• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dövlət xidmətlərinin Elektron Reyestri yaradıldı

  • Nida.az
  • 11 Sentyabr 2014 21:40
  • 491 Baxış
Dövlət xidmətlərinin Elektron Reyestri yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri (bundan sonra – Elektron Reyestr) yaradılsın.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Elektron Reyestrin təşkilini və fəaliyyətini təmin etməli; Elektron Reyestrin aparılması ilə əlaqədar görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri xidmətlərin adı, hüquqi əsası, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin qanunvericiliklə müəyyən edilmiş siyahısı və ödənişlər, xidmət istifadəçiləri, xidmətin göstərilmə müddəti, forması və xidmətin göstərilməsində istifadə edilən mövcud elektron informasiya ehtiyatları barədə məlumatları Elektron Reyestrə daxil edilməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə elektron formada təqdim etməli və mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin etməlidirlər.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında, Elektron Reyestrinin aparılma qaydalarını üç ay müddətində müəyyən etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi notariat fəaliyyəti ilə bağlı bu fərmanda nəzərdə tutulmuş məlumatları Elektron Reyestrə daxil edilməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edəcək və mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin edəcək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR