• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Vilfrid Furman: “Dağlıq Qarabağın açarı Rusiyanın əlində deyil”

  • Nida.az
  • 11 Sentyabr 2014 17:37
  • 814 Baxış
Vilfrid Furman: “Dağlıq Qarabağın açarı Rusiyanın əlində deyil”

“ABŞ Uelsdə prezidentlərin görüşünü təşkil etməklə Putinin Soçi görüşünə cavab verdi. Yəni bir növ onlar Rusiyadan geri qalmaq istəmədilər. Burada Avropa İttifaqının “qonşuluq siyasəti” çərçivəsində Azərbaycan və Ermənistana 170 milyon avronun ayrılması da bu görüşlər fonunda diqqət çəkir. Bütün bu görüşlər və müəyyən məbləğlərin ayrılması onu göstərir ki, bu üç əsas oyunçu münaqişəni həll etmək yox, dondurulmuş vəziyyətdə saxlamağa çalışırlar”.


Publika.az xəbər verir ki, Potsdam Universitetinin professoru Vilfrid Furman belə deyib.


Onun sözlərinə görə, Dağlıq Qarabağ faktiki olaraq iki güc blokunun arasında qalan zonaya çevrilib: “Mən o fikirlə razı deyiləm ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Lakin bu açar ABŞ və Avropa Birliyində də deyil. Problemin həll açarı Azərbaycan və Ermənistanın əlindədir. Ermənistanı müzakirə etsək, deyə bilərik ki, bu ölkə Qarabağda soyqırımı törətdiyini və bu əraziləri zəbt etdiyini unutdurmaq üçün hər şeyi edir. Mənim üçün bu, regionda soyqırımın klassik formasıdır. Regionda etnosun tamamilə sürgün edilməsi və qətlə yetirilməsi, etnik təmizləmə, mədəni landşaftın məhv edilməsi, azərbaycanlıların regionda yaşamaq hüququnun tamamilə tapdalanması – bunlar hamısı soyqırımı əlamətləridir. Lakin onlar Azərbaycanı ittiham edir, buna paralel olaraq qovulmuş azərbaycanlıları öz ərazilərinə buraxmırlar. Başqa sözlə, erməni tərəfi hər hansı güzəştlərə qətiyyən hazır deyil”.


V. Furman qeyd edir ki, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü pozulub.

“Bütün Qərb Şərqi Ukrayna və Krım məsələsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Lakin söhbət Azərbaycandan düşəndə ağızlarına su alıb otururlar. Halbuki, ermənilərin tutduğu torpaqlar BMT tərəfindən Azərbaycanın tanınmış sərhədləridir. BMT-nin bununla bağlı qətnamələri də var və onlar bu günə qədər də yerinə yetirilmir. Əslində, Krımla Qarabağ məsələsi oxşardır. Krım ilhaq edildi və əhalinin iradəsinin əksinə olaraq orada referendum keçirildi. Qarabağda vaxtilə belə “referendum” əhalinin qətli və qovulması ilə həyata keçirilib. Onlar azərbaycanlıları qovdu və özləri “referendum” keçirərək müstəqil olduqlarını elan etdilər. Bu gün beynəlxalq hüquqa söykənən və öz ərazi bütövlüyünün bərpasında təkid edən Azərbaycan Qərbdə səmimi dəstək tapmır. Beləliklə, o, Qarabağı azad edib ərazi bütövlüyünü bərpa etmək məsələsində tamamilə tək qaldı”, - deyə alman şərhçi bildirib.


V. Furman Qərbin Azərbaycanı dəstəkləməməsini xristianlıq amili ilə bağlayır. Onun sözlərinə görə, bütün Qərb hökumətlərində bu amil üstünlük təşkil edir: “Qərb Azərbaycan və Ermənistan arasında ədaləti bərabər bölüşdürmür. Digər tərəfdən, Suriya və İraqda dini fundamentalistlər “cihada” qalxıb, onların Qərbdə çox mənfi imici var. Qərb ictimaiyyəti də haradansa eşidib ki, Azərbaycan əhalisi də müsəlmandır və beləliklə, müsəlman dünyasına olan mənfi rəy Azərbaycana da tətbiq edilib. Lakin Azərbaycanın dünyəvi dövlət olması ikinci plana çəkilir”.


Alman politoloq hesab edir ki, Qarabağ münaqişəsinin bundan sonrakı gedişi Ukrayna hadisələrinin inkişafından, xüsusilə Krımın və Şərqi Ukraynanın uzunmüddətli statusunun necə olacağından asılı olacaq.


“Hesab edirəm ki, yaxın gələcəkdə bu problem Cənubi Qafqaza sıçrayacaq. Gürcüstanın NATO-nin tərkibinə qatılmasında təkid edən amerikalıların təzyiqi artacaq. Abxaziya və Cənubi Osetiya yenidən gündəmdə olacaq və Gürcüstana təzyiqlər davamlı olaraq artacaq.

Eyni zamanda, Putin Qazaxıstan və Ermənistana da təzyiq göstərəcək. Çünki Yerevanı Gömrük və Avrasiya ittifaqlarına daxil etməyə çalışır. Burada Ermənistan üçün əsas məsələ ittifaqa Dağlıq Qarabağla birlikdə getməkdir. Amma buna da Qazaxıstan qarşı çıxır.

Nəhayət, Azərbaycan “tək ada”da qalır. Azərbaycanın faktiki olaraq iki imkanı var. Ya Gürcüstan nümunəsi ilə Qərbə inteqrasiyanı gücləndirəcək, ya da Qərbdən imtina edib Moskvaya yönələcək. Yerdə qalan versiyaları isə zaman göstərəcək”, - deyə V. Fuman vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR