İsrailli ekspert: “Bakı mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq”
Bizi izləyin

Nida.az

İsrailli ekspert: “Bakı mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq”

Bu gün, demək olar ki, İsrailin bütün KİV-ləri Azərbaycan-İsrail diplomatik və dövlətlərarası münasibətləri tarixində İsrailin müdafiə naziri Moşe Yaalonun Azərbaycan Respublikasına səfəri ilə bağlı reportajlar dərc edib.

Publika.az-a açıqlamasında bu sözləri beynəlxalq münasibətlər sahəsində ekspert, İsrail radiosu və televiziyasının daimi şərhçisi Arye Qut ölkənin İsrailin ən populyar "Reşet Bet" radiosunda "Beynəlxalq xəbərlər" verilişinin efirində çıxış edərkən deyib.

O qeyd edib ki, İsrail müdafiə nazirinin Azərbaycan Respublikasına ilk tarixi səfəri iki ölkə arasında olan strateji münasibətlərin inkişafı və möhkəmlənməsi faktını sübut edir. "Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və xalq üçün çox önəmli strateji xarakter daşıyır. İsrail müdafiə nazirinin səfəri İsrail-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və inkişaf mərhələsinin yeni səhifəsini ehtiva edir. Bu gün bu sirr deyil ki, İsrail şirkətləri Azərbaycan hərbi sənayesinin yaranmasında və qurulmasında fəal və səmərəli iştirak edirlər. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın mühüm strateji tərəfdaşıdır, eləcə də bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür", - Arye Qut qeyd etdi.

Qutun fikrincə, müstəqil və dünyəvi Azərbaycan çox mürəkkəb və çox incə geosiyasi mühitdə Cənubi Qafqazda mühüm və önəmli geosiyasi rol oynayır: "Azərbaycan Cənubi Qafqaz regionun geosiyasi və geoiqtisadi lider ölkəsidir. Regionda öz qonşuları ilə konstruktiv münasibətlərin qurulması və inkişaf etdirilməsi, dini dözümlülük, Azərbaycanın praqmatik yanaşması - bütün bu faktorların uğurlu və güclü Azərbaycanın təşəkkülündə rolu danılmazdır. Hər il bir neçə dəfə İsrail Dövlətinin rəhbərliyi ilə görüşən Prezident İlham Əliyevin cəsarətli geosiyasi və uzaqgörən xarici siyasət qərarlarını vurğulamaq lazımdır. İsrailin müdafiə nazirinin Azərbaycana ilk tarixi səfəri tamamilə təsadüfi deyil, daha doğrusu, ölkələr arasında olan etimad və tərəfdaşlıq səviyyəsini nəzərə alsaq, bu səfər təbiidir".

Azərbaycan-Ermənistan münaqişəsinin həlli perspektivləri haqqında suala cavab verən Arye Qut artıq 22 ildir ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxladığını bildirib. “Ermənistanın təcavüzü nəticəsində, Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdu və ölkənin hər 7-ci sakini qaçqın vəziyyətindədir. Azərbaycanın hərbi məqsədli xərcləri barədə hamımızın məlumatı var, bu gün Azərbaycanda hərbi xərclər üçün ayrılan vəsait Ermənistanın ümumi büdcəsinin 50 faizindən artıqdır. Məhz buna görə, tamamilə aydındır ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistan da dərk etməlidir ki, Azərbaycanın səbri tükənmək üzrədir. Münaqişənin həllində Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi Azərbaycanı təzyiq və digər sərt vasitələrə əl atmağa vadar edir. Ermənistan isə başa düşməlidir ki, Azərbaycanın səbri tükənib, beynəlxalq hüquq normalarına görə Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir. Azərbaycan Ermənistanla dinc yanaşı yaşamağa hazırdır, lakin bunun müqabilində Azərbaycan ilk növbədə ölkənin işğal edilmiş rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, habelə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qaytarılmasını tələb edir. Bunun əvəzində rəsmi Bakı Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verməyə hazırdır"- Arye Qut qeyd edib.

Azərbaycanda yəhudi icması haqqında danışan Arye Qut bildirib ki, bu gün Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən biridir: "Belə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 4 nazir - yəhudi xalqının nümayəndələri olub. Bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh, dostluq və qardaşlıq şəraitində yaşayıb. Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkan, həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu qardaş kimi səmimi yaşayırlar. Burada onları ortaq tale və ortaq tarix bağlayır.

Azərbaycan əsl sivilizasiyalar arası dialoq nümunəsidir. Siz mənə ikinci bir istər müsəlman, yaxud xristian ölkəsi göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Mənim fikrimcə, siz sadəcə olaraq, ikinci belə bir ölkə tapa bilməzsiniz. Radikal və dini radikalizmin güclənməsi fonunda, biz İsraildə, əslində müşahidə edirik ki, müasir dünyəvi, tolerant və güclü Azərbaycan islam dünyasının tərəqqi və inkişaf modelini ehtiva edir və İslam dünyası üçün Azərbaycan modeli həqiqi və real nümunədir. Qonşu Ermənistanda etnik millətçilik və şovinizm fonunda , Azərbaycanda 20 minlik yəhudi icmasının, onun mədəni və dini həyatın dirçəlişi və inkişafı prosesi müşahidə olunur. Yəhudi icması Azərbaycanın ən fəal və nüfuzlu dini icmalarından biri sayılır. İsrail Dövlətinin vətəndaşı kimi, fəxr və iftixarla deyə bilərəm ki, Azərbaycan rəhbərliyi 2500 il tarixi olan ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və mehriban münasibət bəsləyir. İsrail Dövləti Azərbaycanda olan və heç bir xalqla və heç bir ölkə ilə müqayisə olunmayan yəhudi icmasına səmimi və sevgi münasibət yüksək qiymətləndirir",- İsrailin "Reşet Bet" radiosunun efirində çıxış edən Arye Qut qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm