Avropa Parlamenti Azərbaycanla bağlı nəyi müzakirə edəcək? - Müəmma
Bizi izləyin

Nida.az

Avropa Parlamenti Azərbaycanla bağlı nəyi müzakirə edəcək? - Müəmma

Sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilə bilər.

BBC-nin Avropa ittifaqına istinadən yaydığı xəbərə görə, Aİ-nin illik hesabatının dinləniləcəyi gün Burundi, Banqladeş və Azərbaycandakı vəziyyət də müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla bağlı AŞPA və digər avrostrukturlarda müzakirələr qalmaqallarla yadda qalıb. Belə ki, Azərbaycan hökuməti Ştrasserin timsalında Azərbaycanla bağlı hansısa məruzələrin, hesabatların dinlənilməsinə qarşı çıxıb. Buna səbəbsə, belə məruzələrdə qeyri-obyektivlik və məsələlərə birtərəfli baxışdır.


İzvestiya.az sentyabrın 18-də baş tutacaq müzakirələrlə bağlı araşdırma aparıb.

Aİ-nin rəsmi saytında belə bir müzakirənin olacağı haqda qısa infrormasiya yerləşdirilib. Lakin müzakirələrin nədən ibarət olacağı, kim tərəfindən aparılacağına dair məlumatlar yoxdur.


Milli Məclisdə Avropa Parlamenti ilə İşçi Qrupunun üzvü Asim Mollazadə bu haqda məlumatsız olduqlarını deyib.


“Sentyabr aydına Avropa Parlamentində Azərbaycanda qadınların vəziyyəti ilə bağlı tədbir keçirildi. Orda hesabat dinlənildi. Bu tədbirdə Azərbaycan ailə, qadın və uşaq komitəsinin sədri də iştirak edirdi. Ola bilsin yenə də hansısa məsələ müzakirə olunacaq, amma bizdə bu barədə dəqiq informasiya yoxdur”, -deyə millət vəkili qeyd edib.


A. Mollazadə bildirib ki, Avropa İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdir: “Ola bilsin ki, keçiriləcək müzakirələrə hökumət səviyyəsində dəvət göndərilib. Amma belə olsaydı, ümumi məlumat yayılardı. Gözləyək, görək hansı məsələlər müzakirə olunacaq”.

Məsələ ilə bağlı XİN-nin mövqeyini öyrənməyə çalışdıq. XİN Aİ-dən hansısa müzakirələrlə bağlı dəvət gəlmədiyini bildirildi.

Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin üzvü Fuad Muradov isə keçiriləcək müzakirənin hansısa siyasi qrup tərəfindən irəli sürüldüyünü düşünür. Onun sözlərinə görə, AP-nin hansısa ölkə ilə bağlı adətən hesabatı olmur: “Hesabat olaraq orda təmsil olunan hansısa siyasi qrup yaya bilər. Bu da həmin siyasi qrupun mövqeyidir. Bizə sentyabrın 18-də keçiriləcək müzakirələrlə bağlı hər-hansı dəvət gəlməyib. Bilirik ki, oktyabrda “Avronest”in büro iclası olacaq. Amma belə bir tədbir haqda məlumatımız yoxdur”.


F. Muradov əlavə edib ki, hansısa siyasi qrupun ağlına nəsə gəlib və güman ki, bu müzakirələr də belə olacaq.


“Bundan əvvəl də belə şeylər olub. Hansı ki, Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirilib. Lakin burda nəyin müzakirə olunacağını indidən demək çətindir”, - deyə deputat vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm