallardan istifadə etmək istəyənlərə yaraşır. Əlbəttə ki, əli hər yerdən üzülən insan hər şey söyləyə bilər. Ancaq bundan siyasi məqsədlər üçün istifadənin özü düzgün deyil. Bu, həmin düşərgəyə də heç bir uğur gətirməyəcək.

Vasif Həsənli

Fotolar da müəllifə məxsusdur

Xəbər lenti

DAHA ÇOX XƏBƏR