İŞİD-ə hücum azərbaycanlıları geri qaytaracaq: “Cihad savaşı” qapımızda - Təhlil
Bizi izləyin

Nida.az

İŞİD-ə hücum azərbaycanlıları geri qaytaracaq: “Cihad savaşı” qapımızda - Təhlil

Sentyabrın 11-də ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı hücum planlarını açıqladı. 2001-ci il 11 sentyabrda “Əkiz qüllə”yə hücumdan sonra “Əl-Qaidə”yə qarşı başlanan hücumla İŞİD-ə qarşı hücum planının 11 sentyabrda açıqlanması təsadüfi deyildi. Lakin Obamanın hücum planından sonra Azərbaycan üçün əsas məsələ İŞİD tərkibində döyüşən azərbaycanlıların geri qayıtmasıdır. Hansı ki bu, kifayət qədər ciddi təhlükədir və bununla bağlı dəfələrlə həyəcan təbili çalınıb.


Eyni təhlükə bu dəfə daha real görünür. Belə ki, Obamanın planına görə, İŞİD-ə qarşı iki cəbhədə döyüş aparılacaq - İraq və Suriyada.

Təsadüfi deyil ki, 20 gün öncə, avqustun 23-də ABŞ müdafiə naziri Çak Heqel mətbuat qarşısında çıxışı zamanı bildirmişdi ki, İŞİD-i Suriya qolunu məhv etmədən aradan qaldırmaq çətin olacaq.

20 gün sonra Obamanın planında da eyni məqamlara toxunulur. Bu da faktdır ki, Vaşinqton yüksək səviyyədə hücuma hazırlaşırsa, nəticələr 90 faiz İŞİD-in xeyrinə olmayacaq və təşkilatın məhv edilməsi yaxındadır.

Məlum olduğu kimi, Azərbaycandan da İŞİD-in tərkibində döyüşən xeyli sayda “cihadçı” var. Publika.az-ın bu günlərdə apardığı araşdırmada (http://www.publika.az/p/40525) məlum olub ki, İŞİD tərkibində olan azərbaycanlılar Suriya və İraq olmaqla iki müstəvidə döyüşür.

İraqda döyüşən İŞİD-in Qafqaz əmirliyi bu bölgədən olan bütün döyüşçüləri, çeçenləri, azərbaycanlıları özündə birləşdirir. Həmçinin, sayları az olsa da, müsəlmanlığı qəbul etmiş rusları, eləcə də Rusiya daxilində yaşayan digər xalqların nümayəndələrinin əksəriyyəti bu əmirliyə daxildir. Qafqaz əmirliyində say baxımından iki böyük camaat var. Azəri və Çeçen camaatı. Çeçenlərin sayı yüzlərlədir. Azəri camaatında birləşən azərbaycanlılar çeçenlərdən olduqca azdır. Rusiyadan olan digər döyüşçülər əsasən çeçen camaatında birləşirlər.

İŞİD-in Suriya qolu da hazırda fəaliyyət göstərir. Məlumatlara görə, İŞİD-in tərkibində döyüşən azərbaycanlıların böyük əksəriyyəti məhz Suriya qolunda təmsil olunurlar. İraqdan fərqli olaraq Suriyada döyüşən azərbaycanlı İŞİD-çilər heç bir əmirliyin tərkibinə daxil deyil. Ayrıca “Azəri camaatı” qruplaşması adı altında fəaliyyət göstərirlər.

ABŞ-ın hücumundan sağ çıxacaq İŞİD üzvlərinin hansısa məkanlara üz tutacağı qaçılmazdır. Əgər paralel olaraq Suriyaya hücum olmasaydı, onlar gəldikləri yerə, Suriyaya qayıdardı. Lakin ABŞ İŞİD-i əfv etmək niyyətində deyil və hər iki cəbhədən zərbələrin endiriləcəyi artıq dəqiqləşib.

Bu baxımdan, onların üz tutacağı məkanlar sırasında Rusiya və Qafqaz var.

Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Vyaçeslav Matuzovun fikrincə, ABŞ İŞİD-i şimal istiqamətində, Qafqaza yönəltməyə çalışır.

“Onlar “İslam Dövləti”ni yaradaraq silahlandırdılar və bütün müharibə dövründə Suriya rejiminə qarşı maliyyələşdirdilər. Bu gün isə onları Qafqaza, Rusiyaya və Qara dəniz hövzəsinə itələmək istəyirlər”, - deyə rusiyalı şərqşünas bildirir.

Söhbət Qafqazdan gedirsə, burda iki məkan var. Birincisi, Şimali Qafqaz, yəni Çeçenistan və Dağıstan, hansı ki, Rusiya Federasiyasının tərkibindədirlər. İkincisi isə Azərbaycandır. Çünki Cənubi Qafaqazın yeganə müsəlman ölkəsi buradır və məhz burda “cihada” qoşulanlar var. Güman edilir ki, “cihaddan” dönənlər Gürcüstan və Ermənistana da təsir edə bilər, lakin bu hələ ki uzaq perspektiv olaraq görünür. Hazırda ən böyük təhlükə Azərbaycan üçündür.

Bu günlərdə Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson da Azərbaycanla bağlı həyəcanlı açıqlamalar verdi. Avropalı analitikin fikrincə, İraqdan Azərbaycana “İslam dövləti” təhlükəsi var.

Bir müddət öncə Bakıda keçirilən “hicab aksiyasına” diqqət çəkən analitik bildirir ki, Azərbaycanda “müsəlman müxalifət” formalaşmaqdadır.

“Müsəlman gücünün əsasını Suriya çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı” azərbaycanlılar ola bilər. Bu baxımdan, partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək mümkündür. Həmçinin, Cənubi Azərbaycan da bu təhlükədən uzaq deyil”, - deyə analitik vurğulayır.

Hələ ötən il, o zaman İŞİD İraqa müdaxilə etməmişdi, “Vaşinqton Tayms” qəzetində Suriyada məzhəb davası ilə bağlı yayımlanan məqalədə də bildirilirdi ki, Suriyada məzhəb müharibəsinin davam etməsi bu regionda dünyəviliyin azsaylı istehkamlarından biri olan kiçik Azərbaycan üçün təhlükə yaradır.

Amerika nəşrinin xəbərdarlığından bir il ötür və proseslər təhlükənin yaxında olduğunu göstərir. Təbii ki, İŞİD-çi azərbaycanlıların geri qayıtması məsələsi dövlətin yüksək təpəsində diqqətlə izlənilir və müəyyən önləyici tədbirlər görülür. Amma faktiki olaraq, Suriyaya Türkiyə yolu ilə gizli gedən azərbaycanlılar gizli yolla ölkəyə qayıtmaq imkanına malikdir. Onların geri qayıtması isə Azərbaycanda da potensial “cihad savaşı”nı deməkdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm